SON DƏQİQƏ

naxcivanxeberleri.com

Trampın sürpriz olmayan Suriya qərarı - ŞƏRH

Trampın sürpriz olmayan Suriya qərarı - ŞƏRH
25-12-2018, 09:18

İki qütblü sistemin ortadan qalxmasından sonra Yaxın Şərqdə yaranan güc boşluğu yeni aktorlar tərəfindən doldurulmağa çalışılmışdır. Regiona miras qalan problemlər dərinləşdikcə yeni problemlər ortaya çıxmış və təəssüf ki, qurtarıcı olaraq görülən ABŞ-ın 2001-ci ildən etibarən ortaya qoyduğu siyasət regional güclərin və ünsürlərin diqqətə alınmaması prinsipi üzərinə qurulmuşdur. ABŞ-a ithafən meydana gələn "super güc" ləqəbini "doğrultmağa" çalışan və beynəlxalq siyasi arenanı tək başına formalaşdıracağına inanan Buş hökuməti sadəcə öz ölkəsini deyil, bütün dünyanı Yaxın Şərqdə böyük bir girdaba sürükləmişdir. Buşdan sonra qəbul edilən stratejik konsepsiyalar ilə Buş doktrinasından uzaqlaşıldığı ifadə edilməyə çalışılsa da, atılan addımlar bu strategiyanın davamı xarakterini daşımışdır.

Bu cəhətdən Tramp hökumətinin Suriyadan çəkilmə və Əfqanıstandakı 14 minə yaxın hərbçisini yarıya endirmə qərarları istər regionda, istərsə də beynəlxalq platformda birmənalı şəkildə qarşılanmamışdır. Xüsusilə Cenevrədə Rusiya, İran və Türkiyə tərəfindən alınan Suriya Konstitusiya Komissiyasının 2019-un yanvarında fəaliyyətə başlaması qərarı ilə üst-üstə düşməsi maraqları daha da artırmışdır. Hazırda ABŞ hökumətinin Suriya ilə əlaqəli qərarının təsir ediyi əsas məsələləri bir neçə başlıq altında toplaya bilərik:

İlk məsələ Türkiyənin Fəratın şərqinə doğru planladığı hərbi əməliyyat olmuşdur ki, qərar sonrası Ankaranın ilk reaksiyası əməliyyatın başlama tarixini daha sonraya almasıdır. Rəsmi Ankaranın açıqlamalarına görə bu gecikmə keçici bir xarakter daşıyır və regionda maraqları təmin edilmədiyi təqdirdə YPG/PKK qüvvələrinə və İŞID-a qarşı əməliyyatlar mütləq şəkildə həyata keçiriləcəkdir.

İkinci olaraq, qərarı tənqid edən və ABŞ-dan sonra YPG/PKK hamiliyini üzərinə götürmə bəyanatları verən Fransanın bu rolu hansı səviyyəyə qədər daşıyacağıdır. Soyuq Müharibə sonrası regionla bağlı fərqli məcralarda aktiv siyasət yürümə imkanı olsa da, Yaxın Şərq kimi bir bölgədə ABŞ-sız vəya NATO köməyi olmadan "hərbi yük"ün altına girilməsi Fransa üçün böyük bir risk deməkdir.

Üçüncü olaraq ABŞ-ın YPG-yə veridyi ağır silahların taleyinin nə olacağı mövzusudur. İŞID-la mübarizə adı altında YPG-yə verilmiş olan ağır silahların terror qruplaşmasının əlində qalacaq olması region üçün böyük təhdit faktıdır.

Dördüncüsü Rusiya, İran, Türkiyə əməkdaşlığının hansı formada davam edəcəyi məsələsidir. Suriyadakı maraqları çərçivəsində Əsəd hökumətini süqutdan qurtaran İran və Rusiya, ABŞ tərəfindən gözardı edilən Türkiyə ilə ittifaqı rahat bir şəkildə həyata keçirmişdir. Vəziyyətin Türkiyə lehinə çevriləcəyi, eyni zamanda YPG-nin yeni hamilər axtardığı bir şəraitdə mövqelərin dəyişəbilmə ehtimalı da gözardı edilmir.

Beşincisi, İsrailin regionda izləyəcəyi siyasətin seyridir. Həm Əsədə, həm də İrana qarşı ABŞ ilə ortaq siyasət aparan İsrail, Trampın qərarından təsirlənəcək aktorların başında gəlir. ABŞ-ın hərbi sahədən çəkilməsi Hizbullaha və İrana qarşı İsrailin əlini zəiflətməsi deməkdir. Lakin daha əvvəl Trampın ABŞ səfirliyini Qüdsə daşıması, Nüvə sazişindən çəkilməsi kimi addımları İsrailin Suriya ilə bağlı qərara yüksək səviyyədən narazılıqlarının qarşısını almışdır. Netanyahunun qərarın alınacağından xəbərdar olduqları açıqlaması isə müəyyən mənada doğrunu yansıtmaqdadır. Çünki beynəlxalq ictimaiyyətə açıqlanmadan əvvəl bu cür stratejik bir qərardan İsrailin xəbərdar olmaması ehtimalı çox zəifdir. Əgər ABŞ-İsrail arasında bu qərar əvvəldən müzakirə edilmişsə, təbii ki sonrasında izlənəcək yol da müəyyənləşdirilmişdir.

Son olaraq Trumpın qərarının ABŞ içərisində doğurduğu müzakirələr ön plana çıxır. Pentagon ilə Trumpın Yaxın Şərq mövzusunda strategiyalarının üst üstə düşmədiyi bilinən bir cəhət idi. Lakin ümumi ABŞ ictimaiyyətini dəyərləndirdiyimizdə həm mənfi, həm də müsbət reaksiyalarla qarşılaşırıq.

Məsələni ümumiləşdirəcək olsaq deyə bilərik ki, Suriyadan ABŞ hərbçilərinin çəkiləcək olması fərqli nəticələr doğursa da, bu qərar ABŞ-ın regiondan tamamilə uzaqlaşması mənasına gəlmir. ABŞ-ın Monroe doktrinasını tərk etdikdən sonrakı təxminən 80 illik xarici siyasətinin fonunda bunu deyə bilərik ki, sadəcə Suriya ilə bağlı deyil, ümumilikdə ABŞ imzalı atılan addımların heç biri təsadüfi və keçici xarakter daşımır. Hökümətlərə bağlı olaraq dəyişən sadəcə strategiyalardır. Hədəf isə eynidir - beynəlxalq sistemdə ABŞ hegemoniyasının davamı.

Elnur Eyvazov, politoloq-Sia.az

Seyfur Hacımuradov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 441
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031