SON DƏQİQƏ

naxcivanxeberleri.com

Babək Rayon Mədəniyyət Sarayında “Ritmik muğam kompozisiyası” olub

Babək Rayon Mədəniyyət Sarayında “Ritmik muğam kompozisiyası” olub
27-04-2019, 09:30

Aprelin 26-da Babək Rayon Cəhri Kənd Uşaq Musiqi Məktəbinin xanəndəlik ixtisası üzrə müəllim və şagirdlərinin Babək Rayon Mədəniyyət Sarayında “Ritmik muğam kompozisiyası” adlı konsert proqramı olub.

Muğam sənəti Azərbaycan xalqının bədii yaradıcılığının və musiqi mədəniyyətinin zəngin sərvəti olmaqla nadir sənət nümunəsidir. Muğam xalqımızın dünya mədəni irsinə bəxş etdiyi ən böyük xəzinədir. Muğam sənətimizdə xalqımızın təfəkkürü və düşüncə tərzi öz əksini tapır. 2002-ci ildə UNESKO tərəfindən muğam sənəti “Bəşəriyyətin qeyri-maddi mədəni irsi reprezentativ siyahısı”na daxil edilmişdir.

“Ritmik muğam kompozisiyası”nda Cəhri Kənd Uşaq Musiqi Məktəbinin müəllimi Hünər Əliyev, şagirdləri Əli Mehralıyev, Həsən Babazadə, Ələkbər Sadiqovun ifasında muğamlarımız maraqla qarşılandı.

Qeyd edək ki, şifahi-professional Azərbaycan musiqisinin geniş yayılmış janrlarından olan ritmik muğamlar da başqa muğam dəsgahları kimi vokal instrumental hissələrinin müstəqilliyinə əsaslanan muğamlardır. Lakin ritmik muğamlar özünəməxsus səciyyəvi cəhətləri ilə seçilir. Ritmik muğamların da öz müstəqil adları vardır. Bu muğamlar fəal-emosional müqəddimə ilə başlayır və bütün bunlar sanki əsas melodiyada şərh edilir. Muğam dəsgahında olduğu kimi ritmik muğamlarda da sözün, qəzəlin seçiminə xüsusi diqqət yetirilir.



Muxtar respublikanın Əməkdar artisti Hünər Əliyev və onun şagirdlərinin ifasında “Ritmik muğam kompozisiyası” uğurlu alındı. Bir-birini əvəz edən “Heyratı”, “Arazbarı”, “Səmayi-şəms”, “Ovşarı”, “Qarabağ şikəstəsi” kimi ritmik muğamlar tamaşaçıda xoş ovqat yaratdı. “Heyratı”, “Qarabağ şikəstəsi” və başqa mərdlik, qəhrəmanlıq əhval-ruhiyyəsi aşılayan muğamlar alqışlarla qarşılandı.

Hünər Əliyev və onun istedadlı şagirdlərini musiqi məktəbinin Xalq Çalğı Alətləri Ansamblı müşayiət edirdi. Bədii rəhbəri Hünər Əliyev və konsertmeysteri Taleh Əliyev olan ansamblın üzvləri Taleh Əliyev (tar), Günel Babayeva (kamança), Nurlan Nuriyev (kamança), Cabir Vəliyev (ud), Sahil Qasımov (qarmon), Mahir Rüstəmov və Ramal Cəfərov (zərb alətləri) və başqalarının əməyi ilə hazırlanan “Ritmik muğam kompozisiyası” xoş təsir yaratdı. Uşaq musiqi məktəblərində muğamla bağlı bu qəbildən olan konsertlərin hazırlanması şagirdlərdə qədim və zəngin milli dəyərlərimizə sevgi və marağın artmasında da mühüm rol oynayır. Son illərdə uşaq və gənclərdə muğam sənətinə marağın artması da bunun göstəricisidir.

Babək rayon Cəhri kənd Uşaq Musiqi Məktəbinin konserti tamaşaçılarda xoş ovqat yaradıb.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930