Ev Siyasət “Yolu ağıl seçir, iradə hərəkətə gətirir, inam isə yola işıq salır”- Müasir...

“Yolu ağıl seçir, iradə hərəkətə gətirir, inam isə yola işıq salır”- Müasir Naxçıvanın uğurlarının səbəbi budur

424
0
PAYLAŞ

“Haqqı hər zaman müdafiə et, anlayan olmasa belə, vicdanına hesab verməkdən xilas olarsan”.                                                                                                                                  Herbert Uels

Görkəmli Şərq mütəfəkkiri Əbu Turxan yazırdı: “Yolu ağıl seçir, iradə hərəkətə gətirir, inam isə yola işıq salır”.

Beş minillik şəhər mədəniyyətinə malik ulu Naxçıvan bütün tarixi boyu yetirdiyi ağıllı insanların açdığı yolla gedərək sakinlərinin möhkəm iradəsi, inamı sayəsində böyük uğurlara nail olub. Beləliklə, bu ulu diyar Azərbaycanın, bütövlükdə, Qafqazın və dünyanın sivilizasiya marafonuna bu bölgədə başqa heç bir şəhərə qismət olmayan zəngin tarixi töhfələr verib. Tarixi boyu Naxçıvan bir neçə dəfə inkişafın ən yüksək zirvəsinə çatıb.

“Əcaib əd-dünya” əsəri soraq verir ki, XII əsrdə – Eldənizlərin hakimiyyəti dövründə Naxçıvan yüksək tərəqqiyə nail olub. Bu qədim əsərdən sonra müasir mənbədən – “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 6 dekabr tarixli Sərəncamından oxuyuruq: “XII əsrdə qüdrətli Azərbaycan Atabəylər dövlətinin paytaxtı olan Naxçıvan əzəmətli bir şəhər, ölkəmizin siyasi, iqtisadi, mədəniyyət və sənətkarlıq mərkəzlərindən idi”.

Naxçıvan Azərbaycan Atabəylər dövlətinin paytaxtı olarkən tarixinin qızıl dövrünü yaşayıb.

Ulu Naxçıvan diyarı öz tarixinin ikinci qızıl dövrünə ötən əsrin 70-80-ci illərində qovuşub. Ümummilli liderimiz Heydər Əliyevin 1969-cu ildə ölkəmizə rəhbər seçilməsindən sonra Azərbaycan, eləcə də Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub.

Ötən əsrin 70-ci illərində bütöv inkişaf yoluna çıxan, 1990-cı ilin 22 iyulunda ulu öndər Heydər Əliyevin doğma yurduna qayıdışı ilə işğaldan xilas olunan, 1990-1993-cü illərdə Azərbaycanın dövlətçilik laboratoriyası funksiyasını yerinə yetirən, müstəqil dövlət quruculuğunun ilk addımları atılan, 1995-ci ildən sonra böyük tərəqqi, tikinti-quruculuq meydanına çevrilən Naxçıvan son illər tarixdə analoqu olmayan misilsiz uğurlar qazanıb. Bu illər Naxçıvanın tarixinin üçüncü qızıl dövrüdür.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji hədəflər, inkişaf və tərəqqi pro­qramı uğurla həyata keçirilib, muxtar respublika Onun arzuladığı, görmək istədiyi kimi qurulub. Azərbaycan Prezidenti cənab İlham Əliyevin ardıcıl diqqət və qayğısı ilə Naxçıvan Muxtar Respublikası yeni hədəflərə doğru irəliləməkdə, Naxçıvanın daha parlaq gələcəyi üçün mühüm layihələr həyata keçirilməkdədir.

Hələ 1995-ci ildə qarşıya qoyulmuş məqsəd, müəyyənləşdirilmiş strateji hədəflər blokada şəraitində belə, intibaha nail olmağın mümkünlüyünü ortaya qoyub. 1996-cı ildə keçirilən müşavirələrin birində “Yaxşı bəhanə tapıblar, hər nöqsanı, hər çatışmazlığı və özlərinin fəaliyyətsizliyini blokada ilə əlaqələndirirlər”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov blokadanın inkişaf üçün əngəl olmadığını açıq-aydın bəyan etmişdi.

Muxtar respublika əhalisinin inamının özünə qaytarılması, Naxçıvanın daxili potensialının hərəkətə gətirilməsi, cəmiyyətin bütün təbəqələrinin qədim diyarın inkişafı üçün həyata keçirilən tədbirlərə cəlb olunması, elmin, təhsilin, səhiyyənin və mədəniyyətin inkişafına yüksək qayğı göstərilməsi, yerli xammala əsaslanan istehsal müəssisələrinin yaradılması, bütün sahələrin tərəqqisi məqsədilə ixtisaslı kadrların yetişdirilməsi, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi, genişmiqyaslı quruculuq işlərinin aparılması, Naxçıvanın sabit və təhlükəsiz bir regiona çevrilməsi, insanların rifah halının yaxşılaşdırılması intibaha gedən yolda qarşıya qoyulan əsas məqsədlərdən idi.

Tarix üçün çox qısa bir zamanda bütün bunlara nail olundu, inkişafın Naxçıvan modeli yaradıldı. Ötən əsrin 90-cı illərində elektrik enerjisi sarıdan ciddi korluq çəkən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı səmərəli tədbirlər bəhrəsini verdi: Naxçıvan elektrik enerjisi idxal edən bölgədən enerji ixrac edən regiona çevrildi.

İnfrastrukturu çağdaş dünya standartları səviyyəsində bütünlüklə yeniləşdirilən, bir vaxtlar daimi baş­ağrısı olan işıq, qaz, su və digər kommunal problemləri tamamilə aradan qaldırılan Naxçıvan inkişafın yeni mərhələsindədir. Həqiqət budur ki, tarixin heç bir dönəmində belə geniş, rahat yolları, hər gün, hər ay, hər il sayı artan müasir binaları, memarlıq inciləri, belə yamyaşıl, könül körpüsü küçələri, qızılgüllər gülüstanına dönən bağları, parkları, seyrəngahları olmayıb Naxçıvanın. Tarixin heç bir dövründə belə müasir məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları görməyib Naxçıvan. Tarixin heç bir dövründə ümumi tutumu 38 min ton olan taxıl anbarları, xüsusi mühafizə olunan təbiət əraziləri, ümumi tutumu 400 milyon kubmetrə çatan sututarları, ixracyönümlü keyfiyyətli məhsullar istehsal edən nəhəng sənaye müəssisələri, 15 min hektardan çox yaşıl­lıq sahələri olmayıb Naxçıvanın. Tarixinin heç bir dövründə naxçıvanlılar Əlincə qalasının zirvəsinə belə rahatlıqla çıxmayıblar, Duzdağın imkanlarından bu qədər yararlanmayıblar. Bəli, Naxçıvan tarixinin heç bir dövründə öz tələbatını yerli istehsal hesabına ödəyə bilməyib, sərhədləri etibarlı qoruyan belə güclü orduya, güclü iqtisadiyyata sahib olmayıb. Həqiqət budur ki, Naxçıvan tarixin heç bir dönəmində belə güclü olmayıb.

Son illər Ümumi Daxili Məhsul istehsalı 2 milyard manatı ötən, şəhər və kəndləri sürətlə yeniləşən, beynəlxalq tədbirlər və idman yarışları keçirilən, ildə 400 mindən çox turisti qəbul edən, beş­ulduzlu otellər fəaliyyət göstərən, ixrac imkanları artan, əhalisinin bütün sosial ehtiyacları ödənən, bir sözlə, blokada şəraitində intibah yaradan müasir Naxçıvan daha möhtəşəm uğurlara – yeni nəhəng iqtisadi komplekslər, sənaye müəssisələri, külək elektrik stansiyaları yaratmaq istiqamətində daha sanballı tarixi qələbələrə doğru addımlayır. Bu, beş min il əvvəl şəhər mədəniyyətini yaradan ulu bir diyarın böyük tarix yaradan və tarixə hökm edən zəfər yoludur.

Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafı qədim diyarın qonaqlarını da hədsiz dərəcədə heyrətləndirir. Mənim yaxın dostum, Amerikalı jurnalist-tədqiqatçı Peter Tase Naxçıvan barədə təəssüratlarını qələmə aldığı məqalələrindən birində yazır: “Qədim tarixə malik olan bu diyarın inkişafını sözlə təsəvvür etmək mümkün deyil. Bu gün Naxçıvan blokadada olmasına baxmayaraq, dinamik inkişaf edir. Belə davam etsə, Naxçıvan şəhəri öz müasir memarlığı ilə Qafqazın meqapolisinə çevriləcək”.

Turist və səyahətçilər üçün bələdçi kitabı yazarı, İngiltərə vətəndaşı Mark Eliyot yazır ki, “Naxçıvanın yolları və tarixi abidələri tam gözəlləşdirilib. Adama elə gəlir ki, real dünyada yox, illüstrasiyada gəzirsən. Naxçıvan çox cəzibədar məkandır”.

Rusiyalı jurnalist Nadana Fridrixsonun Naxçıvan haqqında təəssüratları isə belədir: “Naxçıvanı daha çox tanıdıqca biz başa düşdük ki, buradakı real mənzərələrin Rusiyadakı təsəvvürlərlə oxşarlığı yoxdu. “Qoparılmış region” çiçəklənən və memarlıq cəhətdən cazibədar bir yerdir. Naxçıvanın küçələri heyrətamiz dərəcədə təmizdir. Yeni evlər vardır. Onlar boz-bulanıq doqquzmərtəbəli kibrit qutuları kimi deyil, yaşamağın ləzzətini bilənlərin gözünü oxşayan dərəcədə müasirdirlər”.

Bu günlərdə Türkiyənin Qars vilayətinin Sarıqamış ilçəsinin kaymakamı Yusif İzzət Karamanla söhbətimiz zamanı onun Naxçıvan barədə dediyi sözlərdən sonra mən orada doğulub boya başa çatan bir insan kimi qürurumdan kövrəldim. Kaymakamla olan söhbətimizi olduğu kimi oxuculara təqdim edirəm. Heç nə əlavə etmədən, bəzək-düzək vurmadan:

-Siz Naxçıvanlımısınız?

-Bəli.

-Orada yaşadınızmı?

-33 il.

-Nə xoşbəxt insansınız?

-Niyə?

-Elə bir məmləkətdə yaşamağın başqa adı yoxdur axı. Mən ötən il Bakıya Azərbaycanın Qarsdakı Baş konsulunun məsləhəti ilə Naxçıvandan getdim. Tam səmimi deyirəm. Mən bütün Avropanı gəzmişəm. Naxçıvan kimi abad və təmiz şəhər görməmişəm. Bu sual məni hələ də düşündürür: Blokada şəraitində bu qədər işi necə görüblər?

Xarici qonaqların Naxçıvan haqqında belə təəssüratlarının sayını kifayət qədər artıra bilərik. Bu, onu göstərir ki, müasir Naxçıvan bütün yönləri ilə hər kəsi özünə valeh edir.

Amma bütün bunlar son 20 ilin Naxçıvana qazandırdıqlarının yalnız görünən tərəfidir. Vətən sevgisi üzərində ucaldılan müasir Naxçıvanın işıqlı gələcəyi naminə elə möhtəşəm tədbirlər həyata keçirilir ki, bu gün biz onların mahiyyətini tam dərk edə bilmirik.

Naxçıvanın mənəvi qazancları maddi qazanclarından heç də az deyil. Muxtar respublikada bütün sahələrdə quruculuq işləri aparılıb. Buna paralel olaraq həm də yeni cəmiyyət qurulub. İnsanların şüurunda inqilabi dəyişiklik edilib, müasir düşüncəli, vətənpərvər gənclik yetişdirilib. Həyata keçirilən həssas tədbirlər sayəsində insanlarda sahiblik hissi formalaşdırılıb. İndi tikilənlərə, qurulanlara keçmiş Sovetlər Birliyində olduğu kimi ögey, dağıdıcı münasibət yoxdur. Hər bir naxçıvanlı tikilən, qurulan hər bir binaya, salınan parka, yola, müasirləşdirilən küçəyə, yaşadığı binaya öz malı, milli sərvəti kimi baxır. Hər kəs bilir ki, dövlətin yaratdıqları insanların rahatlığı üçündür. Və bu gün yaradılanları gələcək nəsillərə çatdırmaq kimi bir məsu­liyyətimiz var.

İnsanların mənəvi zənginləşdirilməsinə milli dəyərlərimizə göstərilən qayğı, milli mentalitetimizin təbliği yolu ilə nail olunub. Tariximizin öyrənilməsi və öyrədilməsi istiqamətində görülən işlər də bu məsələdə mühüm rol oynayıb. Tarixən bu yurdun sakinləri öz dədə-baba torpaqlarına sahib çıxıb, onu qoruyub, möhkəmləndiriblər. Deməli, insanlarda sahiblik hissinin gücləndirilməsi üçün tarixə qayıtmaq, milli dəyərləri yaşatmaq lazım idi. Əslində, bu prosesin əsası ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə qoyulmuşdu. Ümummilli liderimizin diqqət və qayğısı ilə müstəqillik illərində bu iş daha da sürətləndirildi. Heydər Əliyev siyasətinin uğurla davam etdirildiyi Naxçıvan Muxtar Respublikası bu sahədə də öncüllüyünü qoruyub saxlamaqdadır.

Son illərin ən böyük uğurlarından biri də odur ki, savadlı, dünyagörüşlü, vətənpərvər nəsil yetişdirilib. Muxtar respublikanın şəhər və rayon mərkəzlərində, kəndlərində inşa olunan müasir məktəb binalarında oxuyan şagirdlər, dünya standartlarına cavab verən ali təhsil ocaqlarında təhsil alan tələbələr çağdaş dünyamızın ən son nailiyyətləri hesab edilən texnologiyalardan bəhrələnməklə yanaşı, öz milli dəyərlərini öyrənir və milli ruhda böyüyürlər. Artıq muxtar respublikada ənənəyə çevrilən muzeylərə ekskursiyalar, belə mədəniyyət müəssisələrində açıq dərslərin keçilməsi bir məqsədə xidmət edir: yetişən nəsil tarixini, mədəniyyətini, ədəbiyyatını dərindən öyrənsin, tarixi şəxsiyyətlərini tanısın, onların Vətənə xidmət nümunəsi ilə böyüsün, milli dəyərlərinə sahib çıxıb yaşatsın.

Bir vaxtlar öz əzəmətli keçmişini yalnız tarixi abidələri ilə xatırladan Naxçıvan bu gün çoxlarının böyük təəccüb hissi ilə qarşıladığı bir diyara çevrilib. Hər bir yaşayış məntəqəsinin, hər bir binasının zərif görünüşü ilə könülləri ovsunlayan qədim diyar tarixini qorumaqla bərabər, müasirliyi ilə də diqqəti cəlb edir. Muxtar respublika bütün sahələrdə irəliləyişlərə nail olaraq günü-gündən dəyişir, daha da müasirləşir. Tarixi və mədəni abidələr bərpa olunur, müasir dövrün yeni abidələri inşa edilir, bir sözlə, Naxçıvan özünü yenidən “Nəqşi-cahan” olaraq tanıdır.

Muxtar respublikanın yenidən qurulan yolları ilə irəlilədikcə hər addımda təzə bir binaya, əzəmətli bir mənzərəyə rast gəlirsən. Məşhur Naxçıvan memarlıq məktəbinin milli ənənələri ilə müasir şəhərsalma mədəniyyətinin uzlaşdırıldığı muxtar respublikada genişmiqyaslı tikinti-­quruculuq işləri sürətlə davam etdirilir.

Naxçıvan elə sürətlə dəyişir ki, bəzən muxtar respublika sakinləri özləri də dünən keçdiyi küçəni bu gün tanıya bilmirlər. 25 il bundan öncə möcüzə kimi görünən ən ucqar sərhəd kəndində belə, şölələnən mavi yanacaq, 24 saat elektrik enerjisi təminatı indi adi həyat reallığına çevrilib.

Bu gün naxçıvanlılar ümumən regionda çox az-az təsadüf edilən lüks evlər tikir, ən bahalı avtomobilləri alıb muxtar respublikaya aparırlar. Naxçıvanda uşaqdan-böyüyə hər kəsin geyim-kecimi də qabaqcıl Avropa ölkələrindən geri qalmır.

Bəli, naxçıvanlıların yaşayış tərzi belədir. İnsanların maddi rifah halının yaxşılaşdırıldığını göstərən belə nümunələrin siyahısını istənilən qədər artıra bilərik.

Bu gün bütün naxçıvanlıların ümumi fikri belədir. Onlar:

Vətən sevgisi üzərində ucaldılan;
Arzuların çin olduğu;
Sabit;
İnkişaf və tərəqqinin davamlı xarakter daşıdığı;
Fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunan;                                                      Təhlükəsizliyin tam təmin edildiyi;
Abadlıq və quruculuq işlərinin hər gün daha da genişləndirildiyi;
Ləyaqətli, vətənpərvər gəncliyin yetişdirildiyi;
İradənin, cəsarətin bütün çətinliklərə qalib gəldiyi;
Beynəlxalq tədbirlərin keçirildiyi;
Ordusunun nəinki onu qorumaq, istənilən hücum əməliyyatını həyata keçirməyə qadir olan;
Varlı bir regionda yaşayırlar.

Bəli, beş minillik şəhər mədəniyyətinə malik Naxçıvanın tarixində, çətin ki, son 22 il qədər heyrətamiz, şücaətli bir dövr olsun.

Bəs bu yüksəlişə necə nail olunub? Blokada şəraitində yaradılan intibahın səbəblərini Azərbaycan Prezidenti cənab İlham Əliyev belə izah edir: “Əsas məsələ Vətən sevgisidir. İqtisadi imkanlar böyük də ola bilər, o qədər böyük olmaya da bilər. Amma əgər Vətən sevgisi varsa, məhdud iqtisadi imkanlarla da çox iş görmək olar”.

Müasir Naxçıvanın bu uğurları ulu öndər Heydər Əliyevin açdığı yolun, ölkə başçısı İlham Əliyevin böyük diqqət və qayğısının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yüksək təşkilatçılıq qabiliyyətinin, yorulmaz fəaliyyətinin, bütün naxçıvanlıların zəhmətinin nəticəsidir. Müasir Naxçıvanın qurulmasında tarixi xidmətləri olan Vasif Talıbovun bu gün doğum günüdür. “Cahanpress” İnformasiya Agentliyi adından Ali Məclisin Sədrini doğum günü münasibətilə təbrik edirik.

Qeyd: Təssüf ki, Naxçıvanın bu uğurlarını gözü götürməyən bəzi adamlar muxtar respublika haqqında şər-böhtanla danışırlar. Görkəmli ingilis yazçısı Oskar Uayld yazırdı ki, hər bir gözəllikdə pislik axtaranlar korlanmış insanlardır, bu, günahdır. Hər bir gözəllikdə onun yüksək mənasını görənlər mədəni insanlardır. Əsil insan isə gözəllikdə elə gözəlliyi görməyi bacarandır.

Tural Səfərov

       

            

Naxçıvan Təbriz mehmanxanası azertag ile ilgili görsel sonucuNaxçıvan azertag ile ilgili görsel sonucuNaxçıvan azertag ile ilgili görsel sonucuNaxçıvan azertag ile ilgili görsel sonucuNaxçıvan azertag ile ilgili görsel sonucuNaxçıvan azertag ile ilgili görsel sonucuNaxçıvan azertag ile ilgili görsel sonucuNaxçıvan azertag ile ilgili görsel sonucuNaxçıvan azertag ile ilgili görsel sonucuNaxçıvan azertag ile ilgili görsel sonucuNaxçıvan azertag ile ilgili görsel sonucuNaxçıvan azertag ile ilgili görsel sonucuNaxçıvan azertag ile ilgili görsel sonucuNaxçıvan azertag ile ilgili görsel sonucuNaxçıvan azertag ile ilgili görsel sonucuNaxçıvan kənd azertag ile ilgili görsel sonucuNaxçıvan kənd azertag ile ilgili görsel sonucuNaxçıvan müasir kəndlər azertag ile ilgili görsel sonucuNaxçıvan müasir kəndlər azertag ile ilgili görsel sonucuNaxçıvan müasir kəndlər azertag ile ilgili görsel sonucu

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here