•   Haqqımızda
  •   Əlaqə
  • 20:02 Prezident Fərman imzaladı - Məcburi köçkünlər üçün vahid aylıq müavinət müəyyən edildi
    17:16 Dolların sabaha olan – MƏZƏNNƏSİ
    13:17 "Körpəmi görə bilərəmmi ?" - ibrətamiz hekayə

    İKT və elektron resursların təhsildə istifadə imkanları - NAXÇIVAN




    Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biri kimi son dərəcə əhəmiyyətlidir. Qloballaşan dünyada bu texnologiyaların sürətli inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradır. Xüsusilə son dövrlərdə dövlətimiz tərəfindən bu sahədə bir sıra kompleks tədbirlər həyata keçirilmiş və keçirilməkdədir. Bu istiqamətdə qarşımızda duran əsas vəzifələrdən biri də yeni informasiya texnologiyalarının təhsilə vaxtında və səmərəli tətbiqidir.

    Bu gün muxtar respublikamızda informasiyalaşdırma sahəsində ciddi, uğurlu addımlar atılmışdır. Məlumdur ki, ilk addımlar məktəb səviyyəsində atılmalıdır. Fikrimizcə, kompüter biliklərinin əsası məhz orta məktəbdə qoyulmalıdır. Ümumiyyətlə, məktəbəqədər yaşlı uşaqların kompüterdən istifadəsi onların sağlamlığı üçün çox təhlükəli ola bilər. Yalnız məktəbdə şagirdlərə bu sahə haqqında geniş məlumat verilməli, onların sərbəst şəkildə kompüterlərdə işləmələrinə şərait yaradılmalıdır. Əgər əvvəllər kompüterdə işləməyi bacarmaq kompüter savadı hesab olunurdusa, artıq bu indi ümumi savad hesab olunur.

    Xatırlayıram ki, bizim təhsil alığımız zamanlarda məktəbimizdə indiki kimi inkişaf etmiş kompüter avadanlıqları yox idi. O zamanlar indi xatırladığımızda bizim üçün çox gülməli görünən stolüstü kompüterlər var idi. Və bu texnologiyanı bizə tədris edən ixtisaslı müəllimlər də az – az tapılırdı Kompüteri açıb-bağlamağı bilən şəxslərə belə hörmətlə yanaşılırdı. O vaxtla indini müqayisə etsək, əslində gəlin heç müqayisə etməyək. Çünkü bu müqayisə heç bir şəkildə düzgün olmayacaq. İndi bizlər üçün yaradılan şərait, iş yerlərimizə, təhsil, təlim mərkəzlərinə, kitabxanalara verilən kompüterlər texnologiyanın son naliyyətlərinin təzahürü kimi son dərəcə əhəmiyyətlidir. İndi gülməli formalı kompüterlərin yerini, nout booklar, ipadlar, net booklar və güclü bazaya sahib masaüstü kompüterlər alıb. Naxçıvanımızda İKT güclü inkişaf yolu qət edib. Məktəblərimizdə erkən yaşlardan Texnologiya, İnformatika fənni tədris edilir. Ən əsası isə tədris olunan fənlər sadəcə tədris olunmur, praktiki əhəmiyyətli təcrübələrə də yer verilir. Halhazırda Naxçıvanın ən ucqar kəndinin məktəbində belə son model bilgisayarlarla təchiz edilmiş kompüter otaqları mövcuddur. Burada tam ixtisaslı kadrlar bu fənni tədris edirlər. Universitetlərimizin İnformasiya texnologiyaları ixtisasını hər il çox sayıda tələbə bitirir. Bu isə İKT sahəsinə olan marağın ən bariz nümunəsidir.

    İkt-nin faydalarını saymaqla bitməz. Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov Şahbuz Rayon Rabitə İdarəsinin yeni binası istifadəyə verilərkən bildirmişdir: “Son illər muxtar respublikada rabitə və informasiya texnologiyaları sahəsində mühüm tədbirlər həyata keçirilmiş, informasiya-kommunikasiya texnologiyalarının inkişafı yeni mərhələyə yüksəlmişdir. Hazırda muxtar respublikada bu sahədə beynəlxalq təcrübəyə və qabaqcıl texnologiyalara əsaslanan fəaliyyət sayəsində müsbət nəticələr əldə edilmiş, ən müasir standartlara uyğun telekommunikasiya infrastrukturu formalaşmışdır”.

    XXI əsr yüksək kompüter texnologiyaları əsridir. Bu əsrin təlim metodu ənənəvi təlim prosesindən fərqlənir. Kompüter və elektron texnologiyaları həyatımızın böyük bir hissəsini təşkil edir. Kompüteri bilməyən üçün təhsil almaq, elmi yaradıcılıqla məşğul olmaq çox çətindir. İndi İKT yalnız təhsil prosesini təmin edən üsul deyil. İKT məktəblinin müstəqil qavrama qabiliyyətini təmin etmək üçün yeni imkanlar açır. Bununla əlaqədar olaraq müəllimin rolu da dəyişir: o, təhsil prosesinin konsultantı, koordinatoru olur. Müəllimlərimiz müasir dövrün bu ən mükəmməl texnologiyalarının tədrisdə tədbiqi istiqamətində yaradıcı axtarışlar aparmaqla və ortaya maraqlı fəaliyyət nümunələri qoymaqdadırlar. Tədqiqat aparmaq, ünsiyyət qurmaq və yeni informasiya əldə etmək üçün isə müasir texnologiyaların imkanlarından istifadə etmək lazım gəlir. Bundan əlavə şagirdlərin maraq dairəsini nəzərə alsaq şahidi olarıq ki, İKT-dən istifadə onların diqqətini cəlb edən bir sahədir. Eyni zamanda müəllim də bu sahədən istifadə etməklə şagirdlərdə həvəs və maraq yarada bilər. Təbii ki, bu da müəllimin yaradıcılıq qabiliyyətindən aslıdır. Elektron (təlim və internet) resursları müvəffəqqiyətli təhsil almaq üçün şərait yaradan və ən yüksək nəticəyə nail olmağa kömək edən bir vasitədir. Hal-hazırda təhsil sisteminin informasiyalaşdırılmasında əsas diqqət elektron təhsil resurslarının hazırlanmasıdır.

    Bəs ETR (Elektron Təhsil Resursları) nədir?

    Elektron Təhsil Resursları dedikdə tədris məzmunlu elektron forma nəzərdə tutulur ki, onlarıda səsləndirmək üçün müxtəlif elektron mexanizm və maşınlardan istifadə edilir. Ən müasir tədris resursları kompüterlərdə hazırlanır. ETR adi dərslikdən fərqlənir və onun interaktivliyi isə şagirdin müstəqil işləməsini təmin edir. ETR-nı üç qrupa mətn, tekstoqrafik və multmedia xarakterli resurslara ayırmaq olar. Mətn xarakterli ETR- əsasən mətndən ibarət olur, mühazirə xarakteri daşıyır və internetdə yerləşdirmək mümkündür. Tekstoqrafik xarakterli ETR – mətn və daxilində cədvəllər, diaqramlar və sair ola bilər. Multmedia xarakterli ETR – tərkibində video, animasiya, audio, məzmun və interaktiv üsul ola bilər. Elektron təhsil resursları dedikdə təkcə CD-lərdə və müəllimin kompyuterdə hazırladığı resurslar nəzərdə tutulmur bura İnternet tədris resursları da daxildir. İnternet təhsil sahəsində də böyük imkanlar yaradır. Tədris prosesində internetin rolu və yerini düzgün müəyyən etmək olduqca vacibdir. Bu məsuliyyətli iş fənn müəllimlərin üzərinə düşür. Tədris internet resurslarının əksəriyyəti heç bir yoxlamadan keçmir, tədrisə uyğun olan materialların seçilməsində hətta müəllimlər üçün də çətinlik yaradır. Bu problemi həll etmək üçün müəllim əsl peşəkar olmalıdır. Müəllim materialları təhlil edib öz şagirdlərinə məsləhət görməyi bacarmalıdır. İnternetdən səmərəli istifadə zamanı şagirddə yazı bacarığı, söz ehtiyatı, tez ünsiyyətə girmək və lazımi formada ünsiyyət qurmaq, qarşısındakını dinləmək və sair kimi müsbət keyfiyyət və vərdişlərə yiyələnə bilər.
    Sonda isə fikirlərimizi Ali Məclisin Sədri Vasif Talıbovun fikirləriylə bitirmək istərdik: “Sürətli informasiya mübadiləsi inkişafın başlıca şərtlərindən biridir”.

    Halhazırda inkişafımızın təməlində duran amillərdən biri kimi İKT son dərəcə əhəmiyyətlidir. İnformasiya mübadiləsi təlim və təhsildə milyonların maraqlarını təmin etməklə insanların həyatında önəmli rol oynayır. Belə bir şəraitdə virtual dünyanın pozitiv imkanlarından səmərəli şəkildə bəhrələnməli, çalışmalı, milli ideya, ənənə və dəyərlər üzərində köklənmiş virtual informasiya məkanı formaşdırmalıyıq.

    Nərgiz İSMAYILOVA



    Yazar: Naxcivanxeberleri.com   Tarix 10-01-2017, 22:42   




    WhatsApp








    Şərhlər (Facebook)