•   Haqqımızda
  •   Əlaqə
  • 20:34 "Evimizdən heç yana gedən deyilik" CƏBHƏ KƏNDİNDƏN REPORTAJ

    Qədim “Nəqşi-cahan” a müasir baxış...


    İNKİŞAFIN HEKAYƏSİ
    Bu rubrikada biz müasir Naxçıvanın inkişaf tarixindən bəhs edəcəyik. Həmçinin burada, inkişaf etmiş sahələr, Naxçıvanın hüsnünə bəzək vuran maddi, mənəvi dəyərlərdən söhbət açılacaq. Qədim Naxçıvana xəyali səyahət, müasir Naxçıvanın keçdiyi intibah yoluna nəzər salınacaq. Rubrikanın ilk yazısı Qədim “Nəqşi-cahan” a müasir baxış adlanır.

    Qədim “Nəqşi-cahan” a müasir baxış...

    Rəvayət edirlər ki, dağların qoynunda, təbiətin ən sərt, ciddi iqlimin hökm sürdüyü “Naksuana” adlı bir torpaq varmış.
    Tarixin müxtəlif dövrlərində Azərbaycan Atabəyləri , Naxçıvanşahlıq dövlətlərinin və Naxçıvan xanlığının paytaxtı olmuş, vilayət və qəza bölgə mərkəzi kimi inkişaf edən bu torpağın əsasının bəzi mənbələrə görə e.ə. 1539-cu ildə, bəzi mənbələr isə e.ə. 1500-cü ildə qoyulduğu söylənir.
    Orta əsr ərəb və fars dilli mənbələrdə bu torpağın adını “Nəşavə”, “Nəqçuan” (Nəxçuan, Nəxçuvan, Nəxçəvan) şəkillərində işlənmişdir. Əvvəllər bir sıra qaynaqlarda (Məhəmməd Naxçıvani, Həmdullah Qəzvini, Katib Çələbi, Övliya Çələbi və b.) Naxçıvan toponimi kimi təqdim edilən “Nəqşi-cahan” adı isə dillər əzbəri olmuş, dünyanın bəzəyi mənasını bildirir.

    Qədim “Nəqşi-cahan” a müasir baxış...















    Orta əsrlər türk səyyah-tarixçisi Övliya Çələbi Naxçıvan şəhərinin əsasının Turan hökmdarı Əfrasiyab tərəfindən qoyulduğunu qeyd edir. Henrix İohann Hübşman Naxçıvan toponimini Nuh peyğəmbərlə bağlı “dünya tufanı” hadisəsi ilə əlaqələndirir. Onun fikrincə "Naxçıvan" toponimi "törəyiş yeri" anlamını verməkdədir. Həm türk, həm əcnəbilərin marağını özünə cəlb edən bu diyar, tarixdən müasir dövrümüzədək diqqət mərkəzində olmuşdur.

    Bəli, Bura Naxçıvandır-qədim və sirli diya…
    Əsrarəngiz gözəlliyi, sərt təbiəti, səmimi insanların məskəni, Nuh yurdu.
    Bu nurlu diyarda inkişafın zirvəsini yaşasaq da, daha parlaq sabahlara inansaq da, xəyalən keçilmiş yollara bir daha qayıdırsan.
    Keçmişlə, indini müqayisə edəndə, inkişafı təhlil edəndə təəccüblənirsən.
    Necə ki, deyiblər hardan, hara…
    Tarixən hökmdarların cəng meydanına çevrilən, həmçinin bir çox dövlətin mədəniyyət mərkəzi kimi şöhrət qazanan Naxçıvan, qədim abidələri, nekrapolları, qayaüstü rəsmləri ilə şanlı tarixin salnaməsini yazıb.

    Qədim “Nəqşi-cahan” a müasir baxış...
















    İlanlı dağın heyrətamiz mənzərəsi, Mömünə xatının əzəməti, Qızlar bulağının zümzüməsi ilə bəstələnib Naxçıvanın gələcəyi …
    Biz o tarixə nəzər salanda görürük ki, qədim Naxçıvanın tarixi xeyli keşməkeşli olub. Coğrafi mövqeyinə görə Naxçıvan əsrlər boyu yadellilərin hücumuna məruz qalmış,dövrün qüdrətli ordularının çəkişmələrinə şahidlik etmişdir. Sərvəti dəfələrlə dağılan bu qədim yurd yenidən var olmağın bir yolunu tapmışdır. Tarixi mənbələr sübut edir ki, müəlman ərəblərin Naxçıvanı tutaraq xilafətə daxil etməsi bölgədə islamlaşma prosesinin başlamasına səbəb olmuşdur. Amma ərəb xilafəti zəiflədiyi zaman Naxçıvan Azərbaycanda qurulmuş yerli feodal dövlətlərinə tabe olub.
    Mərkəzi Asiyadan Kiçik Asiyaya axın edən Səlcuq Türkləri 1064-cü ildə Naxçıvanı da tutaraq burada ərəb təsirinin yayılmasının qarşısını alıb, Türk-İslam mədəniyyətinin formalaşmasına təkan veriblər.

    Qədim “Nəqşi-cahan” a müasir baxış...

















    Bundan sonra Şəmsəddin Eldəniz Azərbaycan Atabəylər Dövlətinin (1136-1225) əsasını qoyub və Naxçıvan şəhəri XII əsrin 70-ci illərinədək bu dövlətin paytaxtı olub. Çiçəklənmə dövrünü yaşayıb.

    Sonralar Naxçıvan 1225-ci ildə Xarəzmşahların, XIII-XIV əsrlərdə Hülakilərin, Çobanilərin, Cəlarilərin, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Osmanlı və sair dövlətlərin hakimiyyəti altına düşmüşdür.1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycan ərazisi müstəqil xanlıqlara parçalanıb, bunlardan biri də Naxçıvan xanlığı olub.

    Təəssüf ki, XIX əsrin ilk illərindən başlayaraq Azərbaycan, Rusiya-İran ordularının döyüş meydanına çevrilib. 1813- Gülüstan, 1828 Türkmənçay müqavilələrinin əsasında dövlətlər arasında bölünən torpaq,1840-cı çar hökümətinin apardığı inzibati islahata əsasən Gürcüstan-İmeretiya quberniyasının tərkibində Naxçıvan qəzası kimi təşkil olunmuşdur.

    Rəvayətvari bir girişlə başlasaq da, sadaladıqlarımızın hamısı tarixi həqiqətdir, realizmdir. Tarixin ağır sınaqlarından bacarıqla çıxan qədim yurd yeri-Naxçıvan bu gün inkişafının zirvəsini yaşayır.

    Qədim “Nəqşi-cahan” a müasir baxış...















    Naxçıvan Muxtar Respublikası bu günə qədər, xüsusilə 1924-2014-cü illəri əhatə edən 90 illik dövrdə ümumilikdə ölkəmizin tarixi iqtisadi-siyasi həyatında müstəsna rol oynamışdır. Zaman keçdikcə Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən inkişaf yönümlü hadisələr burada yeni mərhələnin də başlanmasına əsaslar yaratmış, bir çox ilkə imza atılmışdır.
    Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanla bağlı verdiyi sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həlli vacib olan digər məsələlərin həyata keçirilməsi Naxçıvanın hərtərəfli inkişafını təmin etmişdir.

    Ümummilli lider Heydər Əliyev “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumunun (Naxçıvan, 11-13 iyul 1996-cı il) iştirakçılarına məktubunda yazırdı: “Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus mühüm rol oynamış və oynamaqda olan Naxçıvanın qədim və zəngin tarixi vardır. Hər daşı, qayası tarixin canlı şahidi olmuş bu torpaq bir çox dünya şöhrətli alim və mütəfəkkirin, memar və ədibin, dövlət xadimi və sərkərdənin vətəni olmuşdur. Onların fəaliyyəti və irsinin bəşər tarixində rolu danılmazdır”.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublika hərtərəfli inkişaf edir, əsl intibah dövrünü yaşayır. Tarixin sınaqlarından uğurla çıxan, dahilər yurdu Naxçıvan, tarixin sınaqlarına mətanətlə sinə gərən torpaqdır. Naxçıvanın keçmişi kimi, gələcəyi də şanlı yazılır.

    Qədim “Nəqşi-cahan” a müasir baxış...




    Nərgiz İSMAYILOVA



    Yazar: Naxcivanxeberleri.com   Tarix 11-01-2017, 20:52   




    WhatsApp








    Şərhlər (Facebook)