•   Haqqımızda
  •   Əlaqə

  • Sədərək - Dünən, bu gün və gələcək

    Dünən, bu gün və gələcək. Bu üç məfhum haqqında düşünəndə insan həmişə dərin düşüncələrə dalır. Keçmişdə baş verənlər barədə uzun- uzadı düşünür, olanlardan- bitənlərdən, ötənlərdə baş verənlərdən nəticə çıxarmağa çalışır. Buraxılan səhvləri, o səhvlərin səbəblərini və nəticələrini götür- qoy edir, bu günlə dünən arasında tez-tez müqayisə aparır. Bəs gələcək? Onun haqqında da düşünməmək olmur. Düzdür, gələcəyi təyin etmək, o haqda nəsə söyləmək çox çətindir və gələcəkdən dəqiq xəbər vermək hələ heç kimə qismət olmayıb. Ancaq bu günün hadisələrindən yola çıxıb gələcəyin necə olacağı haqda ən azından fikir bildirmək olar. Müdriklər deyiblər ki, dünən bu günün, bu gün gələcəyin mayakı, yol göstərənidir. Əgər dünən yaşanmasa, geridə baş verənlər yada salınmasa insan bu gününü də düzgün qura bilməz. Həqiqətən də, insan hər zaman dünənindən dərs alır, bu gününü qurur, gələcəyə yol alır. Yəni dünən olmadan gələcək də ola bilməz.

    Bu torpağın hər qarışında ulu öndərimizin sarsılmaz iradəsinin izləri var


    ...Onun haqqında yüzlərlə kitablar yazılıb, yüzlərlə sözlər deyilib, yüzlərlə fikirlər səsləndirilib. Həyat yolunun hər qarışı, atdığı hər bir müdrik addım, xalqı üçün əvəzsiz, qarşılıqsız gördüyü hər bir iş, hər bir fədakarlıq qədirbilən millətimizin qələm adamları tərəfindən ağ kağızlara, səhifələrə köçürülüb, yaddaşlara əbədi olaraq həkk olunub.

    Nədir görəsən, sözün həqiqi mənasında, o insanın, dönməz vətənpərvərin əzəmətinin, böyüklüyünün sirri? Onun bu xalqın gözündə ucalması, xilaskar kimi tanınması, sözün tam mənasında, əbədiyaşarlıq qazanmasında hansı işlər, əməllər dayanır? Ötənlərə-keçənlərə, olub- bitənlərə, qət edilən yola dönüb bir daha baxanda bütün bu suallara cavab tapmaq da asanlaşır, bütün bu əsrarəngizliklərdən, möcüzələrdən agah olmaq da. Məncə, onun böyüklüyünün sirri bu torpağın mayası ilə yoğrulmasında, qədimlərdən qədim yurdumuzun dağlarından, çaylarından, meşələrindən, yamyaşıl düzənlərindən, qədirbilən insanlarından ilham almasındadır.

    Təqribən ortayaşlı nəslin insanları ulu öndərimizi ilk dəfə Naxçıvan şəhərinin baş meydanında gördülər. Dahi insanın meydanda tribunaya çıxması ilə o meydan ümid ocağına çevrildi, bu yurdun sonunun nə olacağına dair heç bir fikri olmayanların qəlbində ümid qığılcımları parladı, sabaha inam yarandı. Artıq hər kəs əmin idi ki, onun gəlişi ilə hər şey qaydasına düşəcək, bütün çətinliklər arxada qalacaq, aclıq, yoxluq, qan-qada aradan götürüləcək, insanlar yenidən qayğısız günlərinə qayıdacaqlar. Çox keçmədi ki, o böyük insan ona bəslənən ümidləri doğrultdu, çətin, keşməkeşli günlər arxada qaldı. Bəs o insanı görən kimi insanlarda yaranan bu əminlik hardan qaynaqlanırdı? Nəyə görə onun özündən qat-qat yaşlı insanlar da onun bu torpağa qayıdışından sonra hər şeyin düzələcəyinə bu qədər inanırdılar? Bu sualın cavabı çox sadə idi: O xalqın inamını öz xeyirxah əməlləri, mübarizliyi, əzmkarlığı, vətənpərvərliyi ilə qazanmışdı.

    Artıq həmin hadisədən, demək olar ki, əsrin dörddəbiri qədər vaxt keçib. Dünən, bu gün və gələcək arasında körpü salanda, Naxçıvanın dünənini araşdıranda, bu gününü görəndə, gələcəyini fikirləşəndə düşünürsən ki, O dünənin də, bu günün də, gələcəyin də memarı olub. Çünki vaxtilə dağıntılar içində olan ölkədən, eləcə də Naxçıvandan əsər-əlamət belə, qalmayıb. Bu diyar ilbəil dəyişib, inkişaf edib, gözəlləşib. Bir vaxtlar sakit həyatın, asayişin, qayda-qanunun, bolluğun həsrətini çəkən insanlar xoşbəxt günlərə, firavanlığa qovuşa biliblər. İndi Naxçıvan gözəl, abad kənd və qəsəbələri, möhtəşəm tikililəri olan şəhərləri, minillərə şahidlik edən tarixi abidələri, yolları, körpüləri, hər qarışı əkilən, gülüstana çevrilən əkin sahələri ilə müasir Azərbaycanın, ən müasir diyarlarından biridir. Naxçıvanın nəinki bu günü, hətta gələcəyi üçün də hər şey edilib və edilir. Bir zamanlar zülmətlər içində qalan bu diyarın bol sulu çaylarından əldə edilən nur təkcə bizi yox, sərhədlərimizin hüdudlarını da işıqlandırır. Gündüz Günəşdən güc alan ən müasir texnikalar, gecələr hər yeri nura qərq edir. Günəş ziyası qaranlıq düşəndə evlərdəki çilçıraqları al-əlvan rənglərə boyayır.

    Ulu öndərimiz tərəfindən başladılan quruculuq siyasəti onun layiqli davamçısı İlham Əliyev tərəfindən davam etdirilir, Sədərək rayonu bu prosesdən layiqincə bəhrələnir.

    Müasir Sədərək dünəndən bu günə salınan polad körpüdür



    Sədərək rayonu Azərbaycanda yeganə inzibati ərazi vahididir ki, 3 dövlətlə həmsərhəddir. Ötən əsrin 90-cı illərinin əvvəllərində sədərəklilər düşmənlərin aramsız hücumlarına qəhrəmanlıqla sinə gəriblər. Son illərdə bu bölgədə gedən inkişaf prosesləri isə Sədərəyin Azərbaycan üçün nə qədər mühüm əhəmiyyət daşıdığını bir daha nümayiş etdirdi. Halbuki illər öncə Sədərək də Naxçıvanın xəritəsində keçmiş sovet dövrünün unudulmuş yaşayış məntəqəsi kimi yer almışdı. Köhnə, yararsız məktəbləri, yarımuçuq sosial obyektləri, tozlu, torpaqlı, palçıqlı küçələri, bərbad yolları ilə bu yaşayış məntəqəsi, sözün həqiqi mənasında, klassik sovet dövrünün klassik bir nümunəsi idi. Ancaq hər şey ulu öndərimizin Naxçıvana gəlişi ilə dəyişilməyə başladı. İnsanların qəlblərində sabaha ümid qığılcımları közərdi. Sonrakı müddətdə ulu öndərimiz Sədərəkdə bir neçə dəfə oldu. Hər dəfəsində də sədərəkliləri yeni quruculuq ünvanları, sosial obyektlərlə sevindirdi, çıxışlarında sakinləri bir daha inandırdı ki, düşmənlə ön xətdə yerləşən bu bölgədə hər bir sahədə, hər şey qaydasında olacaq, gün gələcək ki, insanlar güllə səslərini yaddan çıxaracaq, elə düşmənin gözü önündəcə yaşayıb yaradacaqlar. Çox keçmədi ki, sədərəklilərin arzuları yerinə yetdi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə rayonda yeni məktəblər, kənd və xidmət mərkəzləri, sosial obyektlər, dövlət qurumları üçün binalar ucaldıldı, elektrik, mavi yanacaq, suvarma və içməli su ilə bağlı problemlər öz həllini tapdı. Qısa zaman kəsiyində yeni kənd və xidmət mərkəzləri, inzibati binalar, abad yollar, məktəblər köhnə yaşayış məntəqəsinin boz, rəngsiz mənzərəsinə yeni, al-əlvan rənglər, çalarlar qatdı.

    Sədərək
    Sədərək





























    Heydərabad Sədərəyin baş tacıdır


    Bunu xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2010-cu ilin oktyabr ayında muxtar respublikaya səfəri çərçivəsində Sədərək rayonunda olması, yeni salınmış Heydərabad qəsəbəsinin, 2 nömrəli tam orta məktəb binasının açılışlarında iştirak etməsi bölgə sakinlərinin hafizəsində dərin iz buraxdı. Xatırladaq ki, ümummilli liderimiz Heydər Əliyev 1978-ci il oktyabrın 15-də respublika rəhbəri kimi Naxçıvana ikinci dəfə səfər edərkən Sədərək kəndi ilə Ermənistan arasındakı boş ərazilərdə nümunəvi qəsəbənin salınması barədə tapşırıq vermişdi. Sonralar bu qərarın mühüm əhəmiyyət daşıdığını vurğulayan ulu öndərimiz deyirdi: “Vaxtilə 1977-1978-ci illərdə mən Azərbaycanın başçısı olduğum zaman kənddən aralı bu qəsəbənin salınması haqqında qərar verdim. Nə üçün kənddən aralı? Ona görə ki, o vaxtlar ermənilər yavaş-yavaş bu torpaqlara iddia edirdilər”.

    Bəli, ümummilli liderimizin yaratdığı Heydərabad qəsəbəsi bu gün dövlətimizin yüksək diqqət və qayğısı ilə böyük quruculuq və inkişaf yolundadır. Heydərabad qəsəbəsində müasir şəhərsalma ənənələrinə uyğun tikinti və quruculuq işləri aparılıb, qəsəbə tamamilə yenidən qurulub. Azərbaycan Prezidenti cənab İlham Əliyev aparılan quruculuq işlərini yüksək qiymətləndirib.

    Bəli, Heydərabad inkişaf etmiş Azərbaycan qəsəbələrinin nümunəsinə çevrildi. Heydərabadın ən yüksək səviyyədə inkişafı həm də düşmənə bir gözdağı, bir mesaj idi. Bununla onlara sübut olunmuşdu ki, Azərbaycan xalqının dahi rəhbərinin adını daşıyan bu qəsəbə illər öncə tam arxayınlıqla mərmi yağışına tutduqları yaşayış məntəqəsi deyil. İndi bu qəsəbəyə nəinki mərmi, hətta bircə güllə atmaq cəsarət tələb edir, bu addımın sonu onlar üçün çox ağır nəticələrə səbəb ola bilər.

    Dünəndən yadigar sətirlər nə deyir?

    Bu yerdə “ Şərq qapısı” qəzetinin 1993- cü il iyunun 5- i tarixli sayında dərc olunmuş məqalədən bir parçanı oxucuların diqqətinə çatdırmaq istərdim. Beləliklə, “Sədərək darda qalmayacaq” sərlövhəli yazıdan bir hissə: “Erməni təcavüzü sərhəd zonasında yaşayanların, xüsusilə Sədərək camaatının həyatına ciddi zərbələr vurur. Kərki kəndi ermənilər tərəfindən işğal ediləndən sonra dəfələrlə Sədərəyi atəşə tutmuşlar. Lakin qeyrətli oğullarımızın, canlarını qurban vermiş şəhidlərimizin döyüş mətanəti bu təcavüzün qarşısını alıb. Aprelin 26-da səhər saat 9:30-da ermənilər yenidən bizimkiləri pulemyotlardan, minaatanlardan, qumbar­atanlardan atəşə tutublar. Sədərəyə yenə də mərmilər yağdırılıb,10- a yaxın ev dağılıb, bir nəfər 9 yaşlı qız uşağı yaralanıb. Sabitlik yaranmayanda sərhəd kənarında təsərrüfat işləri aparmaq mümkün olmur. Erməni təcavüzü nəticəsində elə keçən il kənd camaatı, təsərrüfat adamları yetişdirdikləri məhsulu vaxtında yığa bilmədilər. 20 hektar sahənin taxılı biçilmədi, açılan atəş nəticəsində taxıl sahəsi od tutub yandı. Üzümlüklər basdırılmadığından onları qışda şaxta vurdu. 8 aya yaxın Sədərək əhalisi doğma ocağından didərgin düşdü, Vəlidağ sahəsində çadırlarda yaşadılar. Ötən ilin dekabr ayının 15- dən sonra sərhəddə təhlükəsizlik təmin edildi və adamlar öz evlərinə qayıtdılar. Sədərəklilər əzab-əziyyət içində yaşayırlar, qayğıları çoxdur, işsizlik də bir yandan adamların əl-qolunu bağlayıb. Rayon mərkəzində üç şərab zavodu və Naxçıvan trikotaj fabrikinin filialı vardır. Hörmətli rəhbərimiz, xilaskarımız Heydər Əliyevin yaxından köməkliyi, təşəbbüsü sayəsində Sədərək bu ağır vəziyyətdən xilas edildi. Sədərəklilər indi ən çox sərhəddə sabitlik yaranmasını istəyirlər”.

    Bəli, kiçik bir yazı o dövrün real mənzərəsini bir neçə cümlə ilə ortaya qoyur. Bu gün qədirbilən sədərəklilər dünənini unutmur, bu gününü firavan yaşayır, gələcəyə əminliklə baxırlar. Bu inamın, dövlətimizə sonsuz sədaqətin, gələcəyə əminliyin təməli ulu öndərimizin Naxçıvana gəlişi ilə atılıb. Muxtar respublikamızın rəhbəri cənab Vasif Talıbov tərəfindən həyata keçirilən ardıcıl və qətiyyətli tədbirlər Sədərəyi düşmən önündə alınmaz qalaya çevirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Sədərək rayonunun sosial- iqtisadi inkişafı haqqında” 15 mart 2000-ci il tarixli Sərəncamı böyük uğurların qazanılmasına zəmin yaradıb. Bütün bu görülən işlərin muxtar respublikanın özünün blokada vəziyyətində ola-ola edilməsi isə böyük insanların böyük əməllərindən, sonsuz vətən sevgisindən, vətən, xalq təəssübündən xəbər verir. Dünən hər bir sədərəkli ata-ananın övladının sabahı haqda nigaranlığı, narahatlığı var idisə, indi bu narahatlığı gələcəkdən əminlik əvəz edib. O illərdə Sədərək kəndlisinin tarlası gözü qabağında atılan mərmilərdən od tutub yanırdısa və onun ailəsi ac-susuz qalmağa məhkum olurdusa, indi bu tarlalarda istənilən məhsulu əkir və ondan bəhrələnir, özünə gün- güzəran qurur. Suyu da var, texnikası da, toxumu da, gübrəsi də. İşsizlik indi rayonda, demək olar ki, yox səviyyəsindədir. İşləmək, ailəsini dolandırmaq istəyən hər kəsə ixtisasına görə iş var. O zamanlar pəncərə qarşısında şam yandırmaq belə, təhlükəli idisə, bu gün gecələr bütün rayon ərazisi parlaq işıqlara bürünür. Sərhəddən hər gün qan-qada, şəhid xəbəri gəlirdisə, indi rəşadətli igidlərimizin qələbə səsləri ucalır. Rayon ərazisi o zaman məskunlaşma üçün ən əlverişsiz ərazi sayılırdısa, indi buraya muxtar respublikamızın bütün bölgələrindən insanlar axın edir, yaşayıb-yaradırlar. Bu gün Sədərək rayonunun öz sosial- iqtisadi göstəriciləri davamlı inkişafdan, tərəqqidən xəbər verir.

    Daha nurlu sabahlara, inkişaf və tərəqqiyə doğru

    Sədərək
    Sədərək


























    Dünəndən bu günə uzun bir yol gələn qədim Sədərək torpağının hər qarışı ulu tarixdən soraq verir. Bu izlər onun tarixi abidəsində qorunur, nəsildən-nəslə ötürülür. Sədərək tarixin heç bir dönəmində yaşadığımız dövrdəki kimi abad, gözəl, füsunkar olmayıb. İnfrastrukturu müasir şəkildə yenilənərək inkişafın yeni mərhələsinə qədəm qoyan bu rayon inkişaf etmiş bölgələrdən heç nə ilə fərqlənmir. Bu gün özünün çiçəklənmə dövrünü yaşayan Sədərəyin yaraşığına həyata keçirilən tikinti-quruculuq, abadlıq, yaşıllaşdırma tədbirləri hesabına yeni gözəlliklər əlavə edilir. Təmizlik, səliqə-sahman, nizam-intizam şəhərin əsas atributlarına çevrilib. Bu qədim diyarda sistemli şəkildə aparılan işlər ümumi iqtisadi fəallığı daha da gücləndirib, investisiya cəlbediciliyi əhəmiyyətli dərəcədə yüksəlib. Bir vaxtlar düşmən təcavüzünə qarşı mübarizənin qalasına çevrilən bu diyarda hər şey yeni, ürəkaçandır. Dəyişməyən bir şey varsa, o da insanların vətən, yurd sevgisidir.Bu gün özünün intibah və çiçəklənmə dövrünü yaşayan, möhtəşəm şəkildə yenidən qurulan, gözəlləşən, gözlərimizin önündə günü-gündən dəyişən Sədərək rayonu baş tacımızdır, bəzəyimizdir. Doğma diyarımız uğurlu quruculuq və sosial-iqtisadi inkişaf yolu ilə inamla, qətiyyətlə addımlayır. Böyük öndər Heydər Əliyevlə başlayan bu yol Sədərəyi daha böyük xoşbəxtliyə, daha işıqlı sabahlara aparır. Sədərək rayonunda artıq daimi xarakter alan tərəqqi və inkişaf, heç şübhəsiz ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın uğurlu icrası istiqamətində muxtar respublika rəhbəri tərəfindən reallaşdırılan ardıcıl və yorulmaz fəaliyyətin, məqsədyönlü və qətiyyətli mövqeyin, fədakar işin məntiqi nəticəsidir. İndi Sədərək, eləcə də Heydərabad qəsəbəsi park və xiyabanlar, meyvə bağları, məhsuldar əkin sahələri, geniş və yaraşıqlı küçə və prospektləri ilə bura gələnləri heyrətdə qoyur. Buraya illər sonra yolu düşən insanları heyran qoyanmöhtəşəm dəyişikliklər yeni yaşayış massivləri, hərtərəfli iş şəraiti yaradılan inzibati binalardır, gülzarlıqlardır, parklardır.

    Bugünkü əmin-amanlıq, yüksək rifah məhz Heydər Əliyev ideyalarının gerçəkləşməsi hesabına mümkün olub.

    Sərxan İSMAYILOV

    Oğuz yurdu qəzetinin redaktoru



    Yazar: Naxcivanxeberleri.com   Tarix 29-09-2016, 16:36   












    Şərhlər (Facebook)