Ev Rəsmi Xronika ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANA RƏHBƏRLİYƏ BAŞLAMASINDAN 48 İL ÖTÜR

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANA RƏHBƏRLİYƏ BAŞLAMASINDAN 48 İL ÖTÜR

221
0
PAYLAŞ

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı 2017-ci il iyulun 14-də Heydər Əliyev Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasının 48-ci ildönümünə həsr olunmuş tədbir keçirib.

NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə YAP Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan MR Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə Azərbaycanda və Naxçıvan Muxtar Respublikasında vaş verən sosial-iqtisadi və milli-mədəni yüksəlişdən danışaraq bildirib ki, Azərbaycan milli şüurunun böyük himayədarı, müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu Heydər Əliyev xalqı və dövləti üçün xidmət göstərməyi ömrünün başlıca qayəsi hesab edib, Vətənə, xalqa, dövlətə sədaqətlə və yorulmaz xidmətin müstəsna nümunəsini yaradıb.
1969-cu ildə ulu öndər Azərbaycana rəhbərliyə başlayanadək respublikamız keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri idi. Bir çox sosial-iqtisadi parametrlər üzrə Azərbaycan 15 müttəfiq respublika arasında 13-14-cü yerləri tuturdu. Belə ki, 1961-1969-cu illərdə respublikada təkcə sənaye sahəsinə kapital qoyuluşu 3 milyard manata yaxın olsa da, digər respublikalarla müqayisədə çox ləng inkişaf edirdi. Belə ki, əsaslı tikinti sahəsi geridə qalan, respublika iqtisadiyyatının və istehsal qüvvələrinin inkişafını tormozlayan sahə kimi səciyyələnirdi. 1966-1970-ci illərdə plan üzrə ayrılan kapital qoyuluşunun 436 mln. manatı istifadə edilməmiş qalmışdı. Bu isə onlarla sosial-iqtisadi və mədəniyyət obyektlərinin inşa edilməməsi demək idi. Həmin müddətdə əsası qoyulan bir sıra iri sənaye obyektlərinin də tikintisi illərlə yubadılmış, vaxtında istifadəyə verilməmişdi. Bundan başqa, 1970-ci il yanvarın 1-ə respublikada anbarlarda dəyəri 100 mln. manatdan çox olan istifadə edilməmiş avadanlıq yatıb qalmışdı. 1960-1970-ci illərdə İttifaq üzrə tikintidə əmək məhsuldarlığı 58 faiz, ümumi milli məhsul 43 faiz, milli gəlir 99 faiz artdığı halda, Azərbaycanda bu göstəricilər müvafiq olaraq 36, 22 və 66 faiz olmuşdu. Bu dövrdə milli gəlirin adambaşına düşən miqdarı İttifaq üzrə göstəricidən 3 dəfə az (130 manat) olmuşdu. Azərbaycan ümumittifaq səviyyəsindən əsas fondlara görə 1,8, kapital qoyuluşuna görə isə 1,7 dəfə geri qalırdı. Neft sənayesində, energetikada, qara metallurgiya, kimya, neft kimyası sahələrində fasiləsiz iş ritmi pozulmuşdu. 1966-cı ildən neft hasilatı ildən-ilə azalmış, 4 il ərzində artımın aşağı düşməsi 1,5 mln. tondan çox olmuşdu. Qazma işlərinin başa çatdırıldığı 272 quyudan 84-ü və ya 31 faizi layihə səviyyəsinə çatdırılmamışdı.
Bütün bu iqtisadi geriliyin fonunda respublikamızda mədəni-mənəvi mühit də o qədər ürəkaçan deyildi. Bütün İttifaqda Azərbaycan haqqında SSRİ-nin ən perspektivsiz əyalətlərindən biri təsəvvürü formalaşmışdı. Sovet rəsmiləri səviyyəsində belə bir fakir yaranmışdı ki, məşhur neft yataqları öz keçmiş əhəmiyyətini itirib və respublikanın neftə hesablanmış iqtisadiyyatı rəzilliklə sürünməyə məhkumdur. Hakimiyyət uğrunda getdikcə daha eybəcər formalar alan gizli mübarizə gedirdi. Buna hər şeydən əvvəl respublikanın siyasi hakimiyyətindəki çəkişmələr, əmək intizamının və tələbkarlığın olmaması, hökumət orqanlarındakı cəmiyyətə çox mənfi təsir göstərən, cəzasızlıq və özbaşınalıq şəraiti yaradan qohumbazlıq və rüşvətxorluq mane olurdu. Bu problemlər respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatının bütün sahələrinə son dərəcə mənfi təsir göstərmiş, nəticədə fırıldaqçılıq, möhtəkirlik və korrupsiya halları cəmiyyətin ən aşağı təbəqələrinə də ciddi sirayət etmişdi.
Ermənilər 1960-cı illərdə də Azərbaycan torpaqlarına qarşı ərazi iddialarını davam etdirmiş və mərkəzi hakimiyyətin fəal dəstəyi ilə bir sıra hallarda Azərbaycan ərazilərini qəsb etməyə nail olmuşdular. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti ərazi məsələsi ilə bağlı ermənilərin xeyrinə 1969-cu il may ayının 7-də “Azərbaycan SSR ilə Ermənistan SSR arasındakı sərhədin qrafik təsvirinin təsdiq edilməsi haqqında” qərarı bu qəbildən idi. Qərar əslində Azərbaycan SSR Ali Sovetinin 1938-ci il mayın 7-də Laçın, Qubadlı, Kəlbəcər və Qazax bölgələrindən 2 min ha torpaq sahəsinin Ermənistana verilməsi haqqında təsdiqlədiyi protokolun analogiyası idi və onun 1969-cu il noyabrın 1-dək Ermənistan nümayəndələri ilə birlikdə təmin edilməsi respublika hökumətinə tapşırılmışdı.
Belə bir dövrdə, 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyət dəyişikliyi baş verdi, Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın (AKP MK) birinci katibi, MK-nın büro üzvü seçildi. Heydər Əliyev 1923-cü il may ayının 10-da Naxçıvan şəhərində dünyaya göz açmış, uşaqlıq illərini Naxçıvanda keçirərək orta təhsilini də burada almışdı. Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra, 1939-1941-ci illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyasının) memarlıq fakültəsində təhsil almışdı. 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili işlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri işləmişdi. 1944-cü ilin mayında Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmiş, Naxçıvan MSSR DTK-nın 5-ci bölməsinin rəisi vəzifəsinədək yüksəlmişdi. 1949-cu ildə SSRİ DTK-nın Leninqraddakı (indiki Sankt-Peterburq) məktəbində xüsusi təhsil almış, 1950-ci il iyulunda Naxçıvana qayıtmışdı. 1950-ci il avqustun 25-də Azərbaycan DTK-nın 2-ci şöbəsinin 6-cı bölməsinin rəisi vəzifəsinə təyin olunmuş, 1956-cı il fevralında 2-ci şöbənin rəis müavini, 1958-ci il avqustunda əks-kəşfiyyat şöbəsinin (2-ci şöbə) rəisi vəzifəsinə təyin edilmişdi. Heydər Əliyev 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinin qiyabi şöbəsini bitirmişdi. Heydər Əliyev 1960-cı ildə podpolkovnik rütbəsi almış, 1964-cü il martın 2-də Azərbaycan SSR Nazirlər Soveti yanında DTK-nın sədr müavini vəzifəsinə təyin olunmuşdu. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 22 iyun 1967-ci il tarixli əmri ilə Heydər Əliyev Azərbaycan SSR Nazirlər Soveti yanında DTK-nın sədri vəzifəsinə təyin olunmuş, həmin il oktyabrın 30-da general-mayor rütbəsi almışdı.
AKP MK-nın 1969-cu il iyulun 14-də keçirilən plenumunda respublikaya rəhbər seçilən Heydər Əliyev AKP MK-nın 1969-cu il avqustun 5-də keçirilən plenumundakı məruzəsində respublikada mövcud olan və cəmiyyəti narahat edən bütün irili-xırdalı problemləri açıq şəkildə qabardaraq həmin problemlərin yaranmasına və ya həllinə cavabdeh olan vəzifəli şəxslərin adlarını açıq qeyd etdi və bu vəziyyətin yaranmasında günahı olan hər bir kəsin məsuliyyət daşıyacağını qətiyyətlə bildirdi.
Ulu öndərin Azərbaycana rəhbərliyinin ilk günlərindən gələcək sosial-iqtisadi inkişafın, milli-mədəni yüksəlişin üfüqləri aydın görünməyə başladı. Nəticədə Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə sənaye istehsalının həcmi 2,6 dəfə artdı, 1981-ci ildə sənaye məhsulunun ümumi istehsalı 11 mlrd. manat təşkil etdi. Bu rəqəm 1920-70-ci illəri əhatə edən əvvəlki 50 il ərzində cəmi 4 mlrd. manat olmuşdu. Azərbaycan sənaye məhsulunun istehsal artımına görə SSRİ-də birinci yerə çıxmışdı. 1969-1982-ci illərdə Azərbaycanda sənaye istehsalı 2,7 dəfə artmış, əvvəlki 50 ildə olduğu qədər və ya son 30 ildəkindən təxminən iki dəfə çox – 101,5 mlrd. manatlıq məhsul istehsal edildi.
Artıq 1990-cı illərin əvvəllərində Azərbaycan SSRİ-də istehsal olunan neftçıxarma texnikasının 2/3 hissəsini verir, neft maşınqayırma sahəsində ABŞ-dan sonra dünyada ikinci yeri tuturdu. 1971-1980-ci illərdə neftayırma zavodlarının yenidən qurulmasına qoyulan vəsait əvvəlki on ildəkindən 3 dəfə çox – 351,2 mln. manat oldu. 1970-ci illərdə 25 min ton istehsal gücünə malik Cənubi Qafqazda ən iri poladtökmə zavodu tikilərək istifadəyə verildi, Bakı və Gəncə cihazqayırma zavodlarında yenidənqurma işləri aparıldı, yeni istehsal sahələri açıldı. Yaponiyanın “Toşiba” şirkətinin lisenziyası əsasında cəmi iki il ərzində inşa edilən və SSRİ-də miqyası və texnoloji səviyyəsinə görə bu tipli dördüncü sənaye kompleksi olan Bakı Məişət Kondisionerləri Zavodu 1975-ci ilin dekabrında istifadəyə verildi. Bundan başqa, həmin dövrdə “Ulduz” elektrik cihazları, “Azon”, “İskra” zavodları, Sumqayıtda məişət kompressorları zavodu, 1984-cü ildə Bakı ağır elektrik qaynaq avadanlığı zavodu istismara verildi.
“Gülüstan” sarayı, Heydər Əliyev Sarayı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin, Milli Təhlükəsizlik Nazirliyinin binaları, Azərbaycan televiziyasının teleötürücü qülləsi, Azərbaycan Ensiklopediyası, Kosmik Tədqiqatlar İnstitutu, Dəmir yolu İdarəsi, Bakı Dəmir yolu vağzalı, Əl Oyunları Sarayı, İdman-Sərgi Kompleksi, Gəncə Avtomobil Zavodu, “Elektroterm” zavodu, Sumqayıt İplik-Əyirici Fabriki, Lənkəran Konserv Zavodu, Xırdalan Ət və Süd emalı Kombinatı, “Sirab” Mədən Suları Zavodu, Bakı Zərgərlik Zavodu, Bakı Elektrik Maşınqayırma Zavodu, Radiozavod, Elektron Hesablayıcı Maşınları Zavodu, Gəncə “Büllür” Zavodu, Dəniz vağzalı, “Alunit” zavodu, “Moskva”, “Azərbaycan”, “Abşeron” mehmanxanaları və onlarla bu cür mühüm nəhəng sənaye müəssisələri və infrastruktur obyektləri həmin illərin quruculuq nümunələri idi. Ümumiyyətlə, 1970-1982-ci illərdə Azərbaycanda 250 yeni müəssisə, istehsalat və sex tikilmiş, neftayırma sənayesi müəssisələri tamamilə yenidən qurulmuş, iri elektron, elektrotexnika, radiotexnika, cihazqayırma sənayesi zavodları inşa olunmuşdu.
70-80-ci illərdə respublikanın yanacaq-energetika kompleksinin inkişafına əvvəlki on ildəkindən 1,8 dəfə çox, 300 mln. manat kapital yönəldildi. 1981-ci ildə Mingəçevirdə Azərbaycan iqtisadiyyatının ən böyük müəssisələrindən biri və Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES istifadəyə verildi. Bu dövrdə Azərbaycanın yalnız iki elektrik stansiyası – Mingəçevir və Şirvan elektrik stansiyalarının gücü SSRİ-də tikilməsi nəzərdə tutulan 30 stansiyanın gücünə bərabər idi. Respublikanın energetika kompleksinə 15,2 mlrd. kilovat elektrik enerjisi istehsal edən 18 iri elektrik stansiyası daxil idi.
1970-1981-ci illərdə kənd təsərrüfatının ümumi məhsulu 2,6 dəfə çoxalmış, təkcə məhsul artımı 11,1 mlrd. manata çatmışdı. 1969-1982-ci illərdə kənd təsərrüfatının məcmu məhsulu 2,7 dəfə, əmək məhsuldarlığı 2,2 dəfə yüksəlmişdi.
1986-cı ildə İttifaq üzrə istehsal olunan məişət kondisionerlərinin 100 faizi, neft-mədən avadanlığının 70 faizi, elektrik mühərriklərinin 12 faizi, baramanın 13 faizi, pambıq mahlıcının 9 faizi, yaşıl çay yarpağının 5 faizi, tərəvəzin 3 faizi Azərbaycanın payına düşürdü.
XIX əsrdən 1969-cu ilədək Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 14 ilə yaxın müddətdə onların sayı 1048-ə çatmışdı. Azərbaycan həmin illərdə neft məhsulları, neft avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, məişət kondisionerləri, mineral gübrələr, xalça və digər istehsal növləri üzrə Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. 1970-1982-ci illərdə iqtisadiyyatın inkişafına 23,9 mlrd. manat vəsait qoyulmuşdu ki, 1920-1982-ci illərdə sərf edilən vəsaitin 58,4 faizini təşkil edirdi. Həmin illərdə 633 min yeni iş yeri yaradıldı. 1969-1982-ci illərdə 18,5 mln. kvadratmetr mənzil sahəsi (376,1 min yeni tikilmiş mənzil) istifadəyə verildi, Bakı şəhərinin mövcud yaşayış fondu miqyasına bərabər yeni “şəhər” salındı. Həmin mənzillərin hesabına 2,2 mln.-dan çox adam, yəni respublikanın hər üç sakinindən biri yeni evdə məskunlaşdı və ya öz mənzil şəraitini yaxşılaşdırdı.
Ümummilli liderin bütün həyatı və fəaliyyəti Naxçıvanla daim sıx bağlı olmuşdur. Belə ki, Azərbaycan KP MK-nın birinci katibi işlədiyi illərdə Heydər Əliyev 5 dəfə Naxçıvana gəlmiş, hər səfərində sosial-iqtisadi inkişafla bağlı məsələləri araşdıraraq muxtar respublika sənayesi və kənd təsərrüfatının aktual problemlərini diqqət mərkəzində saxlamış, onların təcili həlli üçün müvafiq qərarlar qəbul etmiş və bütün zəruri addımları atmışdı. Nəticədə Naxçıvan 70-80-ci illərdə özünün sosial-iqtisadi inkişafında sürətli yüksəliş mərhələsini yaşamış, qısa müddətdə intensiv inkişafa nail olunmuşdu. Naxçıvan MR-də sənaye məhsulu istehsalının ümumi həcmi 1970-ci ilə nisbətən 1985-ci ildə 4,6 dəfə çoxalmışdı. 1970-1985-ci illərdə iqtisadiyyatın bütün sahələrinin inkişafına 900 milyon manat sərmayə yatırılmış, onun orta illik həcmi 60 milyon manat təşkil edərək əvvəlki 10 ilin göstəricisindən 2,9 dəfə çox olmuşdu. Muxtar respublika iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən 783 milyon manatlıq əsas fondlar istifadəyə verilmişdi. Həmin illərdə muxtar respublikada tikilmiş 21 sənaye müəssisəsinin 16-sı iri müəssisələr idi. 1970-1985-ci illər ərzində kənd təsərrüfatının bütün əsas məhsulları üzrə əhəmiyyətli artım müşahidə olunmuş, əməyin fondla təchizatı 2,6 dəfə, təsərrüfatların mineral gübrələrlə təminatı 4 dəfə, əmək məhsuldarlığı 2,2 dəfə yüksəlmişdi. Naxçıvanda su təsərrüfatı problemlərinin həllinə 119 mln. manat vəsait yönəldilmiş, 4 böyük su anbarı, 10-a yaxın sututar tikilib istifadəyə verilmiş, su anbarlarının ümumi sayı 22-yə çatmışdı.
1993-cü ildə dövlət müstəqilliyimiz məhvə sürüklənəndə də böyük Heydər Əliyev ilahi bir xilaskarlıq missiyası ilə Azərbaycanı bütün sınaqlardan qətiyyətlə və üzüağ çıxarıb. Bu mənada ulu öndərin Azərbaycanın müstəqilliyi yolunda müzəffər yürüşünün başlanğıcı olan, 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb yaratdığı, siyasi fəaliyyətlə məşğul olduğu və muxtar respublikamıza başçılıq etdiyi dövr Azərbaycanın müstəqillik tarixində xüsusi mərhələ təşkil edir. Ulu öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri işlədiyi dövr muxtar respublikanın sosial-iqtisadi potensialının qorunub saxlanılmasında, ermənilərin hərbi təcavüzünün qarşısının alınmasında və muxtariyyətin hüquqi statusunun möhkəmləndirilməsində mühüm mərhələdir. 1993-cü ilin iyununda ulu öndərin ölkə rəhbərliyinə qayıdışından sonra Naxçıvanın muxtariyyət statusu daha da möhkəmləndirilib. 1995-ci il Azərbaycan Konstitusiyasında Naxçıvan Azərbaycanın tərkibində muxtar dövlət elan edilib. 1998-ci ilin dekabrında isə Naxçıvan Muxtar Respublikasının Konstitusiyası qəbul olunub.
Hazırda həm ölkəmizdə, həm də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikamızda ümummilli liderin dövlətçilik siyasəti uğurla davam etdirilir. Bütün XX əsr boyu əsasən aqrar region kimi tanınan Naxçıvan MR ümummilli lider Heydər Əliyevin banisi olduğu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində intensiv şəkildə sənayeləşən bölgəyə çevrilib. Naxçıvan hazırda müstəqillik dövründə əldə edilmiş elmi-mədəni intibahın nailiyyətlərini özündə yaşadan region kimi həm ölkəmizdə, həm də onun sərhədlərindən kənarda nüfuz qazanıb. 2018-ci il üçün Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi bu nüfuzun təzahürlərindən biridir.
Daha sonra YAP Naxçıvan Şəhər Təşkilatının sədri E.Cəfərli Yeni Azərbaycan Partiyasına üzv qəbul edilən bir qrup gəncə üzvlük vəsiqələrini təqdim etmişdir.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətindən bəhs edilən “Ən Böyük Azərbaycanlı” filmi nümayiş etdirilmişdir.

Görüntünün olası içeriği: 1 kişi, iç mekan

Görüntünün olası içeriği: 3 kişi, ayakta duran insanlar ve iç mekan

Görüntünün olası içeriği: 3 kişi, gülümseyen insanlar, iç mekan

Görüntünün olası içeriği: 14 kişi, ayakta duran insanlar ve iç mekan

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here