Ev Köşə yazıları Süvenir və ya ölkə haqqında xatirə

Süvenir və ya ölkə haqqında xatirə

298
0
PAYLAŞ

Deyirlər ki, çox oxuyan çox bilməz, çox gəzən çox bilər. Bu yay məzuniyyət imkanından istifadə edib Türkiyənin və Gürcüstanın Qara dəniz bölgələrinə səfər etdim. Düzünü deyim ki, bu yerlərdə dənizlə yaşıl örtüklü dağların vəhdətindən yaranan mənzərə həmişə xoşuma gəlib. Amma mənim demək istədiklərim bu yerlərin təbiəti ilə bağlı deyil. Çünki bu gün əksər azərbaycanlılar məmnuniyyətlə bu yerləri gəzirlər. Sadəcə burdakı insanların turizm adlanan bir gəlir vasitəsindən (başqa söz tapa bilmədim) ustalıqla istifadə etmələridir. Gəzdiyimiz hər yerdə sanki adamlar turistlərlə münasibət qurmaqla bağlı xüsusi məktəb keçiblər. Hər kəs soruşduğun ünvanı səbrlə sənə başa salmağa çalışır, xidmət sahələrində isə nəzakət və hörmətlə qarşılayıb yola salırlar. İnsanlar turizmi vahid bir mexanizm kimi dərk edirlər. Başa düşürlər ki, onların ölkələrinə və şəhərlərinə gələn qonaqlar “potensial gəlir mənbəyi”-dir. Onların özlərinə birbaşa olmasa da dolayı yolla yaşadıqları şəhərdə kiməsə xeyir verəcəklər. Bu adamlar isə onların ev kirayə verən qohumları, yaxşı restoranı olan qardaşı və ya əmoğlusu da ola bilər. Bundan başqa turistlərin daha çox olduğu yerlərdə öz şəhərləri ilə bağlı sərgilənən kiçik süvenirlər, papaq, yaylıq kimi milli geyimin, bəzək əşyasının, məişət qabının satış –sərgisi mütləq qabağına çıxır. Məsələn, Trabzon şəhərində Ayasofya məbədi, Sümeyla monastrının şəkilləri, kiçik açıqcaları diqqəti çəkir. Gürcüstanın Batumi ətrafında isə bu işdə bir az da qabağa gediblər. Burda hansısa dəmir lövhəyə bərkitmək üçün arxasına maqnit bərkidilən və üzərində müxtəlif şəkillər, ornamentlər olan medalyon formalı saxsı nümunələri, milli papaqlar, buynuzdan olan qədəhlər istənilən turizm obyektində çox münasib qiymətə (təbii ki turistlər üçün) təkif olunur. Muncuqlar, qadınlar üçün bəzək əşyaları, boyunbağların yanında isə həmişə alıcıları görmək mümkündür. Axı istər-istəməz səyahətə gəldiyimiz ölkə ilə bağlı evə hansısa xatirə əşya aparmaq hamımızın ən həssas yeridir. Bu əşyalar kiçik və daşınması asan olduqda isə daha məqsədə uyğun hesab edilir. Mən bunun xırda biznes olması, vətəndaşa gətirdiyi gəliri isə demirəm. Bütün bunlar gör–götür dünyasında hamıya yaxşı məlumdur. Amma bir şeyə təəssüflənirəm ki, bu gün dünyanın diqqətini cəlb edə bildiyimiz Naxçıvanda bu işlərin görülməsi üçün aidiyyatı təşkilatlara göstərişlər verilsə də, süvernirlərin düzəldilməsi ilə məşğul olan, müasir avadanlıqla təchiz edilən istehsal sexlərinin ustalarının, eləcə də sənətkarların nədənsə bu cür qazanq mənbəyinə laqeyid yanaşmaları düşündürücü deyilmi? Dünyanın harasından gəlməsinə baxmayaraq bütün qonaqları heyrətləndirən Batabatın Üzən adası, Fərhad evi (Ağ karvansara), Nəbi eyvanının süvernirlərini düzəltmək indiki sənətkarların, ustalarının əlində nə çətin işdir ki? Əshabi-kəhfin qayalarda bitən müqəddəs hesab etdiyimiz Dağdağan ağaclarından ustalıqla düzəldilən, milli naxışlarla bəzdilən muncuqlar, bəzək əşyaları uşaqlarını “bəd nəzərdən” qorumağa çalışan valideynlər üçün maraqlı süvenir və hədiyyə olmazmı? Göyə alov dilimi kimi üz tutan Haçadağ, babalarımızın min illər əvvəl çəkdiyi ilk rəsm əsərləri, piktoqrafik yazı nümunəsi olan Gəmiqaya təsvirləri, əyilməzlik simvolu Əlincəqalanın divarlarının əksi olan süvenirlər öz ərazilərində və ya hansısa turizm obyektində kiçik hədiyyələr, bəzək əşyaları kimi satışa qoyula bilməzmi ? Mən hələ memarlıq incilərimizi – Nuh peyğəmbərin məzarüstü abidəsi, Yusif Küseyr oğlu, Mömünə Xatın türbələri, yenidən həyata vəsiqə alan Gülüstan, Qarabağlar türbələri, İmamzadələri demirəm. Təssüf ki, bunların açıqcaları, süvenirlərini kütləvi şəkildə , turistlərin cəlb olunduğu geniş abidə komplekslərdə yetərincə görə bilmirik. Təbii ki bu gözəlliyi görən, amma onu özü ilə apara bilməyən əcnəbi qonaq məmnuniyyətlə onun kiçik əksini özü ilə daşımaq istəyəcəkdir. Bu həm gəlirli qazanc mənbəyi, həm də Naxçıvanımızın təbliği üçün çox yaxşı vasitə ola bilər. Düzdür, bu gün muxtar respublikaya dövlət səviyyəsində gələn qonaqlara Naxçıvanın nemətləri, istehsalı olan məhsulları hədiyyə şəklində təqdim edilir. Lakin şəhərimizə- qoca Şərqin qədim incisi sayılan Naxçıvana gəzmək, istirahət etmək üçün üz tutan sıravi əcnəbilərin – turistlərin sayı onlardan daha çoxdur axı. Məncə, Duzdağ mağarasını ziyarət edən bir əcnəbi turist orda duzdan hazırlanan münasib ölçüdə olan Naxçıvanın hansısa abidəsini, dağını özündə əks etdrən keramika məmulatını məmnuniyyətlə alıb özü ilə ölkəsinə apara bilər. Necə ki, biz getdiyimiz ölkələrdən onların mədəniyyəti, mətbəxi, etnoqrafiyası ilə bağlı hansısa əşyanı alıb gətiririk. Qarşıdan Naxçıvan üçün çox böyük əhəmiyyətli bir hadisə – İslam Mədəniyyətinin Paytaxtı kimi bir missiyanı yerinə yetirmək gəlir. Təbii ki, bu münasibətlə gələn qonaqlar üçün bu istiqamətdə indidən hazır olmalıyıq, bu istiqamətdə MR rəhbərliyi tərəfindən bu sahə ilə əlaqəli olan aidiyyatı strukturlara müvafiq tapşırıqlar da verilmişdir. Çünki bu əlamətdar hadisədən sonra muxtar respublikaya gələn turistlərin sayı daha da artacaq. Bu iş ölçüsünə görə ilk baxışdan kiçik görünsə də əslində arxasında çox böyük təbliğat dayanır. Mən də yuxarıda adlarını çəkdiyim, eləcə də yaddan çıxan, əcnəbi turistlərin Naxçıvanımızdan xatirə kimi ala biləcəkləri kiçik süvernirlərin bu işlə məşğul olan sənətkarlarımız, ustalarımız tərəfindən elə bu gündən başlayaraq hazırlanacağına inanıram, bu həm onlara gəlir gətirəcək, həm də ölkəmizin xaricdə təbliğatına bir vəsilə olacaqdır.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here