Ev Regionlar Şahtaxtı hamamının arxeoloji tapıntıları və memarlıq ənənələri

Şahtaxtı hamamının arxeoloji tapıntıları və memarlıq ənənələri

40
0
PAYLAŞ

Naxçıvan ərazisində yerləşən tarix və memarlıq abidələrində intensiv surətdə aparılan təmir-bərpa işləri, həmçinin onların mühafizəsi milli və mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən 2005-ci il 6 dekabr tarixdə imzalanmış “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncama əsasən qeydə alınan və pasportlaşdırılan yüzlərlə tarix və memarlıq abidəsi unudularaq yoxa çıxmaq təhlükəsindən xilas edilmişdir. Belə abidələrdən biri türk-islam mədəniyyətinin dəyərli nümunələrindən olan Şahtaxtı hamamıdır.

2006-cı ildə XIX əsr abidəsi kimi qeydə alınaraq pasportlaşdırılan bu abidə paklanmanın əsas məkanı, hamam mədəniyyətinin simvollarındandır. Şərq ölkələrində insanların sosial həyatının ayrılmaz element­lərindən biri məhz hamam mədəniyyəti ilə bağlı olmuşdur. İslam mədəniyyəti hamamlara xüsusi çalarlar gətirmiş, onların funksiyasını genişləndirmiş, dəyərini artırmışdır. Onlar artıq yaşayış yerlərinin mərkəzlərində, məscidlər, karvansaralar və digər ictimai tikililərlə birlikdə yer almışlar. Orta əsrlər dövründə müsəlman ölkələrinə aylarla yol qət edərək gələn səyyah və tacirlərin hamamlarda yuyunub paklandıqdan sonra şəhər-qalaların içərisinə daxil olmasına icazə verilməsi haqqında mənbələrin məlumatı hamamların ictimai həyatda oynadığı rolu əks etdirir. Mənbələrdə XIII əsrdə Azərbaycan şəhərlərinin hər bir darvazasının yanında çaharbazar, karvansara və hamamların olması haqqında verilən məlumatlar yuxarıdakı fikri təsdiq edir. Göründüyü kimi, mənbələrdəki məlumatlar, əsasən, şəhər hamamları ilə bağlı olmuşdur.

Naxçıvan Muxtar Respublikasının bir çox yaşayış məntəqələrində, o cümlədən Şahtaxtı, Xok, Yengicə və digər kəndlərində vaxtilə fəaliyyət göstərmiş hamamların günümüzədək gəlib çatan qalıqları göstərir ki, belə yerlər, sadəcə, şəhər həyatında deyil, kəndlərdə də insanların həyat tərzinin vacib elementlərindəndir. İsa Sultan adlı bir xeyriyyəçi tərəfindən tikdirildiyi mənbələrdə qeyd edilən Şahtaxtı hamamı türk-islam mədəniyyətinin kəndlərimizdəki ictimai tikililərdə öz əksini tapan nümunələrindəndir. Buradan aşkar edilən arxeoloji tapıntıların timsalında hamamların təchizatını daha aydın şəkildə izləmək olar. Şahtaxtı kəndinin mərkəzində yerləşən hamamın binasının uzunluğu 20, eni 9 metrdir. Yarım yeraltı formada olan binanın giriş qapısına doğru xaricdən pillələri olmuşdur, lakin binadan istifadə edilmədiyinə görə, onların üstü torpaq təbəqəsi ilə örtülmüşdür. Günçıxan istiqamətdə olan giriş hissə 1,1×2, divarının qalınlığı isə 2 metrdir.

Türk-islam mədəniyyətinin ən mühüm elementlərindən biri Şahtaxtı hamamının uzaqdan diqqəti cəlb edən günbəzlərində əks olunmuşdur. Bir-birindən 3,8 metrlik məsafədə ucalan günbəzlərin diametri 5 metr, hamamın dam örtüyündən başlayaraq yuvarlaq konusvarı şəkildə ucaldılan hissəsinin xaricdən hündürlüyü isə 1,3 metrdir. Günbəzlər yerli çay daşlarından hörülərək yuxarıya doğru tədricən yığılmaqla mərkəzində olan dairəvi baca ilə tamamlanmışdır. İçərinin işıqlandırılması bu bacalar vasitəsilə həyata keçirilmişdir. Hamamın tavanında açılmış bacalar kompleksi ikitiplidir. Birinci tip bacalar günbəzlərin qurtaracağında yaradılan iki nümunədir ki, onlardan birincisi 60 santimetrlik, ikincisi isə 1 metrlik diametrə malikdir. İkinci tipə aid olan bacalardan dördü 60, beşincisi isə 30 santimetrlik diametrə malik olub, binanın düz formalı tavanından içərini işıqlandırmışdır. Hamamın tikintisində mühüm yer tutan günbəz və bacalar kompleksində bu regionda mövcud olmuş qədim mədəniyyətlərin türk-islam mədəniyyəti ilə qovuşan əlamətləri əks olunmuşdur. Belə ki, Neolit dövrü memarlığının əks olunduğu Şomutəpədə, həmçinin Naxçıvan ərazisindəki I Kültəpə yaşayış yerində görkəmli arxeoloqlar tərəfindən aşkar edilən tikililərin qalıqlarına əsaslanaraq hazırlanan rekonstruksiya – şəkillərdən məlum olur ki, evlər silindrik-konusvarı ucaldılaraq işıqlandırma funksiyası daşıyan dairəvi bacalarla tamamlanmışdır. İslam mədəniyyəti bu ənənəni çatma tağlı tikililər və onların üstünü örtən günbəzlərlə zənginləşdirmişdir. Şahtaxtı hamamında rast gəlinən hər iki günbəz tağbəndlərlə tamamlanan otaqların üstündə yerləşmişdir. Onlar hamamın əsas salonları olmuşdur.

Türk-islam mədəniyyəti memarlıq xüsusiyyətlərinin digər elementini təşkil edən çatma tağlarla tamamlanan bu salonlardan biri dördkünc formada olub şimal və cənub divarlarının hər birində 2 sayda olmaqla ümumi aypara şəkilində tamamlanan qapıya bənzər 4 köməkçi yer yaradılmışdır. Kənd sakinlərinin verdiyi məlumata görə, hər biri 1,2×1,3 metr ölçüdə olan bu hissələrdən soyunma kabinəsi kimi istifadə edilmişdir. Böyük ehtimalla, bu cür yerlər hamama gələn şəxslərin paltarlarının və digər əşyalarının saxlanması üçün nəzərdə tutulmuşdur. Ümumi hündürlüyü 5 metr olan salonun əsas divarının hörülməsində uzunluğu 75, eni 50 santimetr olan iriölçülü kvadratşəkilli daşlardan istifadə edilmişdir. Salonun mərkəzində dördkünc formalı çarhovuz olmuşdur. Yaxınlıqdakı kəhrizdən gətirilən su giriş qapısının altından çəkilmiş boru vasitəsilə hovuza daxil olurmuş. Salonun cənub divarı boyunca səki, divarın mərkəz hissəsindən isə ikinci otağa qapı olmuşdur. Digər otağa daxil olmaq üçün bir neçə pillə

Şahtaxtı hamamı

enmək lazım gəlirmiş. Görünür ki, yeraltı hamamın yuyunma otaqları daha dərində yerləşirmiş ki, bu da istiliyin saxlanmasını təmin edən əsas şərtlərdən biri olmuşdur. 5,8×2,5 metrlik sahəsi olan ikinci otağın 2,8 metr hündürlükdə olan divarları şərq və qərbdən aypara formasında tamamlanmışdır. Bu hissədə diqqətçəkən xüsusiyyətlərdən biri divarın orta hissəsindən üfüqi kəmər kimi uzanan sarı, saman qarışıqlı təbəqədir. Yerli əhalinin məlumatına görə, bu, XVI əsrdə geniş istifadə edilmiş yumurta sarısı ilə hazırlanan bərkidici maddənin qalığıdır.
Üçüncü salon tağbəndlərlə iki hissəyə ayrılmışdır. Şərq hissədə gələn soyuq su üçün yaradılan 0,7×1 metr ölçüdə taxça və hamamı isti suyla təmin edən 66 santimetr diametrli kürə, qərb hissədə isə kənd sakinlərinin məlumatına görə, hovuz olmuşdur. Salonun cənub divarındakı qapı sonuncu köməkçi otağa açılır. 2,4×3,4 metr ölçüdə və uzunsov formada olan bu otağın şərq və qərb divarlarında 43-50 santimetr enində səki olmuşdur. Bu salonun cənub divarında yaradılmış bacadan isə 3×2, 8×3,5 metr ölçülü ocaqxanaya nəzarət üçün istifadə edilmişdir. Əsas yuyunma zalı olan bu otağın divarlarından tavanına keçidin tağbəndlərlə təmin edilməsi, həmçinin divarlarında yaradılmış taxçanın və bacanın aypara şəklində tamamlanması türk-islam memarlığının tipik xüsusiyyətlərini özündə ehtiva edir.
Buradan tapılan sarı-çəhrayı rəngli saxsı fraqmentlərindən üçü xüsusilə diqqəti cəlb edir. Onlardan ikisi su borusuna aid olub diametrləri 12-13 santimetr arasında dəyişir. Su borusunun qalıqları Xaraba Gilandan tapılan və AMEA Naxçıvan Bölməsinin Arxeologiya və Etnoqrafiya Muzeyində saxlanılan saxsı borularla oxşarlıq təşkil edir. Digər saxsı fraqmenti isə ağız kənarı konusvarı yığılmış kasaya aiddir. Ehtimal ki, o, hamamda suyun hovuzdan, yaxud su xəttindən götürülməsində istifadə edilən qablardandır.
Keramika məmulatı tipoloji cəhətdən və hazırlanma baxımından orta əsrlərin inkişaf etmiş dövrlərinə məxsus xüsusiyyətləri özündə əks etdirir. Bu da hamamın XVIII-XIX əsrlərdə fəaliyyət göstərdiyini təsdiq edir. Kənd sakinlərinin məlumatına görə, saxsıların aşkarlandığı hissə vaxtilə burada qızıl olduğunu düşünən naməlum şəxslər tərəfindən qazıldığına görə uçmuşdur. Bu məlumat hamamın işləmə funksiyası ilə bağlı bir rəvayətin doğruluğunu təsdiqləyən faktlardan sayıla bilər. Belə ki, kəndin yaşlı sakinlərindən bəziləri hamamın suyunun bir şamla qızdırılması haqqında artıq dünyasını dəyişmiş ağsaqqallardan məlumat aldıqlarını qeyd etmişlər. Məlumdur ki, Şeyx Bəhaəddin (1546-1622) tərəfindən İsfahanda yaradılan hamamın bir şamla qızdırılmasını təmin edən əsas şərtlərdən biri divarların arasından keçən su borularının qızıldan hazırlanması olmuşdur. Qızılın istiliyi digər metallardan yaxşı keçirə bilməsi bu zərurəti yaratmışdır. Belə hamamların işlədilmə mexanizmini bilənlərin hədəfində qarət obyekti olaraq Şahtaxtı hamamının da olması yuxarıda qeyd olunan rəvayətin həqiqətə yaxın olma ehtimalını artırır. Əhalinin verdiyi məlumata görə, son dövrlərə qədər fəaliyyətdə olan hamamın iş rejiminə əsasən bazar ertəsi və cümə günləri qadınlar, şənbə və bazar günləri isə kişilər üçün ayrılıbmış.
Şahtaxtı hamamı XX əsrin 80-ci illərində fəaliyyətini dayandırsa da, bu, regionda mövcud olmuş qədim mədəniyyətlərin türk-islam mədəniyyəti ilə qovuşmuş elementlərini özündə qoruyub saxlayan dəyərli tarixi sənət nümunəsi kimi əhəmiyyətini saxlamaqdadır.

ŞƏRQ qapısı

Zeynəb QULİYEVA
tarix üzrə fəlsəfə doktoru, dosent

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here