Ev Mədəniyyət Şərur Rayon Xalq Teatrının yeni tamaşası olub

Şərur Rayon Xalq Teatrının yeni tamaşası olub

740
0
PAYLAŞ

Naxcivanxeberleri.com xəbər verir ki, bu gün  Şərur Rayon Mədəniyyət Sarayında Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı böyük dramaturqumuz Mirzə Fətəli Axundovun “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşasını rayon ictimaiyyətinə  təqdim etmişdir.

35 ildən artıq fəaliyyət göstərən xalq teatrı müxtəlif illərdə görkəmli dramaturqlarımız M.F.Axundov, C.Məmmədquluzadə, S.S.Axundov, Ə.Haqverdiyev, N.Vəzirov, C.Cabbarlı və başqalarının əsərləri ilə yanaşı, müasir dramaturqların da pyeslərini səhnəyə qoymuşdur.

Bu günki tamaşadan göründü ki tamaşanın quruluşçu rejissoru, rəssamı və musiqi tərtibatçısı Nəsimi Məmmədzadə maraqlı tamaşa yaratmağa nail olmuşdur.

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə qələmə aldığı ikinci dram əsəri “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” komediyasıdır.

Komediyada hadisələr XIX əsrin ortalarında Qarabağda cərəyan edir. Tanınmış fransız botanika alimi müsyö Jordan mülkədar Hatəmxan ağanın qonağı olur. O, ev sahibinin qardaşı oğlu Şahbaz bəyi özü ilə Parisə aparmaq, orada onu oxutdurmaq istəyir. Lakin feodal-patriarxal ənənələrə kor-koranə riayət edən qohumlar bu səfərin qarşısını almaq üçün hər cür hiyləyə əl atırlar.

Əsərdə XIX əsr feodal Azərbaycanında hökm sürən ətalət və gerilik ifşa edilir. Müəllif qadınların – Şəhrəbanu xanım və Şərəfnisə xanımı avamlığına, hətta kişilərin də onlardan geri qalmamasına ürək ağrısı ilə acıyır. Şəhrəbanu xanımın Dərviş Məstəli şahın Parisi dağıdacağına inanması, Şahbazın Avropaya elm dalınca getməsi ilə razılaşmaması, yoluna sədd çəkməsi, Şahbaz bəyin isə “Mənim tay-tuşlarım tamam mərifət sahibi olub, qulluq edib, xoşbəxt olublar. Mən qalmışam elə bu qamışlıqda adsız, sanzıs” deyərək əzmlə mübarizə aparması, Hatəmxan ağanın “Balam sən hələ uşaqsan, bu zadlar tamam boşdur. İnsana ağıl lazımdır. Bir dil artıq bilməklə ağıl artmaz” və ya “Sən Parijə getmədən də müsyö Jordanın söhbətlərinə qulaq asmaqla oranın əhlinin adət və xəvvasından mütəlle ola bilərsən” sözlərində Axundzadənin nə qədər yüksək sənətkarlıqla avamlığı, geriliyi pisləməsini, dövrünün eybəcərliklərini bacarıqla qabartması aydın sezmək olur.

Tamaşada Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Kimya Babayeva (Şəhrəbanu xanım), Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Elçin Arzumanlı (Müsyo Jordan), Azərbaycan Respublikasının Əməkdar artisti Neymət İslamoğlu (dərviş Məstəli şah), aktrisa İlkanə Cavadlı (Şərəfnisə xanım), aktyor Məhərrəm Əbilsoy (Hatəmxan ağa), aktyor Rza Quliyev (Şahbaz bəy), aktrisa Şərifə Əliyeva (Xanpəri) obraz və personajlarını canlı və təbii təqdim edə bilmişlər.

Qeyd edək ki, Şərur Rayon Xalq Teatrının 10 il bundan əvvəl hazırladığı bu tamaşa Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi Xalq Teatrlarının I Ümumrespublika baxış müsabiqəsində 54 kollektiv içərisində II dərəcəli diploma layiq görülmüşdür. Kollektiv 10 ildən sonra böyük dramaturqumuzun ölməz komediyasına müraciət etmiş və maraqlı tamaşa ərsəyə gətirmişdir.

Tamaşa rayon ictimaiyyəti tərəfindən maraqla izlənilmiş və alqışla qarşılanmışdır.

Tamaşadan sonra kollektivlə görüşən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova və Şərur Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsalə Agayeva kollektivi yeni tamaşa münasibətilə təbrik etmiş və onlara yaradıcılıq uğurları arzulamışdır.

Mehman Məmmədov

“Naxcivanxeberleri.com” saytının Şərur rayonu üzrə bölgə müxbiri

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here