Ev Regionlar Səkkiz ayda Naxçıvan şəhəri üzrə 11 min 996 sığorta müqaviləsi bağlanılıb

Səkkiz ayda Naxçıvan şəhəri üzrə 11 min 996 sığorta müqaviləsi bağlanılıb

80
0
PAYLAŞ

Naxçıvan Şəhər İcra Hakimiyyəti Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə şəhərdə sığorta işinin mövcud vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı tədbir keçirib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək son dövrlərdə şəhərdə sığorta sahəsində görülmüş işlərdən danışıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov isə sığorta işinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun genişləndirilməsi işində 2011-ci il noyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Bildirilib ki, baş vermiş müxtəlif gözlənilməz hadisələrə qarşı vaxtında sığorta olunmaq dəymiş zərərlərin qısa müddətdə bərpa edilməsinə şərait yaradır. Belə ki, sığorta hadisələrinin vurduğu zərərlərə görə verilən ödənişlər insanlara maddi kömək üçün mühüm bir vasitədir.

Ötən dövrdə Naxçıvan şəhərində sığorta sahəsində görülmüş işləri təhlil edən baş direktor qeyd edib ki, sığorta fəaliyyətinin genişləndirilməsi istiqamətində müəyyən işlər görülüb, müxtəlif sığorta növləri üzrə bağlanılan müqavilələrin sayında artım olub. Belə ki, cari ilin 8 ayında Naxçıvan şəhəri üzrə 11 min 996 sığorta müqaviləsi bağlanılıb ki, onlardan da 2 min 496-sı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 4 min 412-si daşınmaz əmlakın icbari sığortası olub.

Diqqətə çatdırılıb ki, qanuna əsasən icbari qaydada sığorta olunmalı bütün obyektlərin sığortası təmin edilməlidir. Qarşıya qoyulmuş vəzifə bu sahədə maksimum nəticə əldə olunması, əhali arasında sığorta mədəniyyətinin daha da yüksəldilməsi və kütləviliyin təmin edilməsi üçün səylərin daha da artırılmasından ibarətdir.

Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Rəşadət Əliyev, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin Naxçıvan Şəhər Şöbəsinin rəis müavini Nəsimi Hüseynov Naxçıvan şəhərində icbari sığortaların vəziyyəti barədə məlumat veriblər.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov tədbirə yekun vuraraq, şəhərdə sığorta işinin günün tələbləri səviyyəsində aparılması istiqamətində müvafiq tapşırıqlar verib.(AZERTAC)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here