Ev Cəmiyyət Rusiya səfiri Naxçıvanın tarixi abidələri, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub

Rusiya səfiri Naxçıvanın tarixi abidələri, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub

19
0
PAYLAŞ

Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın istehsal, təhsil, mədəniyyət müəssisələri və tarixi abidələri ilə tanış olub.

Diplomat əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.

Naxçıvan Dövlət Xalça Muzeyində olan qonağa bildirilib ki, 1998-ci ildən fəaliyyət göstərən muzeydə hazırda qədim xalq sənətimizi nümayiş etdirən 3 mindən çox eksponat var.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində qorunub saxlanılan, eramızdan əvvəl V-III minilliklərə aid nadir tarixi eksponatlar, Naxçıvanın 5 minillik şəhər mədəniyyəti barədə məlumatlar qonaqda böyük maraq doğurub.

Nuh Peyğəmbərin türbəsində olan səfirə məlumat verilib ki, bu abidənin qədim dövrlərdən mövcudluğu elmi araşdırmalarla öz təsdiqini tapıb. Türbə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ildə imzaladığı “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında” Sərəncama əsasən mükəmməl şəkildə bərpa edilib.

Səfir Naxçıvan Biznes Mərkəzində də olub. Burada qonağa məlumat verilib ki, muxtar respublikada sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində 382 növdə məhsul istehsal edilir.

Duzdağ Fizioterapiya Mərkəzinə gələn diplomata bildirilib ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə tez adaptasiya olunurlar. 2003-cü ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb, bura genişləndirilib, müasir avadanlıq və ləvazimatlarla təmin edilib.

Mixail Boçarnikov Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə də olub. Qeyd edilib ki, Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbi 1939-cu ildən fəaliyyət göstərir. 600 şagird yerlik məktəbdə 5-i elektron lövhəli olmaqla, 32 sinif otağı, fənn laboratoriyaları və digər otaqlar var. Burada rus dilində tədrisin keyfiyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır.

Səfir Naxçıvan Avtomobil Zavodunun, “Gəmiqaya Mebel Fabriki”, “Gəmiqaya Mineral Sular” və “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli cəmiyyətlərinin istehsal potensialı ilə maraqlanıb, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, Batabat iqlim kurort zonası və Ağbulaq İstirahət Mərkəzi ilə tanış olub.(AZERTAC)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here