Ev Rəsmi Xronika Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri: Naxçıvan qədimliklə müasirliyin harmoniyasını əks etdirir

Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri: Naxçıvan qədimliklə müasirliyin harmoniyasını əks etdirir

363
0
PAYLAŞ

Noyabrın 14-15-də Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Səfər çərçivəsində qonaq muxtar respublikanın tarixi abidələri, təhsil, mədəniyyət və istehsal müəssisələri ilə tanış olub.

NAXCİVANXEBERLERİ.COM serqqapisi.az-a istinadən xəbər verir ki, Diplomat əvvəlcə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.
Naxçıvan Biznes Mərkəzi ilə tanışlıq zamanı səfirə məlumat verilib ki, hazır­da burada muxtar respublikada istehsal olunmuş 900-dən çox məhsul nümayiş etdirilir. Eyni zamanda mərkəzdə xalçaçılıq, dekorativ-tətbiqi sənət, ağac üzərində oyma işləri də sərgilənir.
Duzdağ Fizioterapiya Mərkəzində olan qonağa məlumat verilib ki, dağın altına doğru 300 metr uzanan mərkəzdə yüksək səviyyəli xidmət şəraiti yaradılıb. Son illərdə ölkəmizin müxtəlif regionlarından, habelə dünyanın bir çox yerlərindən bronxial-astma xəstələri buraya gələrək müalicə alırlar. Müalicə olunanlar və onları müşayiət edənlər üçün mərkəzdə nümunəvi xidmətlər təşkil edilib.
Noyabrın 15-də isə rumıniyalı diplomat ilk olaraq Naxçıvan Dövlət Universitetinə gəlib. Ali təhsil ocağı ilə tanış olan səfir universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin tələbələri üçün Rumıniya-Azərbaycan əlaqələrinə dair mühazirə oxuyub.

Sonra diplomat “Naxçıvan Avtomobil Zavodu”, “Gəmiqaya Mineral Sular” və “Gəmiqaya Mebel” Məhdud Məsuliyyətli cəmiyyətlərinə gedib, istehsal prosesi ilə tanış olub.

Dövlət Bayrağı Meydanı və Muzeyində, Naxçıvan Dövlət Xalça Muzeyində, “Xan Sarayı” Dövlət Tarix-­Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində, Heydər Əliyev Sarayı və Naxçıvan Dövlət Rəsm Qalereyasında, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olan səfirə bu tarixi abidələr və mədəniyyət obyektləri haqqında ətraflı məlumatlar verilib.
Bununla da, Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İankunun Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.
Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan İanku səfər təəssüratları barədə qəzetimizə müsahibəsində deyib: “Bu mənim Naxçıvana ilk səfərimdir. Bu ikigünlük səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri və digər rəsmi şəxslərlə görüşlərimiz oldu, muxtar respublikanın siyasi, iqtisadi vəziyyəti ilə tanış oldum. Gəldiyim nəticə bundan ibarətdir ki, Naxçıvanın iqtisadi, mədəni və digər sahələrdə böyük potensialı vardır. Burada keçirilən görüşlərimizdə də muxtar respublika ilə Rumıniya arasında əlaqələrdə bu potensial­dan istifadə haqqında söhbətlərimiz oldu. Naxçıvan çox inkişaf etmiş və dinamik şəhərdir. Xoşbəxtlikdən mən payız ayında bura gəldim, ancaq hava çox gözəldir. Şəhər çox gözəl və təmizdir. Müasir binalarla yanaşı, tarixi tikililər də göz oxşayır. Naxçıvan, həqiqətən, qədimliklə müasirliyin harmoniyasını özündə əks etdirən şəhərdir. Təbiətin gözəlliyi, şəhərin təmizliyi, insanların qonaqpərvərliyi Naxçıvanda turizmin inkişafına imkan verir. Çünki turistlər də, adətən, bu cür yerlərə səfər etməyi sevirlər. Mən isə səfir kimi çalışacağam ki, Rumıniya ilə Naxçıvan arasında əməkdaşlıq bütün sahələr üzrə inkişaf etsin”.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here