Ev Regionlar Qaraxanbəylidə xidmət mərkəzi fəaliyyətə başlayıb

Qaraxanbəylidə xidmət mərkəzi fəaliyyətə başlayıb

179
0
PAYLAŞ

 Dekabrın 2-də Qaraxanbəylidə xidmət mərkəzinin açılışı olub.

NAXCİVANXEBERLEİ.COM Naxcivantv.az-a istinadən  xəbər verir ki, Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib.

Bildirilib ki, xidmət mərkəzinin fəaliyyəti kənd əhalisinin tələbatına uyğun qurulub. Binada bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, dərzi və üç anbar vardır. Ərzaq mağazasında ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların satışına üstünlük verilir. Mərkəzdə xidmət sahələrinin fəaliyyəti üçün müasir şərait yaradılıb, 7 sakin işlə təmin olunub.

Ali Məclisin Sədri Qaraxanbəyli kənd sakinləri ilə görüşüb, onları kənddə aparılan quruculuq işləri münasibətilə təbrik edərək deyib: Qaraxanbəyli kəndi Naxçıvan şəhərinin müasir və abad yaşayış ərazisinə çevrilib. Naxçıvan şəhərinə birləşdirildikdən sonra Qaraxanbəylidə şəhər infrastrukturu yaradılmış, geniş quruculuq işləri aparılmış, yeni içməli su və kanalizasiya sistemləri qurulmuş, elektrik, qaz və rabitə sistemləri yenilənmişdir. Bu il isə Qaraxanbəylidə müasir yol infrastrukturu yaradılmış, kənd mərkəzi tikilmiş, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, bələdiyyənin, feldşer-mama məntəqəsinin və digər qurumların səmərəli fəaliyyəti təmin olunmuşdur. Yaxın günlərdə isə kənddə müasir məktəb binası istifadəyə veriləcəkdir. Həyata keçirilən bu tədbirlər 3500-dən artıq sakinin rahat yaşayışına xidmət edir.

Ali Məclisin Sədri deyib: Bu il ölkəmizdə Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü qeyd olundu. 1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyası 1993-cü ildə Ulu Öndərin xalqın təkidli tələbi ilə ölkəmizdə hakimiyyətə qayıdışı ilə hakim partiyaya çevrildi. Ötən dövrdə görülən işlər və qazanılan nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin və bu siyasi xəttin Azərbaycanda uğurla davam etdirilməsinin təntənəsidir.

Qeyd olunub ki, bu gün qarşıda duran əsas vəzifə yaradılan şəraitin qədrini bilmək və onlardan səmərəli istifadə etməkdir. Kəndin çətinlikləri, problemləri həll olunub. Sakinlər tikilənləri, qurulanları qoruyub saxlamalı, kəndin abadlığına və yaşıllıqların artırılmasına bundan sonra da diqqət yetirilməlidir.

Ali Məclisin Sədri bir daha sakinləri təbrik edib, onlara firavan həyat arzulayıb.

Qaraxanbəyli kənd sakini, ziyalı Azad Şirzadov deyib: Kəndimizdə iki ildir ki, geniş quruculuq işləri aparılır. Ötən il müasir içməli su və kanalizasiya sistemləri istifadəyə verildi. Vaxtilə kəndimizdə dövlət qurumları uyğunlaşdırılmış binada fəaliyyət göstərirdi. Bu gün isə kənd və xidmət mərkəzləri, eləcə də müasir yol istifadəyə verilir. Sovet dövründə 70 il ərzində görülən işlərlə müstəqil Azərbaycanda son 25 ildə görülən işləri müqayisə etdikdə aydın olur ki, müstəqillik illərində həm kəmiyyət, həm də keyfiyyət baxımından böyük inkişafa nail olmuşuq. Bu gün Naxçıvanda tikilən məktəblər, bütün sahələr üzrə yaradılan müasir infrastruktur dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunacaq səviyyədədir. Bu inkişafı kəndimizə gələn xarici ölkə vətəndaşları da etiraf edirlər. Bütün bunların bir səbəbi vardır: o da ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin ölkə başçısı tərəfindən uğurla davam etdirilməsidir. Bu gün biz həm müstəqilliyimizin, həm də inkişaf edən firavan dövlətimizin bəhrəsini görürük.

Kənd sakini Hökümə Mahmudova qeyd edib ki, aparılan quruculuq işləri, yaradılan şərait sakinlərə rahatlıq bəxş edir. Vaxtilə su və kanalizasiya sistemlərinin olmaması ən çox qadınları çətinliklər qarşısında qoyurdu. Bu gün isə hər mənzilin daimi suyu, işığı, qazı, bir sözlə, rahat yaşayış şəraiti var. Bütün bunlar təkcə bir yaşayış məntəqəsinin müasirləşməsi deyil, həm də dövlətin öz vətəndaşlarına göstərdiyi qayğının ifadəsidir.

 ***

Kənddə 2040 metr yeraltı rabitə və 6 min metrə yaxın yeraltı elektrik xətti çəkilib, 3767 metr qaz xəttində təmir-bərpa işləri aparılıb.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here