Ev Regionlar Qədim Naxçıvan hamamları həm də qiymətli memarlıq abidələridir

Qədim Naxçıvan hamamları həm də qiymətli memarlıq abidələridir

94
0
PAYLAŞ

Naxçıvan – qoca Şərqin ilk qədim insan məskəni. Sivilizasiyaların kəsişdiyi və intibahın yüksəldiyi ulu yurd yeri, min illərin gərgin və qarışıq məqamlarının şahidi olan müqəddəs türk torpağı.

Hər daşında, hər qayasında hələ açılmayan nə qədər sirlər gizlənib.

Torpaq laylarının altında hələ nə qədər açılmayan mətləblər var. Bu yurdun – Nuh Peyğəmbərin xeyir-dua verdiyi insanlarının nicata çatdığı məkan, Qorqud əmanəti, Əcəmi yadigarı Naxçıvanın bir memarlıq məktəbi olduğunu sübut edən faktlar sırasında memarlıq nümunələri də vardır. Belə zəngin memarlıq nümunələri arasında təmizliyin, paklığın, mədəniyyətin simvolu olan hamamlar   xüsusi yer tutur. Ümumiyyətlə, Şərq xalqlarının qədim inancları arasında suya etiqad, suyun ilahiləşdirilməsi zaman-zaman ön planda dayanıb. Suyun həyat enerjisi olması ilə yanaşı, onun paklaşdırmaq, saflaşdırmaq xüsusiyyəti ilə bağlı inanclar da Şərq mədəniyyətinin tərkib hissəsi olub.

Qoca Şərqin bütün bölgələrində, eləcə də Naxçıvanda ilk ictimai əhəmiyyətli bina kimi inşa olunan tikililərin sırasında hamamların xüsusi yeri olub. Aparılan arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələrinin sırasında onlarla hamam binasının qalıqları aşkar olunub, bunlardan bir neçəsi bərpa edilib. Lap qədimdə inşa olunan hamamlar orta əsrlərə məxsus binalardan xeyli dərəcədə fərqlənirdi. Onu da vurğulayaq ki, belə hamamlara təkcə şəhərlərdə deyil, həmçinin kənd­lərdə də rast gəlmək mümkündür. Bir çox qaynaqlarda, eləcə də XVII əsr türk səyyahı Övliya Çələbinin Naxçıvan şəhəri haqqında öz qeydlərində bildirilir ki, “Cənabi” hamamı son dərəcə gözəl və işıqlıdır. Qapı və divarı şirəli kaşıdan, döşəmələri isə ağ mərmərdəndir. Hamam məhrabaları şahmat naxışı ilə bəzədilmişdir. Mehmanxanamıza yaxın Zal paşa hamamı vardır. Onun bütün qapı və divarı şirəli kaşılarla örtülmüşdur. Döşəməsi başdan-ayağa boz, sumağı və tünd-qırmızı mərmər daşlardandır. Hamamın bütün pəncərələri büllurdandır. Həyətin ortasında böyük bir hovuz var. Xülasə, gözəl havası olan bu hamamın tərifi, təmizliyi və gözəlliyini şərh etməkdə qələm belə acizdir”.

Səyyahın qeyd etdiyi hamamlar, təəssüflər olsun ki, bu günümüzə qədər gəlib çıxmamışdır. Mənbələrdə qeyd edilir ki, Naxçıvanda günbəzli, səkkizbucaqlı salonlardan ibarət olan giriş və yuyunma otaqları, kiçik yerləşgələri, yuyunma yerində “xəzinə”ləri, “külxan” adlanan qızdırılma kamerası olan hamamlar xarakterik idi. Orta əsrlərə məxsus hamam binaları həm memarlıq, həm də iş prinsipi baxımından çox mükəmməldir. Hətta onların iş prinsipi bugünkü mühəndisləri də heyrətləndirir.
Hamam həmişə insanlar üçün rahatlıq, təmizlik, ümumiyyətlə, ruhun təzələndiyi məkan sayılıb. Etnoqraf alim, tarix üzrə elmlər doktoru Şirin Bünyadova yazır ki, ictimai hamamlar özünəməxsus funksiya daşımaqla yanaşı, həmçinin informasiya mübadiləsi məkanı kimi də önəmli mahiyyət daşıyır. “Hamam” sözünün mənası “isitmək”dir. Antik dövrlərdə yaşamış insanlara məlum olub ki, suda yaxalanmaq yorğunluğu çıxarmaqla yanaşı, bir çox xəstəliklərin qarşısını da alır. Bəlkə də, buna görədir ki, qədimdən hamam­ların tikintisinə xüsusi diqqət yetirilib. Qeyd edək ki, folklorumuzda da hamamla bağlı deyimlər, atalar sözləri, mahnıların olması təsadüfi deyildir.
Muxtar respublikamızda siyahıya alınmış hamamlar içərisində Ordubad hamamları çoxluq təşkil edir. Bu hamamların bir hissəsi məscidlərin yaxınlığında, bəzi hallarda isə məscidə bitişik şəkildə inşa olunmuşdur. Bu da məscidə gələnlərin burada yuyunub paklanması, dəstəmaz alması zərurətindən irəli gəlmişdir.
Ordubad rayonunun Gənzə kəndində Hacı Hüseynqulunun inşa etdirdiyi XV yüzilliyə aid memarlıq abidələrindən olan Gənzə hamamı bu günə qədər qorunub saxlanılan ən qədim tikililərdəndir. Ümumi sahəsi 213 kvadratmetr olan hamamı digər orta əsr hamamlarından fərqləndirən cəhət onun divarlarının günbəz, tağ-tavanlarının dağ daşıyla inşa olunmasıdır. Hamamın içərisini tavanın mərkəzində qoyulmuş baca vasitəsilə işıqlandırarmışlar. Onu isitmək üçünsə həm samandan, həm də odundan istifadə edərmişlər. Hamamı qalayanda bacanı örtərmişlər. Və bu minvalla yaranan istilik xəzinədəki suyu isidərmiş.
Yeraltı hamamlar qrupuna daxil olan və tarix-memarlıq abidələrinə aid edilən Ordubad rayonunun Nüsnüs kəndindəki XIV-XV əsrlərə məxsus Nüsnüs hamamı da bir çox qədim memarlıq nümunələri kimi qeydə alınmışdır. Bu hamamın üç bacası vardır. Hamamın zallarının tavanı dairəvi günbəz, dərin taxçalar tağ-tavanla qapanır. Onu digər orta əsr hamamlarından fərqləndirən cəhəti divarlarının, günbəz və tağ-tavanlarının Gənzə kəndində olduğu kimi, dağ daşıyla inşa olunmasıdır.
Ordubad memarlıq abidələrinə daxil olan XVIII əsrə aid edilən daha bir abidə var ki, bu da Düylün hamam abidəsidir. Düzdür, abidə yarımdağılmış vəziyyətdədir. Ancaq öz tarixi quruluşunu bu günə qədər qismən qoruyub saxlaya bilmişdir. Bu hamam orta əsr hamamlarının təkrarı sayılır. Qeyd edək ki, hamam girişdə böyük vestibüldən ibarətdir. Bu hamamda mərkəzi salon səkkiz­bucaqlı formadadır. Zalın divarları boyunca dərin taxçalar yerləşdirilib. Tavan dairəvi günbəzlə örtülüb. Yuyunma otağı və ona birləşən otaqların altından isti hava verən kanallar gedirmiş. Kanallardan biri xəzinəyə, digəri isə yuyunma zalında yerləşdirilən boru vasitəsilə axaraq kiçik hovuzlara tökülürmüş. Maraqlısı odur ki, sal daşdan və ya çay daşından inşa olunmuş bu hamamı qızdırmaq üçün samandan istifadə edərmişlər.
Ordubad rayonunun Üstüpü kəndində Haçalı məhəlləsində, Düylün çayının sol sahilində yerli dağ, çay daşından, bişmiş kərpicdən inşa edilmiş, XVII-XVIII əsrlərə aid Üstüpü hamamı da öz memarlıq quruluşu ilə fərqlənir. Dağılmış vəziyyətdə olan bu abidəyə diqqət yetirəndə görürsən ki, dövrünün ən yaxşı memarlıq nümunələrindən biri olmuşdur. Abidənin girişi qərbdən imiş. Bu gün də soyunma, yuyunma otaqları qalmaqdadır.
Uzun küçə vasitəsilə kəndin meydanından yaşayış məhəllələrinə çıxışı olan, XVIII əsrə aid tarix-memarlıq abidələrinə daxil edilən Vənənd hamamı da Ordubadda tikilmiş bir çox hamamlara bənzəyir. Bu abidənin də divarları dağ daşı və bişmiş kərpiclə inşa olunmuşdur. Buraya giriş soyunma zalının sağındakı vestibüldəndir. Tikili bu gün də qorunub saxlanmaqdadır.
Əylis hamamı isə XVII-XVIII əsrlərə aid edilir. Bu hamamın salonlarında sferik tavanlar vestibüllərin çatma tağ-tavanlarıyla birləşir. Qeyd edək ki, hamamın zallarında, künclərdə yuyunma taxçaları yerləşdirilmişdir. Taxçaların hər iki tərəfində oturmaq üçün yerlər düzəldilmiş, su götür­mək üçünsə təknələr qoyulmuşdur. Hamamın ocağı xəzinənin aşağısında, arxa tərəfdə yerləşdirilmişdir. Yaxınlıqda olan çeşmədən isə hamamın suyu götürülərmiş. Kənd adamlarının dediklərinə görə, son illərə qədər hamamdan istifadə olunmuşdur.
Bu xalqın yurdsevər övladları eli üçün, yurdu üçün hər zaman xalqına xidmət etməyə çalışmışlar. Şahtaxtılı Tovuz xanım da XVIII əsrin sonunda Şərur rayonunun Yengicə kəndində Yengicə hama­mını inşa etdirmişdir. Hamam kəndin mərkəzində böyük bir ərazini tutan Çarşıbazarın başlanğıcında inşa olunmuşdur. İki səkkizbucaqlı zaldan və onlara bitişik iki köməkçi otaqdan ibarət olan bu hama­mın ilkin quruluşu onu başqa hamamlardan fərqləndirir. Hamam bişmiş kərpiclə, əhəng məhlulu istifadə olunmaqla tikilmişdir. Dağıntıya məruz qalmış hamam baca və divarlarda açılmış kiçik pəncərələrlə işıqlandırılırmış. XVIII əsrin yadigarı olan hamamdan XX əsrin ortalarına qədər Yengicə kəndi ilə bərabər, ətraf kəndlərin əhalisi tərəfindən də istifadə olunmuşdur. Qaydaya uyğun olaraq, hamam həftənin 3 günü qadınlara, 3 günü isə kişilərə xidmət etmişdir. Hazırda Yengicə hamamında bərpa işləri aparılır.
Tikinti üslubu Şahtaxtı hamamı ilə eyni olan, XIX əsrə aid edilən, üstü tağbəndlərlə saxlanan, iki günbəzlə örtülmüş, dördkünc formalı hamamlardan biri də Kəngərli rayonunun Xok kəndinin mərkəzində yerləşən Xok hamamıdır. Bu tikili sadə planlaşma həlli olan, bir-biri ilə əlaqəli, bir neçə otaqlı hamamlara aiddir.
Ta qədimlərdən bizim elin bir adəti var: yol, körpü salmaq, məscid, hamam tikdirmək. Əsədulla Kərimbəy də bu xeyriyyəçi insanlar kimi Babək rayonunun Nehrəm kəndində hamam-memarlıq abidəsi tikdirmişdir. XVIII əsrin ortalarında tikilən bu abidə hal-hazırda mövcud olmasa da, onun haqqında məlumatlar qeydə alınmışdır.
XVIII-XIX əsrlərə aid Şərq memarlıq üslubunda inşa olunmuş Ordubad hamamı XX əsrdə bir neçə dəfə təmir edilmişdir. Memarlıq nümunəsi olan bu hamamın suyu yaxınlıqdan keçən Qarahovuz çeşməsindən götürülürmüş. Başqa hamamlarda olduğu kimi, bu hamamda da yuyunma zalı, ona birləşən otaqların altında isti havanın dövr etməsi üçün kanallar düzəldilmiş və əhali bu kanallardan gələn isti sudan istifadə edərmiş. Hamamın şərq tərəfində yuyunma zalına bitişik su hovuzu və onun altında ocaqxana olub.
XIX əsrin ikinci yarısında İsa Sultan Şahtaxtlının babası İsa Sultan tərəfindən tikdirilmiş və ümumi sahəsi 210 kvadratmetr olan Kəngərli rayonunun Şahtaxtı kəndində yerləşən Şahtaxtı hamamı keçmişdə samandan istifadə edilməklə qızdırılırdısa, kənd sakinlərinin dediklərinə görə, bir müddət keçdikdən sonra hamamı mazutla qızdır­mağa başlamışlar. Şahtaxtı hamamı yaxşı haldır ki, özünün ilkin quruluşunu indi də qoruyub saxlayır. Yeraltı hamamlardan fərqli olaraq, bu hamam yarım yeraltı hamam sayılır. Yaşlı insanların dediyinə görə, hamam həm də kənd adamlarının istirahət yeri olubmuş.
Muxtar respublikamızda tarix-mədəniyyət abidələrinə, keçmiş irsə diqqət və qayğı yüksək səviyyədədir. Son iyirmi il ərzində müxtəlif təyinatlı tarix-memarlıq abidələri orijinallığı saxlanılmaqla yüksək səviyyədə bərpa olunaraq xalqa qaytarılmışdır. Bu iş tariximizin, mədəniyyətimizin araşdırılması və ənənələrimizin yaşadılması, təbliği baxımından olduqca böyük əhəmiyyət daşımaqdadır.(naxcivantv.az)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here