Ev Regionlar Prezident seçkilərindən sonra Naxçıvanın daha aydın görünən gur işığı görəsən kimin gözünə...

Prezident seçkilərindən sonra Naxçıvanın daha aydın görünən gur işığı görəsən kimin gözünə düşüb?

388
0
PAYLAŞ

Blokada şəraitində olsa da, Naxçıvan sürətlə inkişaf edir. Son illər Ümumi Daxili Məhsul istehsalı 2 milyard manatı ötən, şəhər və kəndləri sürətlə yeniləşən, beynəlxalq tədbirlər və idman yarışları keçirilən, ildə 400 mindən çox turisti qəbul edən, beş­ulduzlu otellər fəaliyyət göstərən, ixrac imkanları artan, əhalisinin bütün sosial ehtiyacları ödənən, bir sözlə, blokada şəraitində intibah yaradan müasir Naxçıvan daha möhtəşəm uğurlara – yeni nəhəng iqtisadi komplekslər, sənaye müəssisələri, külək elektrik stansiyaları yaratmaq istiqamətində daha sanballı tarixi qələbələrə doğru addımlayır. İnfrastrukturu çağdaş dünya standartları səviyyəsində bütünlüklə yeniləşdirilən, bir vaxtlar daimi baş­ağrısı olan işıq, qaz, su və digər kommunal problemləri tamamilə aradan qaldırılan Naxçıvan inkişafın yeni mərhələsindədir. Bu inkişafı Naxçıvana səfər edən Amerikalı jurnalist Peter Tase, Rusiyalı jurnalist Nadana Fridrixson və başqaları görür, dünya mətbuatında yazılar çap etdirirlər, ancaq nədənsə bizim bəzi media orqanlarımız, “jurnalistlərimiz” görmürlər, yaxud görmək istəmirlər.

Naxçıvan barədə qarayaxma kampaniyası aparmaq bu günün söhbəti deyil ki. İllərdir, blokada şəraitində həyata keçirilən nəhəng işləri həzm edə bilməyən bəzi adamlar bu diyar haqqında ağızlarına gələni danışırlar.

Azərbaycan jurnalistikasının qara ləkəsi olan bir sıra özlərini “media orqanı” adlandıran saytların belə-belə işlərini eşidəndə yada böyük Mirzə Cəlilin “Təzə xəbər” və “Zırrama” hekayələri düşür.

“Təzə xəbər” hekayəsini oxuyanlar bilir ki, Tükəzban xalanın gəlini toyuqlarının  Fatma  xalanın həyətinə keçib-keçmədiyini öyrənmək üçün  divarın alçaq yerindən başını Fatma xalanın həyətinə uzadır. Bu heyndə Çərçi Zalxa girir Tükəzban xalanın həyətinə və gəlini divarın yanında görüb başlayır məzəmmət eləməyə. Gəlin toyuqlarını axtardığını desə də bir faydası olmur.

Çərçi Zalxa Tükəzban xalagildə işini qurtarıb küçəyə çıxandan sonra rast gəldiyi Xansənəm əmidostuya deyir ki, Tükəzban xalanın gəlini divarın çatdağından Fatma xalanın oğluna göz eləyirdi.

Xansənəm əmidostu isə gedib Şərəbanı bacıgildə deyir ki, Tükəzban xalanın gəlini divardan xəlvətcə Fatma xalanın həyətinə keçib Fatma xalanın oğlu ilə oynayırmış və naqafil bu yandan da gəlinin əri çıxıb onları görüb. Arvadını da o qədər döyüb ki, indi deyirlər, o matışka-qızı matışka yorğan-döşəkdə yatır.

Bir saat keçmir ki, təzə xəbər şəhərin hər yerinə yayılır. Şərəbanı xala Əsmər xalaya, Əsmər xala Gülsüm bacıya, Gülsüm bacı Səkinə xalaya, Səkinə xala Nurcahana, Nurcahan Pəricahana… Axırda da bu xəbər Tükəzbanın özünə çatır. Axşamçağı gəlinin əri Kərbəlayı Qasım evə qayıdan kimi anası bu xəbəri oğluna çatdırır. Qasım da  hirs ilə gedib yapışır övrətinin boğazından ki, boğub öldürsün. Səhər açılına kimi ana və oğul gəlini üç dəfə salırlar dəyənək kötəyinin altına.

Ancaq bir neçə gündən sonra yavaş-yavaş Tükəzbana və oğluna yəqin olur ki, bu deyilən sözlər böhtandı.

Təəssüf hissi ilə qeyd edirik ki, ölkəmizdəki bəzi saytlar məhz belə fəaliyyət göstərir. Çərçi Zalxaların, Xansənəmlərin, Şərəbanıların, Əsmərlərin, Gülsüm bacıların, Səkinə xalaların rəhbərlik etdikləri bu saytların xəbər tapmaq, informasiya vermək “bacarıqları” adamı lap “heyran edir”. Yağışdan sonra çıxan göbələklər kimi hər gün artan bu saytlar yalnış məlumatlar yaymaqla ölkə ictimaiyyətini çaşdırırlar.

Naxçıvan mövzusu ölkə ictimaiyyəti üçün maraqlı olduğundan mediada və sosial şəbəkələrdə bu diyara daha çox müraciət edilir. Naxçıvandan yazaraq qısa müddətdə populyarlaşan saytlar var. Ancaq bəzi saytların və sosial şəbəkə istifadəçilərinin bu mövzuya müraciəti qərəzlidir, bəzi hallarda isə sifarişlidir. Əllərindən bir iş gəlməyənlər, tapşırılan vəzifələri yarıtmayanlar muxtar respublikada görülən işlərə kölgə salmağa çalışırlar. Yalan, qərəzli məlumatlar yaymaqla “sübut etmək”istəyirlər ki, guya Naxçıvanda hər şey göründüyü kimi deyil.

Bəli, doğrudur. Naxçıvanda hər şey göründüyü kimi deyil. Naxçıvanın gələcəyi naminə elə möhtəşəm layihələr, tədbirlər həyata keçirilir ki, onları anlamaq üçün dərin zəka, yüksək təhlil qabiliyyəti lazımdır. Bir neçə misal çəkmək yerinə düşər. Naxçıvanın hərbi, ərzaq və enerji təhlükəsizliyi tam təmin olunub. Blokada şəraitində yaşayan bir region üçün bunlar həyati əhəmiyyət daşıyır. İndi Naxçıvan düşmənə təkcə müsir silahlarla deyil, qədim tariximizi əks etdirən, beynəlxalq dillərdə nəşr olunan əsərlərlə də cavab verir. Naxçıvanın keşməkeşli tarixinin öyrənilməsi, abidələrinin bərpa olunması, muxtar respublikada ekoloji tarazlığın qorunması, olduqca əlverişsiz iqlim şərtləri altında yeni yaşıllıqların salınması, sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası, vətənpərvər, bilikli gəncliyin yetişdirilməsi, milli dəyərlərin yaşadılması istiqamətində görülən işlər tarixi missiyadır.

Keçək bəzilərinin Naxçıvanda gerçəkləşdirilən yenilikləri nəyə görə tənqid etməsi məsələsinə. Bir qrup insanlar Naxçıvanda görülən işlərin mahiyyətini sadəcə olaraq dərk etmirlər. Bir qrup isə görülən işlərin əhəmiyyətini dərk edir, ancaq niyəsə qəbul etmək istəmir.

Naxçıvanda görülən işlər gələcəyə hesablanmış yenilikçi islahatlardır. Milli dəyərlər, adət-ənənələr üzərində qurulmuş yeniliklər asanlıqla qəbul oluna bilməzdi. Dünyada tarixən yeniliyi qəbul etmək problemi olub. 14-cü əsrin əvvəlləri-16-cı əsrin sonlarında Qərbi və Mərkəzi Avropanı əhatə edən İntibah-renesans dövrü də asanlıqla qəbul edilməyib.

Bu baxımdan Naxçıvanda görülən işləri bəzi insanların dərk etməməsi başadüşüləndir. Ancaq bu yenilikləri anlayan bir qrup insanın görülən işlərə kölgə salmaq istəməsi paxıllıqdır, düşmənçilikdir.

Naxçıvanda həyata keçirilən bütün yeniliklərə, bu diyarın gələcəyi naminə görülən işlərə bəziləri həmişə qərəzli yanaşıb.

Bir gözəl atalar sözümüz var: Aşığın sözü qurtaranda neynim-neynim deyir. İndi bəzi media orqanları Naxçıvandan qərəzli yazmağa bir mövzu tapmayıblar, başlayıblar neynim-neynim deməyə. Guya ki, Naxçıvanda insanları zorla LED lampalar almağa məcbur edirlərmiş, Bakıda 50 qəpiyə satılan lampaları orda 2 manata satırlarmış və sair və nağıl. Bunların belə səviyyəsiz yazılarını oxuyanda adamın ürəyi bulanır. Əslində bu, reaksiya veriləcək mövzu deyil. Bir məşhur atalar misalı deyib, bilirsiniz da karvan məsələsi, üstündən keçmək olardı. Ancaq bu yazını o media orqanları öz başlarına yazmayıblar axı. Maraqlıdır, prezident seçkilərindən sonra Naxçıvanın daha aydın görünən gur işığı görəsən kimin gözünə düşüb? Ancaq ayrı yol yoxdur cənablar. Günəş eynəyi taxın və alışın. Çünki Naxçıvanın gözünüzü qamaşdıran işığı sönən deyil. (Cahanpress)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here