Ev Regionlar Ölkə mətbuatında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 94-cü ildönümünə geniş yer verilib

Ölkə mətbuatında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 94-cü ildönümünə geniş yer verilib

438
0
PAYLAŞ

Fevarlın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 94-cü ildönümü ilə bağlı ölkə mətbuatında, televiziya kanallarında silsilə materiallar, filmlər, verilişlər yayımlanıb.

Azərbaycan televiziyasının “Səhər” proqramı aparıcıların muxtar respublika haqqında məlumatı ilə başlayıb. Proqram boyu muxtar respublikanın tarixini, mədəniyyətini, sosial-iqtisadi inkişafını tərənnüm edən video çarxlar nümayiş olunub. Həmçinin muxtar respublikanın tarixi abidələri, gəzməli, görməli yerlərini əks etdirən video materiallar göstərilib. Proqramın qonaqları professorlar Vəli Əliyev və Arif Hüseynov “Qədim Nuh yurdu” haqqında məlumat veriblər. Qeyd olunub ki, Naxçıvanın muxtariyyət yubileylərini ulu öndər Heydər Əliyev xüsusi dəyərləndirirdi. Ona görə ki, Azərbaycan xalqının bütövlükdə türk dünyasının dövlətçilik tarixində Naxçıvanın xüsusi yeri var. Həmçinin qeyd olunub ki, Naxçıvan abidələri, etnoqrafiyası, yüzilliklər boyu cilalanmış folkloru ilə diqqət mərkəzindədir. Proqramda bu qədim diyara həsr olunan musiqi nömrələri ifa olunub.

Azərbaycan televiziyasının efirində günboyu Naxçıvanın simvolu Haçadağ, “Xan sarayı”-Dövlət tarix-memarlıq, “Mömünə Xatın” və Açıq Səma Altında muzey kompleksi, Xarabagilan və bir çox tarixi abidələrin  yer aldığı video çarxlar və televernisajlar nümayiş olunub. Həmçinin televiziyada “XXI əsrin salnaməsi Naxçıvan”, Naxçıvan Televiziyasının istehsalı olan “Nuhun yurdu Naxçıvan”, “Naxçıvan yallıları” və “Naxçıvan abidələri” televiziya  filmləri də geniş auditoruyaya çatdırılıb. Naxçıvan kamera orkestrinin konsert proqramı da təqdim edilib.

“Yaradanlar və yaşadanlar” musiqili proqramının da fevralın 9-na olan buraxılışı Naxçıvan Muxtar Respublikasına həsr edilib. Veriliş Şərur yallısı ilə başlayıb. Proqramda tanınmış ifaçılar bu qədim yurdumuza həsr edilən musiqi nömrələri ilə tamaşaçıların qəlbini oxşayıb. Akademik Muxtar İmanov qədim diyarın folklor nümunələri haqqında məlumat verib, Naxçıvanda bu gün də yaşadılan yallı mədəniyyətindən, gülümeylərdən, hakıştalardan söhbət açıb. Qeyd olunub ki, Naxçıvan öz qədim mədəniyyəti ilə dünya mədəniyyətinin bir parçasıdır və önəmli rola malikdir.

Azərbaycan televiziyasının, Lider və Xəzər televiziyalarının xəbərlər informasiya proqramlarında Naxçıvan Muxtar Respublikasının 94 illiyi barədə xəbərlər yer alıb.

2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan olunan Naxçıvan bu gün də milli-mənəvi dəyərlərə sadiqliyi, şərqin nadir incilərinin toplandığı  məkan kimi diqqəti çəkir. Naxçıvan əhalisi milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmlən­dirilməsində yaxından iştirak edir.

Həmin gün mədəniyyət televiziyasının efirində muxtar respublika ilə bağlı materiallara geniş yer verilib. “Heydər Əliyev və Naxçıvan”, “Azərbaycan xalçaları Naxçıvan qrupu”, “Gəmiqaya” və Naxçıvan televiziyasının istehsalı olan “Naxçıvan türk islam mədəniyyəti abidələri” televiziya filmləri tamaşaçılar tərəfindən maraqla izlənib.

Mədəniyyət televiziyasında günboyu müxtəlif Naxçıvanla bağlı musiqilərə və Naxçıvan yallılarına geniş yer verilib. Naxçıvan Dövlət Mahnı və Rəqs ansamblı, “Kəngər” uşaq yallı ansamblının, Şərur xalq yallı ansamblı tərəfindən “Siyaqutu”, “Oğuz” rəqsi, “Göyçəməni”, “Xələfi”, “İki ayağı” kimi  rəqs və yallılar ifa edilib.

Həmçinin Azərbaycan qəzetində “Qədim və həmişəcavan Naxçıvan” başlıqlı məqalə dərc olunub. Məqalədə qeyd olunub ki,  bəşəri əhəmiyyət daşıyan Dünya tufanı hadisəsi və Nuh peyğəmbərin əfsanəvi səfərinin bu diyarda çoxsaylı izlərinin yaşaması Naxçıvan torpağı üzərində tarixin möhürləridir. Dünya tufanından sonrakı hadisələrlə bağlı olan Gəmiqaya, Qapıcıq, Nuh yurdu, Qaranquş yaylağı, Xəzər obası, Haçadağ, Nuhdaban yaşayış yeri, Nəhəcir, Nehrəm və sair kimi onlarla toponimlər Naxçıvanın bəşəriyyətin ilkin sivilizasiyasının əsas mərkəzlərindən biri olmasını göstərən etibarlı vəsiqələridir.

Azərtac informasiya agentliyində və Xəzər xəbər internet saytında da Naxçıvan Muxtar Respublikasının muxtariyyət tarixi ilə bağlı məlumatlar yer alıb.(Naxcivantv.az)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here