Ev Regionlar Naxçıvanlı arıçı: Şan balının tərkibi mum və müxtəlif müalicəvi maddələrlə zəngin olduğundan...

Naxçıvanlı arıçı: Şan balının tərkibi mum və müxtəlif müalicəvi maddələrlə zəngin olduğundan təsiri daha çoxdur

122
0
PAYLAŞ

Naxçıvan balı öz görünüşü, dadı və digər üstün keyfiyyətlərinə görə ölkəmizdə və ondan kənarda yaxşı tanınır. Naxçıvan balının üstün xüsusiyyətləri qədim diyarın florasında çoxsaylı nadir dərman bitkilərinin olması ilə də izah edilir. Maraqlıdır ki, Azərbaycanda mövcud olan 400 növ balverən bitkinin əksəriyyəti muxtar respublikanın ərazisində bitir. Naxçıvanın coğrafi iqlim şəraiti isə həmin bitkilərin müxtəlif vaxtlarda çiçəkləməsinə səbəb olur. Onların çiçəklərindən arının çəkdiyi nektardan alınan balın isə tayı-bərabəri yoxdur. Bu mənada muxtar respublikanın Günnüt, Havuş, Tənənəm, Şahbulaq, Kotam, Tivi, Buzqov, Şurud, Ağbulaq və digər kəndlərində istehsal olunan bal dadı, görünüşü və müalicəvi əhəmiyyətinə görə xüsusilə seçilir.

Uzun illərdir arıçılıqla məşğul olan muxtar respublikanın Şahbuz rayonun sakini Asif Babayev AZƏRTAC-ın Naxçıvan bürosunun müxbiri ilə söhbətində deyir ki, tərkibi mineral maddələrlə zəngin olan bal və digər arıçılıq məhsulları minbir dərdin dərmanıdır. Həmin məhsullardan olan güləm, arı südü, bərəmum (vərəmum, dərdəmum), mum, möhür (balın qaymağı), bal arısının ölüsü, arı zəhəri və sair bir sıra xəstəliklərin, hətta ən ağır dərdlərin belə davasıdır. “Məsələn, balın qaymağı ilə inək südünün qarışığının bir sıra xəstəliklərin müalicəsinə çox böyük təsiri var. Hələ qədimdən el arasında “mumurqan” adlı məlhəm var idi ki, bu xüsusən dağ yerlərində yaranan dəri çatları üçün istifadə olunurdu, – deyə Asif Babayev bildirib.

Arıçı şan balı ilə süzmə balın bir-birindən fərqi olduğunu da vurğulayır: “Şan balının tərkibi mum və müxtəlif müalicəvi maddələrlə zəngin olduğundan təsiri daha çoxdur. Süzmə balı hazırlayarkən xüsusi alətlə çərçivədəki balın üzü götürülür, balsüzən maşında sürətlə fırladılır ki, bütün üsküklərin balı süzülsün. Bal süzülür, ancaq şandakı möhür, mum onda olmur”.

Asif Babayev deyir ki, arıçılıq bu diyarda qədim zamanlardan bəri formalaşıb. Vaxtilə dava-dərmanın olmadığı vaxtlarda babalarımız, nənələrimiz xəstəliklərinin dərmanını balda, arıçılıq məhsullarında tapırdılar. Təbii ki, bal da, gərək, həqiqi bal olsun.

Müsahibimiz təmiz və xalis bal hasilatında təcrübəyə malik olduğu üçün müştəriləri də çoxdur. Qeyd edir ki, əsl bal qaldıqda xarlayıb ağarır. Buna balın bitməsi deyirlər.

O, bal arılarının saxlanması şəraiti barədə da danışaraq bildirir ki, arı ailəsinə gündəlik qayğı göstərilməlidir. Arıçılıqda yem bazası başlıca şərtdir. Bu zəhmətkeş canlılar müxtəlif bitki növlərinin çiçəklərindən, tumurcuqlarından, yetkin meyvələrin şirələrindən qidalanırlar. Onların çəkdikləri nektar isə arının gündəlik qidalandırdığı yeni sürfələrə, şan çəkilişinə, üskük hazırlığına, arı südünə, çiçək tozuna, muma, bərəmuma sərf edilir.

“Müxtəlif xəstəliklərə qarşı sahibkarlara hər cür dərman və biopreparatların verilməsi isə bu maraqlı, faydalı, iqtisadi cəhətdən gəlirli sahəyə dövlət qayğısının daha bir göstəricisidir”, – deyən arıçı əlavə edir ki, arı xüsusi təmizlik sevir. Onu qarışqadan və çöl şəraitində digər zərərli həşəratlardan qorumaq üçün pətəyin dörd bir tərəfini müxtəlif dərman vasitələri ilə mühafizə etmək lazımdır.

Asif Babayev arıların qışlaması üçün aparılan hazırlıqlar barədə danışaraq bildirir ki, hər arı ailəsi üçün bal çərçivələri qışa ehtiyat yem kimi saxlanmalıdır. Yazda isə arılar işə başlayarkən ehtiyat yemi qurtaran arılara şirə vermək lazımdır. Xüsusilə də zəif arı ailələrinə qulluq edilməzsə, onlar acından məhv ola bilər. Bal hasilatı mövsümü başlayanda isə arılara əlavə qida verməyə ehtiyac yoxdur, çünki topladıqları şirə onları yaşadır.

Arı ailəsindəki qanunları, nizam-intizamı illərlə müşahidə edən arıçı deyir ki, ailədə hər arının öz “işi” var. Gözətçi arılar yeşiklərin sağ və sol tərəfində həmişə keşik çəkir. İçəri keçmək istəyənləri “yoxlayırlar”. Məhsul gətirməyəni, yad olanı içəri buraxmırlar. İşçi arılar çiçəkli, güllü bir yer tapanda tez öz “yoldaşlarını” xəbərdar etmək üçün yeşiyin ətrafında 8-10 dəfə dövrə vurur və həmin sahəyə üz tuturlar. Başqa arılar bu hərəkəti işarə kimi qəbul edir, onun arxasınca gedirlər. Onlar 8 kilometr məsafəyə qədər uçur, şirə toplayıb geri qayıdırlar.

Sonda qeyd edək ki, arıçılıq kənd təsərrüfatının ən maraqlı, gəlir gətirən, qida və müalicəvi baxımdan xeyirli təsərrüfat sahələrdən biridir. Belə ki, digər təsərrüfat sahələri ilə müqayisədə arı təsərrüfatının yaradılmasına lazım olan xərc az, qoyulmuş xərcin qaytarılma müddəti qısa, təsərrüfatın inkişaf imkanları daha genişdir. Naxçıvanın coğrafi iqlim şəraiti arıçılığın inkişafı üçün geniş imkanlar açır. Bu amillə yanaşı, göstərilən dövlət qayğısının nəticəsidir ki, muxtar respublikada arı ailələrinin sayı artaraq 71 mini ötüb.

Rauf Kəngərli

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here