Ev Təhsil Naxçıvanın təhsil işçiləri ötən ilin yekunlarını müzakirə ediblər

Naxçıvanın təhsil işçiləri ötən ilin yekunlarını müzakirə ediblər

219
0
PAYLAŞ

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində keçirilən kollegiya  iclasında nazir Məmməd Qəribov bildirib ki, 2017-ci ildə muxtar respublikada bütün sahələrlə yanaşı, təhsilin  inkişaf səviyyəsi  də yüksəlib.

Təhsil naziri deyib ki, 2017-ci ildə də muxtar respublikada təhsilin bütün mərhələləri üzrə infrastrukturun yenilənməsinə, müasir informasiya texnologiyaları və tədris vasitələri ilə təchiz olunan məktəb binalarının istifadəyə verilməsinə xüsusi diqqət yetirilib. Ötən il Naxçıvan şəhərində 640 şagird yerlik 3 nömrəli, 376 şagird yerlik 13 nömrəli, Şərur şəhərində 1020 şagird yerlik 2 nömrəli, Şərur rayonunun Çəmənli kəndində 380, Ələkli və Qarahəsənli kəndlərinin hər birində 234, Babək rayonunun Payız kəndində 240, Gərməçataq kəndində 66, Ordubad rayonunun Üstüpü kəndində 340, Şahbuz rayonunun Kolanı kəndində 360 şagird yerlik tam orta məktəb binaları istifadəyə verilib. 480 şagird yerlik Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin tikintisi başa çatdırılıb. Məktəblər ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 20 iyun 2014-cü il tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində həyata keçirilən tədbirlər nəticəsində  muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələrin təşkili də davam etdirilib.

2017-ci ildə ümumtəhsil məktəblərinə 942 nəfər sağlamlıq imkanı məhdud uşaq cəlb edilib ki, onların da 88 nəfəri birinci siniflərdə təhsil alırlar. Hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən 24 şagird distant təhsilə cəlb edilib.

Məmməd Qəribov qeyd edib ki,  2016-2017-ci tədris ilində tam orta təhsil bazasından məktəbi yüksək nəticələrlə başa vuran 15 məzun qızıl, 6 məzun gümüş medala, 113 məzun isə fərqlənmə attestatına layiq görülüblər. Qəbul imtahanlarında həmin məzunlar onlara göstərilən etimadı doğruldaraq  500-700 arası bal toplayıblar. Ali təhsil müəssisələrinə qəbul üçün keçirilən imtahanlarda iştirak edən məzunlardan 1524 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 2016-cı ildə  ümumi orta təhsil bazasından orta ixtisas məktəblərinə sənəd verən məzunlardan 315-i tələbə adını qazanmışdırsa, 2017-ci idə bu göstərici 378-ə çatıb.

Yaradılan yüksək şəraitin nəticəsində 2017-ci ildə məktəbdənkənar müəssisələrdə fəaliyyət göstərən dərnəklərə 17 minə yaxın şagirdin cəlbinə nail olunub.

Təhsil naziri 2017-ci ildə buraxılan nöqsanlar barədə də danışıb. 2018-ci ildə bu nöqsanların təkrarlanmaması üçün səylərin artırılacağını vurğulayıb.

Məruzə ətrafında Naxçıvan Şəhər  Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov, Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı, Naxçıvan  Dövlət Texniki Kollecinin  direktoru Asəf Ruşanov, Naxçıvan Texniki  Peşə və Sürücülük Məktəbinin direktoru Rəfail Abdullayev, Naxçıvan Muxtar Respublikası Turizm-Diyarşunaslıq Mərkəzinin  direktoru Murad Babayev  çıxış edib. Naxcivantv/az

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here