Ev Mədəniyyət Naxçıvanda Xalq Artisti Həsən Ağasoyun yubileyi qeyd edilib

Naxçıvanda Xalq Artisti Həsən Ağasoyun yubileyi qeyd edilib

262
0
PAYLAŞ

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının Xalq Artisti Həsən Ağasoyun 60 illik yubileyi münasibətilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov tədbirdə çıxış edərək, bu qədim diyarda tanınmış sənət adamlarına yüksək diqqət və qayğı göstərildiyini bildirib. Diqqətə çatdırılıb ki, muxtar respublikada sənət adamlarının yubileyləri yüksək səviyyədə qeyd edilir. Azərbaycan Respublikasının Xalq Artisti Həsən Ağasoyun 60 illiyinin qeyd olunması da muxtar respublikada sənət adamlarına göstərilən diqqətin ən bariz ifadəsidir.

Vurğulanıb ki, Həsən Ağasoy böyük yaradıcılıq yolu keçib, Naxçıvan teatrında 80-dən çox obraz yaradıb, tamaşaçı rəğbəti qazanıb. O, həm də gözəl bədii qiraət ustasıdır. Həsən Ağasoy gənc kadrların yetişməsində də mühüm xidmətlər göstərib. Onun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, 1984-cü ildə Naxçıvanın, 1989-cu ildə isə Azərbaycanın Əməkdar Artisti, 1999-cu ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülüb. 2005-ci və 2010-cu illərdə Azərbaycan Respublikası Prezidentinin mükafatçısı olub, 2008-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.

Yubilyara Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təbriki çatdırılıb və hədiyyə təqdim olunub.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova Xalq Artisti Həsən Ağasoyun keçdiyi həyat yolundan və səhnə fəaliyyətindən söhbət açıb. Qeyd edilib ki, Həsən Ağasoy 1958-ci il mart ayının 27-də Culfa rayonunun Gülüstan kəndində anadan olub və ilk təhsilini bu kənddə alıb. Uşaqlıq illərindən teatr sənətinə olan vurğunluğu onu 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu ixtisasına gətirib. Həsən Ağasoy 1979-cu ildə təhsilini uğurla başa vuraraq təyinatla Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında əmək fəaliyyətinə başlayıb. Elə ilk illərdən rejissorların diqqətini səlis diksiyası və aktyor bacarığı ilə cəlb edən H.Ağasoy bir-birinin ardınca maraqlı səhnə obrazları yaratmağa başlayıb.

Bildirilib ki, Həsən Ağasoy sənətə gəldiyi ilk gündən Naxçıvan televiziyası ilə sıx əməkdaşlıq edərək bir çox teletamaşalarda rol alıb, televiziya verilişlərində və müxtəlif dövlət tədbirlərində yaxından iştirak edib.

Tədbirdə Xalq Artistinin sənət dostları – Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq Artisti Rza Xudiyev, Xalq Artisti Kamran Quliyev, Naxçıvan Dövlət Uşaq Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti Tofiq Seyidov, Məhəmmədtağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri, direktoru Xalq Artisti Şirzad Abutalıbov, Xalq Artisti Rövşən Hüseynov və digərləri çıxış edərək yubilyar haqqında ürək sözlərini bildiriblər.

Sonda Xalq Artisti Həsən Ağasoy çıxış edərək yaradıcılığına yüksək qiymət verildiyi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib, səhnə sənətimizin inkişafı üçün bundan sonra da fədakarlıqla çalışacağını qeyd edib.(AZƏRTAC)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here