Ev Regionlar Naxçıvanda sosial qayğıya ehtiyacı olan uşaqlara qış geyimləri verilib

Naxçıvanda sosial qayğıya ehtiyacı olan uşaqlara qış geyimləri verilib

149
0
PAYLAŞ

Naxçıvan Muxtar Respublikası Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə sosial qayğıya ehtiyacı olan məktəblilərə qış geyimləri verilib.

Bu münasibətlə muxtar respublikanın Təhsil Nazirliyində təşkil olunan tədbirdə təhsil naziri Rəhman Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək, muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısından danışıblar.

Bildirilib ki, cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyə xidmətinin səviyyəsinin artırılması, uşaq yaradıcılığının dəstəklənməsi xalqımızın milli və mənəvi dəyərlərinə əsaslanan dövlət-uşaq siyasətinin əsasını təşkil edir. Uşaq və yeniyetmələrin layiqli vətəndaş kimi böyüməsi, təhsil alması, cəmiyyətdə mövqe tutması üçün dövlətimiz tərəfindən bütün imkanlar səfərbər edilib, uşaqların fiziki, intellektual və mənəvi inkişafının təmin olunması sahəsində əhəmiyyətli addımlar atılıb.

Tədbirdə sosial qayğıya ehtiyacı olan uşaqların valideynləri adından çıxış edən Mahirə Oktyabrski göstərilən yüksək dövlət qayğısına görə dövlətimizə minnətdarlığını bildirib.

Sonra aztəminatlı ailələrdən olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş məktəbli uşaqlara, sağlamlıq imkanları məhdud şagirdlərə qış geyimləri verilib.

Hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 46, sağlamlıq imkanları məhdud 278, aztəminatlı ailələrin övladlarından isə 70 olmaqla, ümumilikdə, 394 uşaq isti qış geyimləri ilə təmin edilib.

Muxtar respublikanın rayonlarında da oxşar tədbirlər təşkil olunub.

Qeyd edək ki, muxtar respublikada sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, aztəminatlı ailələrdən olan uşaqların sağlam böyümələri, hərtərəfli biliklərə yiyələnmələri, milli və mənəvi dəyərlərə sadiq vətəndaş kimi yetişmələri istiqamətində ardıcıl tədbirlər görülür.(Azertac)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here