Ev Mədəniyyət Naxçıvanda ifaçılıq müsabiqəsində fərqlənən kollektivlərin yekun konserti keçirilib

Naxçıvanda ifaçılıq müsabiqəsində fərqlənən kollektivlərin yekun konserti keçirilib

225
0
PAYLAŞ

Naxçıvan Dövlət Uşaq Teatrında “Rəqs kollektivlərinin ifaçılıq müsabiqəsi” iştirakçılarının yekun konserti olub.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək mədəniyyətimizin bütün sahələri kimi, milli rəqslərimizin təbliği və yaşadılması istiqamətində də muxtar respublikada müxtəlif mədəni tədbirlər həyata keçirildiyini bildirib.

Qeyd olunub ki, milli rəqslərimizin təbliği, istedadlı ifaçıların aşkara çıxarılması, onların yaradıcılıq potensialının düzgün istiqamətləndirilməsi, eləcə də 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilmiş Naxçıvan şəhərində təşkil olunacaq tədbirlərə hazırlıq məqsədilə keçirilən müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin və münsiflər heyətinin tərkibi təsdiq edilib. “Rəqs kollektivlərinin ifaçılıq müsabiqəsi”nə bu ilin noyabr ayında start verilib, yerlərdə müsabiqənin seçim turu keçirilib. Əsasnaməyə uyğun olaraq, müsabiqəyə qeyri-peşəkar rəqs kollektivləri qatılıblar. Seçim turunda 22 kollektiv iştirak edib, nəticələrə əsasən 11 kollektiv əsas turda iştirak hüququ qazanıb. Bu turda rəqs kollektivlərinin ifaları yallı və rəqs ifaçılığı olmaqla, iki nominasiya üzrə müvafiq meyarlar əsas götürülməklə on ballıq sistem üzrə qiymətləndirilib və mükafatlandırılıb.

Nazir müsabiqədə iştirak etmiş bütün kollektivlərə və onların rəhbərlərinə təşəkkürünü bildirib, qalib kollektivləri təbrik edib, onlara uğurlar arzulayıb.

Natəvan Qədimova müsabiqədə ifaları ilə fərqlənən kollektivləri Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif edib. Müsabiqədə yallı və rəqs nominasiyaları üzrə qalib olmuş kollektivlər diploma layiq görülüblər.

Sonda I yerin qalibləri elan olunaraq səhnəyə dəvət edilib. Rəqs üzrə Culfa Şəhər “Gülüstan” Mədəniyyət Evinin “Gülüstan” rəqs kollektivi, yallı üzrə Şərur Rayon Mədəniyyət Evinin “Şərur qönçələri” uşaq yallı ansamblı I yerlərin diplomuna layiq görülüblər.

Tədbirin bədii hissəsində qalib gələn və fərqlənən kollektivlər yallı və digər rəqslər ifa ediblər.(Naxcivantv.az)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here