Ev Rəsmi Xronika Naxçıvanda akademik Həsən Əliyevin 110 illik yubileyi qeyd olunub

Naxçıvanda akademik Həsən Əliyevin 110 illik yubileyi qeyd olunub

122
0
PAYLAŞ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci il fevralın 7-də “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Buna uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq olunub.

Tədbirlər Planına uyğun olaraq dekabrın 14-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında akademik Həsən Əliyevin 110 illik yubileyi qeyd olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yubiley tədbirində çıxış edərək deyib: 2017-ci il dekabr ayının 15-də akademik Həsən Əliyevin anadan olmasının 110 illiyi tamam olur. Akademik Həsən Əliyev təbiətşünas və coğrafiyaçı, torpaqşünas və ekoloq kimi həm Azərbaycanda, həm də dünya miqyasında tanınmışdır. Onun elmi fəaliyyəti torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, təbii ehtiyatların qorunması və səmərəli istifadəsinə həsr edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 7 fevral tarixli Sərəncamında da qeyd olunduğu kimi: “Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü simasının müəyyənləşməsində Həsən Əliyevin müstəsna xidmətləri vardır. Alim bütün zəngin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələri uğurla həyata keçirmişdir.”

Ali Məclisin Sədri deyib: Akademik Həsən Əliyev ölkəmizdə torpaqşünaslıq və tətbiqi ekologiya elmlərinin əsasını qoymuş, onun rəhbərliyi ilə Azərbaycanın qiymətli sərvəti olan torpaq fondu ilk dəfə pasportlaşdırılmışdır. Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun yaranması və inkişafında, çoxsaylı milli elmi kadrların yetişməsində də akademik Həsən Əliyevin misilsiz xidmətləri olmuşdur. Təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və mühafizəsinin təşkili böyük alimin elmi və ictimai fəaliyyətinin əsaslarını təşkil edirdi. Onun elmi fəaliyyəti nə qədər çoxsahəlidirsə, bir o qədər bütöv və tamdır. Buna görədir ki, coğrafiyaçılar onu coğrafiyaşünas, ümumi əkinçilik və torpaq nəzəriyyəsi ilə məşğul olanlar torpaqşünas, ətraf mühit mütəxəssisləri isə ekoloq adlandırırdılar. Bir sözlə, akademik Həsən Əliyevin apardığı elmi tədqiqatlar nümunə gücündə olmuş, ümumdünya miqyasında mühüm elmi nailiyyətlər kimi təsdiq və qəbul edilmişdir.

Qeyd olunub ki, Vətənə, onun torpağına, suyuna və təbiətinə dərindən bağlı insan kimi torpağın mühafizəsi məsələləri həmişə akademik Həsən Əliyevi düşündürüb. “İnsan üçün torpaqdan kənar təbiət anlayışı yoxdur” – deyən alim torpağın münbit qatının eroziyaya uğrayaraq dağıdıldığına, müxtəlif maddələrlə çirkləndirildiyinə, məhsuldar torpaqların üzərində tikinti-inşaat işlərinin aparılmasına təəssüfləndiyini bildirərək bütün cəmiyyəti torpağın qayğısına qalmağa çağırırdı. Bu sahədə apardığı səmərəli elmi fəaliyyətin nəticəsidir ki, onun təşəbbüsü ilə torpaq kadastrı, torpaqların qiymətləndirilməsi kimi elm sahələrinin Azərbaycanda təməli qoyulub və inkişaf etdirilibdir. Akademik Həsən Əliyev ömrünün sonuna qədər Azərbaycanın ekoloji problemləri, meşələrin və meşə torpaqlarının elmi tədqiqi və mühafizəsi sahəsində kompleks tədqiqatlar aparıb, Azərbaycanın müxtəlif ərazilərində ayrı-ayrı ağac cinslərinin yayılması qanunauyğunluqlarını işləyib hazırlayıb. İnsanın sistemsiz təsərrüfat fəaliyyəti nəticəsində dağ və düzən meşələrin sıradan çıxması, ayrı-ayrı qiymətli ağac növlərinin tükənmək təhlükəsi onu narahat edirdi. 1976-cı ildə qələmə aldığı “Həyəcan təbili” kitabında Azərbaycan əhalisini, ziyalıları, gəncləri ətraf mühitin, torpağın, bitki örtüyünün sıradan çıxmasının qarşısını almağa, məhv olmaq təhlükəsi altında qalan bitki və heyvan növlərinin, suyun, atmosferin mühafizəsinə səsləyir və deyirdi ki: “Təbiətə münasibətdə yubanmaq çox yaşamağa yubanmaqdır”.

Ali Məclisin Sədri bildirib ki, bu, hələ ötən əsrdə insanları gözləyən qlobal ekoloji və iqlim dəyişikliklərinə yol verməmək, həyat və insan yaşayışı naminə ətraf aləmi qorumaq barədə böyük bəşəri düşüncə sahibinin gələcək nəsillərə ziyalı çağırışı və müraciəti idi. Görkəmli Azərbaycan alimi təbiətə dağıdıcı təsirin bəşəriyyət üçün təhlükəli olacağına diqqəti çəkərək təbiətə və təbii ehtiyatlara baxışın dəyişdirilməsi, geniş mənada maarifçiliyə böyük ehtiyac olduğunu əsaslandırır, “təbiəti duymaq, dinləmək, onun keşiyində durmağı bacarmaq psixologiyasını böyüyən nəslə aşılamaq ən yaxşı təbiət dərsidir” – deyirdi. Akademik Həsən Əliyevin xalqımız qarşısında xidmətlərindən biri də Azərbaycanda dövlət qoruq və yasaqlıqlarının yaradılmasıdır. Onun təşəbbüsünün nəticəsi olaraq yaradılan dövlət qoruq və yasaqlıqları hesabına Azərbaycanın nadir bitki və heyvanlar aləmi qorunub saxlanmışdır.

Ali Məclisin Sədri deyib ki, akademik Həsən Əliyevin təbiətin mühafizəsi, ondan səmərəli istifadə edilməsi sahəsində apardığı tədqiqatların və gördüyü işlərin miqyası böyükdür. 60 il elmi yaradıcılıqla məşğul olan akademik 800-dən çox elmi məqalə və monoqrafiya, 140-a yaxın müxtəlif təyinatlı xəritə, eləcə də xeyli sayda elmi-kütləvi nəşrlər hazırlayıb, özündən sonra zəngin irs qoyub. Akademik Həsən Əliyevin zəhmətinin məhsulu olan bu irs bu gün əhalinin ekoloji maariflənməsi üçün əhəmiyyətli rola malik olan qiymətli xəzinədir. Qədim Şərq müdrikləri deyirdilər: “Əsl alim odur ki, özündən sonra işi və əməlləri qalsın”. Akademik Həsən Əliyev belə alimlərdən və müdrik zəka sahiblərindən idi. Vətənə və xalqa təmənnasız xidmətləri ilə elm tariximizdə əbədi iz buraxmış bu böyük şəxsiyyətin həyatı və yaradıcılığı “əsl alim necə olmalıdır” sualının ən yaxşı nümunəsi, gələcək nəsillər üçün əsl tərbiyə məktəbidir.

Diqqətə çatdırılıb ki, akademik Həsən Əliyev Naxçıvan Muxtar Respublikasının da zəngin təbiətini tədqiq edib, təbiətin qorunması, təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlı dəyərli tövsiyə və təkliflər verib. Bu gün görkəmli alimin Naxçıvan Muxtar Respublikasının ekoloji mühiti, zəngin təbiətinin qorunması ilə bağlı arzuları reallığa çevrilib. Naxçıvanda yaşıllıq zolaqları, meyvə bağları salınır, qədim meyvə sortları bərpa edilərək əkin dövriyyəsinə qatılır. Bir vaxtlar muxtar respublikada yaşıl örtük sahəsi ümumi ərazinin bir faizini keçmirdisə, hazırda bu göstərici 14 faizdən çoxdur.

Azərbaycan elminə dəyərli töhfələr vermiş görkəmli alim, bacarıqlı elm təşkilatçısı və tanınmış ictimai xadim Həsən Əliyevin xidmətləri layiqincə qiymətləndirilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin tapşırığı və himayəsi ilə 2003-cü il iyunun 16-da akademik Həsən Əliyev adına Ordubad Milli Parkı yaradılıb, 2009-cu ildə Milli Parkın ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılıb. Muxtar respublikanın ən böyük müəssisələrindən olan “Araz” Elm-İstehsalat Birliyi akademik Həsən Əliyevin adını daşıyır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən görkəmli alimin 110 illik yubileyi ilə bağlı muxtar respublikada müxtəlif tədbirlər, elmi konfranslar keçirilib, gənclərin və tələbələrin Həsən Əliyev adına Zəngəzur Milli Parkına ekskursiyaları təşkil edilib, Naxçıvan şəhərindəki Həsən Əliyev adına küçə yenidən qurulub.

Ali Məclisin Sədri deyib: Akademik Həsən Əliyevin xidmətləri öz dövründə olduğu kimi, bu gün də aktuallığını qoruyub saxlamaqdadır. Ümummilli liderimiz Heydər Əliyevin də qeyd etdiyi kimi: “Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən əsas vəzifələrdəndir…”.

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Hafiz Yaqubov çıxış edərək deyib ki, Ali Məclis Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “Akademik Həsən Əliyevin 110 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na uyğun olaraq muxtar respublikada Həsən Əliyevin həyat və yaradıcılığı haqqında tematik materiallar hazırlanıb, akademikin adını daşıyan Zəngəzur Milli Parkı ərazisinə turizm marşrutları təşkil edilib, “Həsən Əliyev-110” mövzusunda elmi konfrans və maarifləndirici tədbirlər keçirilib.

Qeyd olunub ki, alimin arzu etdiyi ekoloji tədbirlər bu gün Naxçıvan Muxtar Respublikası ərazisində uğurla həyata keçirilməkdədir. Muxtar respublikanın ümumi ərazisinin 28 faizə qədərini xüsusi mühafizə olunan təbiət əraziləri – milli park, qoruq və yasaqlıq təşkil edir ki, bu da ətraf mühitin mühafizəsi sahəsində qəbul edilmiş ən yüksək göstəricilərdəndir. Görülən işlər nəticəsində meşə ehtiyatlarımız və yaşıllıqların sahəsi dəfələrlə artıb. Təkcə 2017-ci ildə muxtar respublika ərazisində 550 hektar sahədə yeni yaşıllıqlar salınıb, doğma diyarımızın meyvəçilik şöhrəti özünə qaytarılıb. Akademik Həsən Əliyev Naxçıvanda yerli meyvə sortlarının inkişaf etdirilməsi, cəviz, badam və süfrə üzümü yetişdirilməsinin həm iqtisadi əhəmiyyətini və eyni zamanda bu meyvə bağlarının kənd təsərrüfatı əkinləri üçün yararsız olan torpaqlarda əkilməsini əsaslandırırdı. Muxtar respublika ərazisində bu il 50 hektar münbitliyi az olan torpaqlarda yeni meyvə bağları, 20 hektar sahədə süfrə üzümü, 16 hektar sahədə badam bağı və dağlıq ərazilərdə cəviz bağları salınıb. Muxtar respublikamızda meyvəçiliyin inkişafına xüsusi diqqət göstərilməsinin nəticəsidir ki, son illər aparılan yaşıllaşdırma tədbirlərində meyvə tinglərinin xüsusi çəkisi 70 faizdən yuxarı olub. Təbiəti mühafizə və elmi tədqiqat sahəsində yeni ədəbiyyatların, o cümlədən flora və faunaya dair iki cilddən ibarət “Qırmızı kitab”ın və digər ədəbiyyatların çap edilməsi akademik Həsən Əliyevin elmi yaradıcılığının bu gün də davam etdirilməsini göstərir. Hafiz Yaqubov Naxçıvanda akademik Həsən Əliyevin irsinə verilən yüksək qiymətə, ətraf mühitin mühafizəsi və zənginləşdirilməsinə göstərilən diqqət və qayğıya görə muxtar respublika ekoloqları və təbiətsevərləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Tədbirin aparıcıları akademik Həsən Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib, onun “Həyəcan təbili” əsərindən parçalar oxunub.

Sonra akademik Həsən Əliyevlə bağlı Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Torpağa, Vətənə bağlı ömür” adlı sənədli televiziya filminə baxış olub. (Azərtac)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here