Ev İqtisadiyyat Naxçıvan Muxtar Respublikası sosial dayaqlarını gücləndirir

Naxçıvan Muxtar Respublikası sosial dayaqlarını gücləndirir

316
0
PAYLAŞ

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi kimi milli iqtisadiyyatın perspektivləri üzrə davamlı inkişafı hədəfləyən Naxçıvan Muxtar Respublikası ötən dövrlərin sosial-iqtisadi xronikasına yeni-yeni nailiyyətlər qazandırır. Malik olduğu və zaman keçdikcə daha da artan iqtisadi potensial onun milli iqtisadi inkişafdakı rolunu daha da gücləndirməkdədir. Bu isə yüksək iqtisadi idarəetmə və davamlı sosial qayğı ilə əhatələnən muxtar respublikanın qarşıya qoyduğu məqsədlərinə çevik şəkildə çatmasına təkan verir.

Ölkəmizin qeyri-neft sektorunun inkişaf etdirilməsindən ibarət makroiqtisadi tədbirlərinə diqqət edəndə aydın olur ki, Naxçıvan Muxtar Respublikası özünün çoxşaxəli iqtisadiyyat quruculuğu proseslərində onun:

– regional siyasətinin səmərəliliyinə xidmət edir və istehsal (iqtisadi) münasibətlərinin inkişafında müvafiq amil üzrə təşkilatlanmaya üstünlük verir;

– infrastruktur siyasətinin yüksək potensiallı təminatı ilə stimullaşdırıcı amillərin işləkliyinə və çevikliyinə şərait yaradır;

– məskunlaşma siyasətinin dinamikliyi və onun kreativ təşkili sahəsindəki ideyaların dəstəklənməsinə önəm verməkdədir;

– məşğulluq siyasətinin səmərəli təşkili və idarə olunmasındakı təşəbbüslərin məhsuldarlığına və perspektivliyinə şərait yaradır;

– bununla da, belə makroiqtisadi nailiyyətlərlə sosial siyasətin dayanıqlığını və uzunmüddətlilik imkanlarını artırır.

Naxçıvan Muxtar Respublikası xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörənliyi və yüksək xalq sevgisi ilə başladığı sosial-iqtisadi islahatlarını davam etdirməkdə və 2003-cü ildən regional inkişaf proqramların səmərəli icrası ilə onu daha da zənginləşdirməkdədir. Təbii ki, bu, onun uzaq gələcək üzrə hədəf və prioritetlərinin də faydalılığını artırır. Artıq muxtar respublika ölkənin iqtisadi gücünün artırılması, onun bütün regionlar üzrə əhatə dairəsinin genişləndirilməsi, mikro və makro səviyyələrdəki proseslərin düzgün əlaqələndirilməsindəki əhəmiyyəti ilə seçilməkdədir. Bunu son illərin dayanıqlı sosial-iqtisadi inkişaf dinamikası üzrə göstəricilər də təsdiq  edir.

Muxtar Respublikada müxtəlif illər üzrə ÜDM-in istehsal həcmi (min manat)

Təhlillər göstərir ki, ötən 2017-ci ilin nəticələrinə əsasən, istehsal olunan ÜDM-in həcmi 2014-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,2 dəfəyə yaxın artmışdır. Bu, muxtar respublikanın milli iqtisadiyyatın perspektivləri üzrə müəyyən edilən vəzifələrin səmərəli icrasındakı qətiyyətliliyini göstərir. Eyni müqayisəni 2017 və 2015-ci, eləcə də 2017 və 2016-cı illərin inkişaf nəticələri üzrə aparanda aydın olur ki, hər iki dövr üzrə artımın vəziyyəti necədir.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı inkişaf yolundadır. Əsas məqsəd iqtisadiyyatın təminat qabiliyyətinin artırılmasından, onun cəmiyyət və əhali üçün faydalılığının yüksəldilməsindən, daha doğrusu, sosialyönümlülüyünün gücləndirilməsindən ibarətdir. Məhz bu məqsədlə, həyata keçirilən tədbirlər mahiyyət etibarı ilə nəzərdə tutulan hədəflərə xidmət etmiş və hər bir insanın gündəlik yaşam tərzinin, onun firavanlığının, fəaliyyətindəki stimulların və məhsuldarlığın hərəkətverici qüvvəsinə çevrilmişdir. Aşağıdakı şəkil qeyd etdiklərimizi özündə birləşdirməklə, muxtar respublikada hər bir nəfərə düşən ÜDM-in həcmini ifadə etməkdədir.

Müxtəlif illər ərzində hər bir nəfərə düşən ÜDM-in həcmi (manat)

Təsdiq edilərək qəbul olunan və səmərəli icra mexanzimi ilə təşkilatlanan hüquqi və iqtisadi tənzimləmələr muxtar respublikanın mövcud iqtisadi imkanlarını daha da artırmış və yeni perspektivlər açmışdır. Xüsusən, muxtar respublikada iqtisadiyyatın sahə strukturu üzrə sosiallaşma meyillərinin gücləndirilməsi onun əhalinin rifah halının daha da yaxşılaşdırılması sahəsindəki önəmini artırmaqdadır. Qeyd edilən proseslərin məntiqi əsası olaraq, iqtisadiyyatın hüquqi və iqtisadi tənzimlənməsi, sosial mahiyyətinin yüksəldilməsi məqsədilə 2005, 2008, 2012, 2013, 2016-cı illərdə çoxistiqamətli fəaliyyət planlarından ibarət normativ aktlar qəbul edildi ki, bunlar da muxtar respublikanın iqtisadiyyat quruculuğu proseslərində:

– ərzaq təhlükəsizliyinin təminatı;

– məhsul istehsalının stimullaşdırılması;

– islahatların davam etdirilməsi;

– sənayeləşmə proseslərinin sürətləndirilməsi;

– milli iqtisadiyyat üzrə hədəf və prioritetlər əsas götürülməklə, göstərilən sahələrdə maddi-texniki təchizat sahəsində operativ və çevik mexanizmlərə şərait yaratmış oldu. Dövlətlə əhali arasındakı qırılmaz bağlılığın gerçək tərənnümünə çevrilən bu məsələlər məntiqi davamlılığı və humanistlik ənənəsi ilə iqtisadi siyasətə yeni görkəm qazandırmaqdadır. Bununla yanaşı, yeni iş yerlərinin açılmasına, eləcə də əhalinin sosial müdafiəsinə dövlət qayğısının gücləndirilməsi onların alıcılıq qabiliyyətinin artırılmasında öz əksini tapmaqdadır. Bu isə təbii ki, əhalinin gəlirlərində özünü göstərməkdədir.

Əhalinin gəlirləri (min manat)

Bu göstəricilər muxtar respublikanın son iyirmi iki ildə keçdiyi böyük inkişaf yolunun təsdiqidir. Əhalinin gündəlik yaşam tərzinin daha da yaxşılaşdırılması, dövlətin sosial siyasətində bu sahənin çəkisinin yüksək olması, istehsal və istehlak mədəniyyətinin, bununla yanaşı, istehsalçı və istehlakçı davranışının ən təkmil səviyyəsini təmin etmişdir. Qeyd edək ki, bu, müvafiq dövrlər üzrə hər nəfərə düşən gəlirlərin həcminin artmasına öz müsbət təsirini göstərmişdir.

Bu, bir həqiqətdir ki, muxtar respublikada hər kəs artıq bu göstəricilərin yaratdığı səmərəli mühit nəticəsində işləməyə, fəaliyyət göstərməyə, sosial-iqtisadi inkişafın ən fəal iştirakçısı olmağa özündə stimul hiss edir.

Dünyanın günü-gündən daha da kəskinləşən hadisələri fonunda ölkəmizin və onun regionlarının hazırkı inkişaf səviyyəsini çox yüksək dəyərləndirmək lazımdır. Müharibə təhdidlərinin, terror hadisələrinin, siyasi nizamsızlıqları, sosial bəlaların və iqtisadi böhranların getdikcə çoxaldığı müasir dövr ənənəvi təşkilatlanmaların və qüvvələr nisbətini dəyişikliyə uğratmaqdadır. Belə bir vəziyyətdə Azərbaycan Respublikasının bir sabitlik adası olaraq milli iqtisadi inkişafı naminə ardıcıl gerçəkləşdirdiyi layihələrin və dünyadakı proseslərə sülh gətirəcək təşəbbüslərlə çıxış etməsinin onun düzgün və qətiyyətli addımlarının nəticəsi olmaq etibarı ilə yüksək əhəmiyyəti vardır.

Məhz Naxçıvan Muxtar Respublikası da ümumilikdə ölkənin regional iqtisadi siyasətinin və beynəlxalq iqtisadi münasibətlərin səmərəliliyi baxımından çox zəruri vəzifələr yerinə yetirməkdədir. Bu missiya ümumilikdə makroiqtisadi inkişafın və xarici iqtisadi əlaqələrin perspektivliyinə də hərəkətverici təsir etməkdədir.

Naxçıvan Muxtar Respublikasının iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi artıq milli iqtisadi prioritetlərə aid edilməklə dövlətin sosial-iqtisadi siyasətinin tərkib hissəsinə çevrilmiş və bu sahədə strateji addımlar atılmaqdadır. Qeyd etmək lazımdır ki, müasir iqtisadi şəraitə və hazırkı inkişaf səviyyəsinə uyğun olaraq, muxtar respublikada bu istiqamətdə nəzərdə tutulan tədbirlərin səmərəli həyata keçirilməsi iqtisadi, siyasi, diplomatik və ticarət əlaqələrinin vacibliyi baxımından olduqca əhəmiyyətlidir. Bu sahədə qonşu ölkələrlə, o cümlədən, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlığın çox böyük önəmi vardır. Bu mənada həmin ölkələrin iqtisadi maraqlarına və sosial-iqtisadi inkişaf potensialına xidmət edəcək layihələrin gerçəkləşdirilməsinin önəmi də yüksək olacaqdır.

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında yaradılacaq xüsusi iqtisadi zonaların strateji zərurətini vurğulamaq lazımdır. Elə bu məqsədlərin reallaşdırılması istiqamətindəki tədbirlərin tərkib hissəsi olaraq, 2017-ci ilin yanvar ayında Türkiyənin İqtisadiyyat Nazirliyinin İxracat İdarəsi rəisinin Naxçıvan Muxtar Respublikasında səfərdə olması, oktyabr ayında isə Türkiyənin İqdır şəhərində Türkiyə – Azərbaycan biznes-forumunun keçirilməsinin bəhs olunan sahədə böyük əhəmiyyəti vardır. Azərbaycan (o cümlədən Naxçıvan Muxtar Respublikası) və Türkiyə respublikalarının iqtisadiyyat nazirlərinin birgə iştirakı ilə reallaşan bu görüşdə qarşılıqlı iqtisadi-ticarət perspektivlərinə dair müzakirələr aparılmışdır. Bu sahədəki proseslərin tənzimlənməsi üçün iki ölkənin müvafiq strukturlarının qəbul etdikləri bir sıra tənzimləmə tədbirləri də qüvvəyə minmişdir. Məlumdur ki, Türkiyə Cümhuriyyətinin Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarla Naxçıvan Muxtar Respublikasında istehsal edilən və ya istehsal potensialı olan 43 adda məhsulun (bunlardan 13-ü kənd təsərrüfatı, 30-u sənaye məhsulu olmaqla) Türkiyənin bütün ərazisinə idxal rüsumu ödənmədən, güzəştli şərtlərlə daxil olmasına razılıq verilməsi nəzərdə tutulmuşdur. Sözügedən qərar Naxçıvan Muxtar Respublikasında istehsal olunan illik təqribən 100 milyon ABŞ dolları məbləğində məhsulların Türkiyəyə rüsum ödəmədən ixrac edilməsinə imkan yaradacaq. Bu isə şübhəsiz ki, muxtar respublikanın ixracın şaxələndirilməsi sahəsindəki hədəflərinin çevik gerçəkləşməsinə xidmət edəcəkdir.

Təbii ki, bu, həm də öz növbəsində Azərbaycan Respublikasının beynəlxalq iqtisadi münasibətlərin fəal tənzimləyicisi kimi rolunun və əhəmiyyətinin artırılmasında muxtar respublikanın mövcud imkanlarını genişləndirəcəkdir. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublika:

– yerli məhsulların istehsalında daxili bazarın təminatına cavab verəcək səviyyənin və məhsuldarlığın əlçatanlığına imkanlar açmış, bu isə həm bazar, həm də iqtisadi tarazlığa zəmin yaratmışdır. Digər tərəfdən, bu, hətta kəndlərin sosial-iqtisadi inkişafını, xüsusən də ictimai istehsalın həcminin artırılmasındakı əhəmiyyətini gücləndirəcəkdir;

– ixracın stimullaşdırılması və idxalın məhdudlaşdırılması məqsədlərinin reallaşmasında, bununla da milli iqtisadiyyatın hədəf və prioritetlərinə xas olan iqtisadi-ticarət əlaqələrinin inişafında mühüm amil olan müsbət saldonun təmin edilməsində təsiredici mərhələni daha da təkmilləşdirmiş oldu;

– ölkənin makroiqtisadi maraqlarının ifadə edilməsinə çevik yanaşma ortaya qoymaqla, iqtisadiyyatın müqavimət gücünə malik təşkilatlanmasını sürətləndirməkdədir;

Bununla yanaşı, 17-18 dekabr 2017-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin İran İslam Respublikasına etdiyi rəsmi səfər bu sahədəki potensiala yeni təkan olacaqdır. Eyni zamanda, bu, ümumilikdə, ölkələrimiz arasındakı iqtisadi, ticarət, humanitar, enerji və digər sahələrdəki əlaqələrin inkişafı perspektivlərini daha da artıracaqdır. Təbii ki, bunlar bir daha muxtar respublikanın milli iqtisadiyyata doğru olan yolda qətiyyətli addımlarını göstərməkdədir.

Göründüyü kimi, yaxın gələcəkdə muxtar respublikada sosial-iqtisadi inkişafın davamlılığı və dayanıqlığının təminatı istiqamətində yüksək perspektivlərə söykənən tədbirlər həyata keçirilməkdədir və bu, təbii ki, əhalinin firavan yaşayışının, istehsal imkanlarının və məhsuldar fəaliyyətinin daha da səmərəliliyinə xidmət etməkdədir.

Cavadxan QASIMOV,
iqtisad üzrə fəlsəfə doktoru,
dosent

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here