Ev Cəmiyyət Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri Milli Musiqi Gününə həsr olunmuş konsertlə çıxış...

Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri Milli Musiqi Gününə həsr olunmuş konsertlə çıxış edib

165
0
PAYLAŞ

Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Milli Musiqi Gününə həsr olunmuş konsertlə çıxış edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, orkestr dahi Üzeyir Hacıbəylinin milli musiqimizin incilərindən olan “Koroğlu” operasından möhtəşəm “Uvertüra”nı ifa edib. Bu ölməz musiqidən sonra xor kollektivinin ifasında böyük bəstəkarımız Qara Qarayevin “Xoşbəxtlik nəğməsi” səslənib.

Gənc müğənni İlkin Abdullayev görkəmli bəstəkar Süleyman Ələsgərovun Şıxəli Qurbanovun sözlərinə yazdığı “Baharın nəğməsi” mahnısını ifa edib. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Azər Cəfərli müasir bəstəkarlarımızdan Eldar Mansurovun “Bahar oğlu” mahnısını təqdim etdikdən sonra Azərbaycan Respublikasının Əməkdar artisti Gülyanaq Fərzəliyeva Üzeyir Hacıbəylinin “Firuzə” operasından Firuzənin ariyasını səsləndirib. Gənc müğənni Rahim Əsgərzadənin Müslüm Maqomayevin “Şah İsmayıl” operasından Aslan şahın, “Koroğlu” operasından Həsən xanın ariyalarını ifa etməsi alqışlarla qarşılanıb.

Kamera orkestrinin Qara Qarayevin ölməz “Yeddi gözəl” baletindən səsləndirdiyi “Vals” konsertə rəngarənglik qatıb.

Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfovun və Mübariz Əsgərovun ifa etdikləri Müslüm Maqomayevin “Odlar yurdu” mahnısı, “Qalalı” xalq mahnısı, Oktay Kazımovun “Bayram mahnısı” tamaşaçılarda xoş ovqat yaradıb.

Konsert böyük bəstəkarımızın “Koroğlu” operasından “Final”ın səslənməsi ilə başa çatıb.

Kollektivin xormeysteri Naxçıvan Muxtar Respublikasının Əməkdar Müəllimi Mahirə Əsgərovadır. Orkestrin bədii rəhbər və dirijoru isə Azərbaycan Respublikasının Xalq artisti Çingiz Axundovdur.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here