Ev Mədəniyyət Naxçıvan aşıq sənəti tarixindən

Naxçıvan aşıq sənəti tarixindən

381
0
PAYLAŞ

Azərbaycan şifahi xalq ədəbiyyatının ən zəngin qolunu təşkil edən ozan–aşıq sənəti geniş və çoxşaxəli olmaqla qədim köklərə malik yaradıcılıq sahəsidir. Ozan-qopuz sənətinin qədim iz və əlamətləri təxminən e.ə. II minillikdə özünü göstərir. Manna hakimiyyəti illərindən isə bu sənətin varlığı şübhə doğurmur. Arxeoloji, tarixi-etnoqrafik və filoloji materialların tədqiqi Mannanın türkdilli maldar tayfaları arasında qopuz musiqisini yaradan və ifa edən sənətkarların fəaliyyət göstərdiyini təsdiqləyir. Ozanı xatırladan bu sənətkarların bir qədər sonraki dövrlərdə Azərbaycanda ozan, dədə, sonra varsaq, yanşaq, aşıq adlandığı elmə məlumdur. Ulu öndər Heydər Əliyev milli-dəyərlərimizə, onların öyrənilməsinə və təbliğ olunmasına böyük əhəmiyyət verməklə Azərbaycan mədəniyyətinin dünya sənət xəzinəsinə verdiyi töhfələrlə başqa xalqların nümayəndələrini tanış etmək məsələsini daim diqqət mərkəzində saxlayırdı. ​​Ümummilli lider Heydər Əliyev deyirdi: “Hər bir xalqın mənəvi irsi onun milli sərvəti, tarixi və bu günüdür. Azərbaycan xalqının mədəniyyəti dünyanın ən qədim mədəniyyətlərindən sayılır.”

Son illərdə mədəniyyətimizin, ədəbiyyatımızın və incəsənətimizin inkişafına dövlət səviyyəsində göstərilən qayğının tərkib hissəsi kimi, aşıq sənətinə də böyük diqqət yetirilir. Dövlət başçısının və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın aşıq sənətinin qorunması, inkişafı və təbliği istiqamətində yorulmaz fəaliyyəti nəticəsində 2009-cu ildə Azərbaycan aşıq sənətinin YUNESKO-nun “Qeyri-maddi mədəni irs üzrə siyahı”sına daxil edilməsi də elə bu qayğının nəticəsidir. Tarixlərin süzgəcindən süzülüb gələn qədim folklor nümunəsi olan aşıq sənətinə Naxçıvan Muxtar Respublikasında da böyük diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009–cu il 7 fevral tarixli sərəncamından sonra 2009-cu il 25 dekabr tarixində Naxçıvan Aşıqlar Birliyi yaranmış və bu birliyin yaranması Naxçıvanda yaşayıb yaradan aşıqları bir araya gətirmişdir. Həmin tarixdən etibarən Naxçıvan aşıq sənətində yeni inkişaf mərhələsi başlamış, aşıq sənətinin inkişafına göstərilən diqqət və qayğı Naxçıvan aşıqlarının yaradıcılıq imkanlarını daha da genişləndirmişdir. Naxçıvan aşıq mühiti keçdiyi inkişaf mərhələlərində öz yaradıcı ənənələri və tanınmış sənətkarları ilə Azərbaycan aşıq sənətinə daim dəyərli töhfələr vermişlər. XVIII əsr Naxçıvan aşıq mühitinin tanınmış sənətkarlarından biri Aşıq Süleyman olub. Onun Qarabağda Abdalgülablı Aşıq Valehlə görüşüb deyişdiyi məlumdur. Bu deyişmə onun usdad sənətkar olmaqla Naxçıvandan kənarda da tanındığını göstərir. Bundan başqa Ordubadlı Kərim, Kosacanlı Ağ Aşıq Allahverdi, Aşıq Cəlil, Aşıq Əli Xanxanımoğlu, Aşıq Məmmədcəfər, Çobankərəli Aşıq Cəfər, Aşıq Abbas Dəhri, Aşıq Fətulla və XX əsrin əvvəllərində yaşayıb yaratmış Aşıq Nabatın əməyi çoxdur. Azərbaycan aşıq musiqisinin “Ağır şərili”, “Orta şərili” “Naxçıvan gülü”, “Naxçıvani”, “Cəlili”, “Baş cəlili”, “Orta cəlili”, “Ordubadi”, “Dərələyəz gəraylısı” və digər saz aşıq havaları Naxçıvan aşıq mühiti ilə bağlı yaranmış və indiyədək də bütün saz ifaçılarının repertuarını bəzəmişdir. Qədim Naxçıvan diyarı Azərbaycan mədəniyyət və incəsənətinə layiqli şəxsiyyətlər bəxş etmişdir. Belə şəxsiyyətlərin yaradıcılıqları Azərbaycan mədəniyyətinin, saz-söz sənətinin inkişafına böyük təkan vermişdir desək yanılmarıq. Hazırki dövrdə Naxçıvanda onların bu şərəfli yolunu davam etdirən aşıqlar və el şairləri vardır. Bunlardan Aşıq Fərruxu xüsusi ilə vurğulamaq istəyirəm ki, hələ sovet hakimiyyəti illərindən onun Kreml sarayındakı çıxışları rəğbətlə qarşılanmışdır. Aşıq Fərrux, İxtiyar Seyidov, aşıq Abdulla, Çərkəz Fətəlixanlı, Sərraf Qasım, Aydın Cəfərov, Tural Bağırov, Əli İsmayılov, Şirin Şirinzadə, Könül Taroyeva bu adlarını qeyd etdiyim hər bir aşıq və el şairinin aşıq musiqisində öz yolu, dəstixətti olmaqla yanaşı Naxçıvanın aşıq sənətinin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində də böyük əməkləri vardır. İndi isə sizi Naxçıvanda ta qədimdən indiyədək yaşayıb yaratmış, Azərbaycan aşıq musiqisinə xəzinələr bəxş etmiş Aşıqlar haqqında qısa məlumatla tanış etmək istəyirəm.

1.ORDUBADLI KƏRİM- Ordubadli Kərimin həyat və yaradıcılığı haqqında çox az məlumat var. XVII əsrdə Ordubad şəhərində yaşadığı ehtimal olunur. Əldə olan bir neçə şeiri onun ustad-yaradıcı aşıq olduğunu göstərir. Bəzi şeirləri Kərim adlı digər aşıqların şeirlərinə qarışıb. Aşığın “Ayaza qarşı” şeri bəzi nəşrlərdə Mücrüm Kərimin adı ilə verilib. “Ordubadlı Kərimin Nağılı” yaxud “Kərim və Süsən” dastanının yaradıcısı hesab olunur.

2. KOSACANLI AĞ AŞIQ ALLAHVERDİ- Kosacanlı Ağ Aşıq Allahverdi təxminən 1754-cü ildə Şərur mahalının Kosacan kəndində məşhur şeyx nəslindən olmuş Qara Osman oğlunun ailəsində anadan olmuşdur. Qara Osman oğlu dövrünün saz-söz üstadlarından olmuşdur. Ağ Aşıq aşıq şeirinin əksər janrlarında şeirlər yaratmışdır və bunların çoxu unudulmuşdur. Dövrümüzə aşığın bayatı, gəraylı, qoşma, təcnis, ustadnamə şəklində şeirlərinin bir qismi, “Ağ Aşıq-Süsənbər” dastanı və bir neçə aşıqla deyişmələri gəlib çatmışdır. Kosacanlı Ağ Aşıq 1860-cı ildə Göyçə mahalının Şəfəq kəndində dünyasını dəyişmişdir. Kosacanlı Ağ Aşıq Kərkibaşlı Ağ Aşıq Allahverdinin babası olub.

3. DƏVƏÇİ HEYDƏR- Dəvəçi Heydər XIX əsrin ortalarında Şərur-Dərələyəz mahalının Dərəli kəndində anadan olub. Deyilənə görə, yaradıcı aşıq olub. El şairi olduğunu da ehtimal etmək olar. Dəvəçiliklə bağlı “Dəvəçi” təxəllüsünü işlədib. Şeirləri bizə az çatıb. Əldə olan şeirləri onun yaradıcı sənətkar olduğunu göstərir. Ehtimal ki, Dəvəçi Heydər XIX əsrin sonlarında vəfat edib.

4. AŞIQ ƏLİ XANXANIMOĞLU- Naxçıvanın Şərur Bölgəsinin tanınmış aşıqlarından biri Əli Xanxanımoğludur. XIX əsrdə bölgənin Sədərək kəndində yaşamışdır. Anadan olduğu və vəfat etdiyi tarixlər məlum deyil. Yaddaşlarda yaşayan söhbət və rəvayətlərdən, əldə olan bir neçə şeirindən yaradıcı aşıq olduğu məlum olur. Aşığın “Aşan yollar yar yanına gedirmi?” şeiri də onun Sədərəkdə yaşadığını təsdiq edir. Aşığın çap edilmiş qoşma və təcnisləri fikir, məzmun aydınlığı, forma gözəlliyi ilə diqqəti çəkir.

5. GÜLALI MƏMMƏD- XIX əsrdə Naxçıvanın Şərur bülgəsində yaşamışdır. Anadan olduğu və vəfat etdiyi tarixlər məlum deyil. Deyilənə görə, yaradıcı və ifaçı aşıq olub. Şeirlərindən biri bizə məlumdur.

6. AŞIQ NƏCƏFALI- XIX əsrin 2-ci yarısı və XX əsrin əvvəllərindəki onilliklərdə Şahbuz bölgəsinin Kükü kəndində yaşayıb. Deyilənə görə, yaradıcı olub. Aşığın 1920-ci illərdən sonra vəfat etdiyi güman edilir.

7. AŞIQ MƏMMƏDCƏFƏR- Aşıq Məmmədcəfər XIX əsrin ortalarında Naxçıvan bölgəsinin Vayxır kəndində anadan olub. Bundan başqa onun Səhnə xanımla deyişməsi, Şərurun Dəmirçi kəndində Əli Koxaya şeir qoşması haqqında məlumatlar vardır. Aşıq təxminən XX əsrin 30-cu illərində vəfat etmişdir.

8. AŞIQ ABBAS DƏHRİ- Aşıq Abbas təxminən 1818-cı ildə Ordubad bölgəsinin Dəstə kəndində anadan olub. Ərəb-farsca təhsili olan Abbas “Əncüməni-şüəra” ədəbi məclisinin üzvü olub. “Dəhri” təxəllüsü ilə qəzəllər yazıb. O, “Əncüməni-şüəra” məclisi bağlandıqdan sonra aşıqlıq etmişdir. Bayatı, gəraylı, qoşma formalarında şeirlər yaratmışdır. “Olmaz”, “İstərəm”, “Oğul” adlı şeirləri belə örnəklərdəndir. Aşıq Abbas sağlığında Naxçıvan bölgəsi ilə yanaşı, Cənubi Azərbaycanın Ələmdar, Mərənd, Xoy, Zaqafqaziyanın İrəvan, Göyçə, Tiflis, Gəncə, Şəmkir bölgələrində tanınmışdır. Aşıq Abbas 1932-ci ildə vəfat etmişdir.

9. AŞIQ NABAT- Aşıq Nabat 1914-cü ildə Şərur bölgəsinin Parçı Kəndində anadan olub. Kiçik yaşlarından ata-anasını itirmiş Nabat qardaşının himayəsində böyümüş,1934-cü ildə isə Bərdə rayonuna köçmüşdür. O, burada göyçəli Aşıq Musadan aşıq sənətinin sirlərini öyrənmişdir. Aşıq Nabat Bərdə, Yevlax, Gəncə şəhərlərində Aşıq Əsəd, Borsunlu Məzahir, Pərvanə Həsən, Aşıq Teymur kimi ustad sənətkarlarla görüşmüş, sənətdə get-gedə püxtələşib ad-san qazanmışdır. Məlahətli səsi, gözəl ifaçılıq qabiliyyəti ilə qadın aşıqlar arasında fərqlənmiş Aşıq Nabat Azərbaycan aşıqlarının qurultay (1938) və (1962) nümayəndəsi olmuş, Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə (1940) iştirak etmişdir. Aşıq Nabat klassik və müasir aşıqların, el şairlərinin şeirlərinin çoxunu, bir neçə məhəbbət dastanını kamil bilmiş, bütün dəsgahları ilə ifa etmişdir. O, 1973-cü ildə vəfat etmişdir. Aşığın məzarı Siyaqut kəndindədir. ​ Daha haqqında danışmadığım Naxçıvan torpağının yetirmələri, Naxçıvanda yaşayıb yaratmış bir çox el şairləri və aşıqlar haqqında məlumatları gələn yazılarımda sizlərin diqqətinə çatdıracağam.

Fətəli Axundzadə

Naxçıvan Aşıqlar Birliyinin katibi

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here