Ev Regionlar Muxtar respublikada əhalinin sayı açıqlanıb

Muxtar respublikada əhalinin sayı açıqlanıb

357
0
PAYLAŞ

Muxtar respublikada əhalinin sayı 2007-ci illə müqayisədə 60 min 994 nəfər artaraq 452 min 831 nəfər olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildiriblər ki, 2018-ci il yanvarın 1-nə əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edib. Muxtar respublika sakinlərinin 29,5 faizi şəhər, 70,5 faizi isə kənd yaşayış məntəqələrində yaşayır.

Bir kvadratkilometrə düşən əhalinin sayı 82 nəfər olub ki, bu da 2007-ci ilin sonu ilə müqayisədə 11 nəfər çoxdur. Əhalinin ən sıx məskunlaşdığı yer Naxçıvan şəhəridir, bir kvadratkilometrə 485 nəfər düşür.

2017-ci ildə muxtar respublikada 5 min 681 doğum qeydə alınıb. Doğulanların 2 min 899 nəfərini və ya 51 faizini oğlanlar, 2 min 782 nəfərini və ya 49 faizini isə qızlar təşkil edib. Doğulanlardan 61-i əkiz, 1-i isə üçəm olub. 2017-ci ildə muxtar respublikada doğulan oğlanlarda Yusif, Əli, Məhəmməd, Hüseyn və Uğur, qızlarda isə Zəhra, Fatimə, Zeynəb, Damla və Məryəm adları üstünlük təşkil edib. Ümumilikdə, son 10 ildə muxtar respublikada 81 min 807 nəfər uşaq dünyaya gəlib.

Ötən il muxtar respublikada 2 min 562 nikah bağlanıb, nikaha girənlərdə orta yaş həddi kişilərdə 28 yaş, qadınlarda isə 23,7 yaş təşkil edib. 2008-ci ildən bu il yanvarın 1-nə muxtar respublikada 31 min 675 nikah qeydə alınıb.

Əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması ölüm, o cümlədən 1 yaşa qədər ölən uşaqların say göstəricisini aşağı salıb. Əgər 2007-ci ildə ölüm göstəricisi əhalinin hər min nəfər hesabı ilə 5,3 nəfər olubsa, hazırda bu göstərici 4,4 nəfər təşkil edir. Hər min nəfər doğulana hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 2007-ci ildə 2,5 nəfər qeydə alındığı halda, 2017-ci ildə bu göstərici 1,6 nəfər olub.

Bu il yanvarın 1-nə muxtar respublikada gənclərin sayı 139 min 472 nəfərə çatıb ki, bu da ümumi əhalinin 30,8 faizini təşkil edir.(AZƏRTAC)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here