Ev Dünya Mobil operatorların reklam fırıldağı

Mobil operatorların reklam fırıldağı

246
0
PAYLAŞ

Nömrə almaq üçün müqavilədə nələr yazılacaq?

Bir neçə gün öncə “Telekommunikasiya haqqında” Qanuna dəyişiklik olundu.
Yeni qanuna edilən 50-1-ci maddəyə əsasən, operator və provayder reklamverici ilə bağlanılan müqavilə əsasında reklam yayımlaya bilər. Maraqlıdır, görəsən, bundan sonra abonentlərə icazəsiz reklam mesajlarının göndərilməsinin qarşısı alınacaqmı? Həmçinin, nömrə alarkən reklam mətnlərinin göndərilməsi barədə bəndlər müqavilədə yer alacaqmı?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Cebhe.info-ya bildirib ki, mobil operatorların fırıldağı ilə bağlı onlara xeyli sayda müraciətlər daxil olur. Onun sözlərinə görə, mobil operatorlarla müştərilər arasında bağlanan müqavilədə reklam xarakterli SMS-lər nəzərdə tutulmur.
Mobil telefon istifadəçilərinə yersiz mesajların göndərilməsi ilə operatorlar “Mülki Məcəllə”nin 200-cu maddəsini (aldatma) və “İstehlakçı Hüquqları haqqında” qanunun 15-ci maddəsinin bəndlərini pozurlar. E.Hüseynov vurğuladı ki, qanunvericilikdə xüsusi cəza tədbirləri və cərimələr nəzərdə tutulsa da, mobil operatorlar müxtəlif vasitələrlə bundan yayınırlar.
Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, qanunda edilən dəyişiklik heç də müsbət nəticə verməyəcək:
“Çünki mobil operatorlar müştəriyə təqdim etdikləri müqavilə nümunəsini öncədən razılaşdırmırlar, imzadıb, sonra müştəriyə verirlər. Sizə bir nümunə deyim. Mən nömrə alan zaman satıcıya dedim ki, öncə müqaviləni verin, oxuyum. Dedilər ki, yox, müqaviləni imzalamadan, onun sürətini sizə verə bilmərik.Öncə imzaladıb, sonra sürətini verirlər. Maliyyə Nazirliyi bu prosesə istehlakçıların hüquqlarının qorunması baxımından ciddi nəzarət etmir. Ona görə də bu problem hər zaman qalacaq. Həmin müqaviləyə bəri başdan yazacaqlar ki, operator istədiyi SMS-i göndərə bilər. Təsdiqlədikdən sonra nömrəni sizə satacaqlar. Beləliklə də faktiki olaraq, yenə də məsuliyyətdən qaçacaqlar. Bu qayda 99 faiz tətbiq olunacaq. Onu da deyim ki, vətəndaşa verilən müqavilə heç oxunacaq şəkildə deyil. Çox kiçik, adi gözlə oxumağın mümkün olmadığı şriftlərlə verilir. Türkiyədə buna görə məhkəmə bütün mobil operatorların hamısının müqaviləsini ləğv etdi. Şərt qoydu ki, ölçüsünə görə 12 funt həcmində olmayan müqavilə keçərsizdir. Amma bizdə nəinki 12, heç 4 funt da deyil… İkincisi, burada müqavilədə nəyin əks olunması məsələsidir. Müqavilə iki tərəfin iradəsidir. Amma burada müqavilənin hazırlanmasında operatorun iradəsi var. Qarşı tərəf sadəcə, nömrə xətrinə qoyulan şərtləri qəbul etmək məcburiyyətində qalır”.
Məsələyə mobil operatorun münasibətini öyrənməyə çalışdıq. Lakin “ Azercell Telekom” MMC-dən bu iradlara ağlabatan cavab verilməyib. Qeyd edək ki, xidmət haqqının avtomatik olaraq çıxılması mümkün deyil, güman ki, abunəçi bu və ya digər xidmətə qoşulmaq üçün mobil cihazında müvafiq düyməni sıxıb. Xidmətdən imtina etmək üçün STOP sözü 9005-ə göndərilməlidir. Müştəriləri aldadaraq birgə pul qazandıqları şirkətlərin adının açıqlanmasına gəlincə, şirkət bütün məzmun təminatçılarının siyahısını konfidensiallıq səbəbi ilə açıqlamadıqlarını bildirib. “Bakcell” MMC-dən isə bildirdilər ki, şirkət abunəçilərə müxtəlif növ telekommunikasiya xidmətlərinin göstərilməsi həm birbaşa, həm də əlavə dəyər xidmətləri (VAS) üzrə xidmət-təchizatçıları vasitəsilə həyata keçirilir.
“Bakcell” MMC onunla əməkdaşlıq edən müxtəlif xidmət təchizatçıların və kontent provayderlərin təklif etdiyi xidmət və məhsullara görə məsuliyyət daşımır. Bu kimi şirkətlərin təkliflərinə abunə olan müştərilər həmin xidmət və məhsulların istifadəsindən irəli gələn bütün riskləri qəbul etmiş olur. Bu cür xidmətlərin göstərilməsi ilə bağlı daha ətraflı məlumat almaq üçün rəsmi müraciət etmiş şəxslərə “Bakcell” MMC müvafiq xidməti göstərən xidmət təchizatçısının əlaqə telefonunu təqdim edir.
Şirkətdən həmçinin bildiblər ki, kütləvi SMS-lərlə bağlı şikayətlərin əksəriyyəti reklamçıların göndərdikləri mesajlara aiddir: “Müştərilərimizi məmnun etmək üçün biz onlara arzuolunmaz mətn mesajlarını filtrdən keçirməyə imkan yaradan yeni platformanı işə salmışıq. Yeni sistemin ən gözəl xüsusiyyətlərindən biri də odur ki, o, müştərilərə seçim imkanı yaradır və onlar hansı mesajları qəbul edib-etməməyi özləri seçirlər. “5595” qısa nömrəsinə “STOP” yazısını göndərməklə, abunəçilərimiz üçüncü tərəflərin göndərdiyi reklam mesajlarının qəbulunu birdəfəlik dayandıra bilərlər”. (pia.az)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here