Ev Cəmiyyət Kübra MƏMMƏDOVA – Ana dilim ölən deyil (Dalğalansın Bayrağım)

Kübra MƏMMƏDOVA – Ana dilim ölən deyil (Dalğalansın Bayrağım)

2019
0
PAYLAŞ

Dil bir xalqın sahib olduğu ən dəyərli sərvətdir. Hər şeydən öncə dil insanlar arasında ünsiyyət vasitəsidir. Azərbaycan dilinin təşəkkülü VII-VIII əsrlərdə başa çatmışdır. Azərbaycan adlı bir məmləkətin tarixi nə qədər qədimdirsə, onun dilinin də yaşı bir o qədər qədimdir. Uzaq tariximizi bu gün də yaşadan ümumxalq dilimiz varlığı ilə dünya tarixini bəzəmişdir. Rus alimi V.V.Bartoldun 1912-ci ildə yazdığı: “…xanədanın təşəkkül etdiyi yerdə Azərbaycan əhalisi türkcə danışırdı və nəticədə türkcə Səfəvilər dövlətində saray və ordu dili olaraq qaldı” ifadəsi Azərbaycan türkcəsinin daha o zamanlardan mövcud olduğunun qürurlandırıcı sübutudur.

Azərbaycan dili 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan Demokratik Respublikasının Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadə tərəfindən dövlət dili kimi qəbul edilsə də, 1920-ci ilin 28 aprelində Azərbaycan Demokratik Respublikasının süqutu nəticəsində, hakimiyyətə gəlmiş sovet höküməti dövlət dilinin Azərbaycan dili olmasından imtina etmişdi. 1960-cı illərə kimi Azərbaycan əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olmasına baxmayaraq, respublikamızda Azərbaycan dili hakim bir dil deyildi. 1960-cı illərdə dövlət dilinin Azərbaycan dili olması fikri səsləndirilsə də buna nail olunmamışdı.Dilimizin dövlət statusu qazanması 1993-cü ilə təsadüf edir. Həmin il azərbaycançılıq ideologiyasının banisi Heydər Əliyev Azərbaycan xalqının tələbi və xahiş ilə yenidən siyasi hakimiyyətə gəldi, dilimizin yenidən işlənməsi, həmçinin inkişafı ilə ciddi məşğul oldu. 1995-ci ildə xalq referendumu ilə qəbul edilmiş Konstitusiyanın 21-ci maddəsinin I hissəsinə əsasən Azərbaycan dili dövlət dili kimi qəbul edildi.

   Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi və inkişafı çağdaş Azərbaycan dövlətini qurmaq missiyasına nail olan Heydər Əliyevin adı ilə bağlıdır. Dahi öndərin də dediyi kimi, “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir.” Hətta Ümummilli lider Bakı Dövlət Universitetinin 75 illiyinə həsr edilən iclasda baş vermiş bir hadisəni də danışmışdır:

“Xatirəmdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, ana dilimdə, Azərbaycan dilində danışdım. Bu böyük sensasiya kimi qarşılandı. Nə cür olur ki, respublikanın rəhbəri, Azərbaycan dilində çıxış edir və bu dildə heç də pis danışmır. Bəziləri məni bu hadisə münasibəti ilə təbrik etdilər. Minnətdarlıqlarını bildirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar doğrudan da bunu böyük bir hadisə kimi qəbul etdilər.”

Öz millətinin Azərbaycan dilində təhsil almaq hüququnun olduğunu müdafiə edən xalqımızın xilaskar oğlu Heydər Əliyev 2001-ci ilin iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Cari ilin 9 avqustunda Azərbaycan Prezidenti “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” yeni bir sənəd qəbul etdi. Həmin fərmanda on ilə yaxın bir müddətdə latın qrafikası Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğu  qeyd edilərək qərara alındı ki, hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilsin.

Azərbaycanı ən yüksək mövqeyə yüksəldən yolda unudulmaz işlər gerçəkləşdirən Heydər Əliyevin uğurlu daxili və xarici siyasətini layiqli davamçısı, dünyada özünəməxsus mövqeyi olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncam da dilimizin inkişafı istiqamətində atılmış əhəmiyyətli bir addımdır.

Dil siyasətinin təməlini qoyan dünya şöhrətli dövlət başçısı Heydər Əliyev öz çıxışlarında bildirmişdir: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm!”

Azərbaycan dilinin siyasi tarixdəki rolundan əlavə, bu dilə çoxlu şeirlər ithaf edilmiş, onun ahəngdarlığı, dərinliyi vurğulanmışdır. Azərbaycanın tanınmış şairlərindən biri olan Bəxtiyar Vahabzadə öz dilinə olan sevgisini sətirlərə tökərək yazmışdır:

“Dil açanda ilk dəfə «ana» söyləyirik biz,
«Ana dili» adlanır bizim ilk dərsliyimiz.”

Bəli şairin də qeyd etdiyi kimi daha erkən yaşlarda aşılanır vətən sevgisi,dil sevgisi xalqımıza. Məhz bu da kiçikdən böyüyə hər bir azərbaycanlıda vətənpərvərlik duyğusunu formalaşdırır.

“Öz dilini bilməyən adamlar şikəst adamlardır” demişdir fenomenal siyasətçi  Heydər Əliyev. Bunu 1934-1991-ci illərdə yaşamış əməkdar incəsənət xadimi Tofiq Bayram da öz dilinə laqeyd yanaşanları qınayaraq, belə ifadə etmişdir:

“Mən nankor deyirəm, nacins deyirəm –
Öz ana dilini bilməyənlərə!”

Azərbaycan xalq şairi Xəlil Rza Ulutürk millətin şərəfini ana dilində görmüş, onun ölməzliyini bu misralarla oxuyucuya çatdırmışdır:

“Sağdır dilim, 
demək, sağdır ləyaqətim, şərafətim. 
Sağdır demək milyard yaşlı məmləkətim.”

Dil millətin gələcək nəsillərə yadigarıdır. Rus pedaqoq K.D.Uşinski qeyd etmişdir ki, bir xalqı məhv etmək üçün onun dilini əlindən almaq kifayətdir. Məhz buna görə də torpaqlarımıza göz dikmiş yadellilər hər şeydən öncə dilimizi məhv etməyə çalışmış, lakin heç zaman buna nail ola bilməmişlər. Müstəqilliyimizin nişanəsi olan dövlət dilimiz əhəmiyyətli tribunalarda səslənir və səslənməyə davam edəcəkdir.

 

            Kübra MƏMMƏDOVA
kubramemmedova97@box.az

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here