Ev Regionlar İslam mədəniyyəti paytaxtı və Naxçıvana turist axını perspektivləri…

İslam mədəniyyəti paytaxtı və Naxçıvana turist axını perspektivləri…

210
0
PAYLAŞ

Fariz Xəlilli: “Düşünürəm ki, bu il Naxçıvana daha çox turist gələcək”
Fərid Mehdiyev: “Naxçıvan həmişə turistlərin maraq göstərdiyi məkan olub”
Həyat Məhərrəmova: “Mən bu şəraiti özüm görmüşəm”

Naxçıvan şəhəri 2018 il üçün İslam mədəniyyətinin paytaxtı missiyasını yerinə yetirəcək. 5 min il yaşı olan və böyük tarixə, mədəniyyətə malik Naxçıvan il boyu bütün İslam dünyasının diqqət mərkəzində olacaq. Ümumiyyətlə,  Naxçıvan tarixən dünya səyyahlarının, alimlərinin maraq göstərdiyi tarixi ərazilərimizdən biri olub. Burada islam mədəniyyətinin canlı nümunələri, daş yaddaşı yaşayır. Öz inancı, islama bağlılığı ilə seçilən naxçıvanlılar həm də öz qonaqpərvərliyinə görə bu diyara qədəm basan hər bir insanın sevgi və diqqətini qazanıblar.

Son illərin hesablamaları göstərir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Naxçıvan turistlərin ən çox maraq göstərdiyi məkanlardan birinə çevrilib. Məlumatlara görə, bu diyarı ziyarət edənlər dünyanın əksər ölkələrinin vətəndaşlarıdır. Onlar Naxçıvan ərazisini qarış-qarış gəzərək bu torpağın gözəlliklərini, tarixi abidələrini, dünya mədəniyyətinin parlaq incilərini heyranlıqla seyr edirlər.

Qeyd etdiyimiz kimi, Naxçıvan ərazisi turizm üçün olduqca əlverişlidir. Burada turistlər üçün nümunəvi şərait mövcuddur.

Naxçıvanın İslam mədəniyyətinin paytaxtı olması bu əraziyə turist axınına necə təsir göstərəcək?

“Miras – Mədəni İrsin Öyrənilməsinə Kömək” İctimai Birliyinin rəhbəri, tarixçi-etnoqraf Fariz Xəlilli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İslam mədəniyyətinin paytaxtı ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində Naxçıvana güclü turist axını gözlənir. O hesab edir ki, bu il Naxçıvana gələn turistlərin sayı keçən illərlə müqayisədə bir neçə qat artıq olacaq: “Bilirsiniz ki, Naxçıvan Azərbaycanın ən qədim diyarlarından biridir. Bu il Naxçıvan İslam mədəniyyətinin paytaxtıdır. Üstəlik də burada çox zəngin islam mədəni irsi var. Bu mədəni irs, hər zaman olduğu kimi, turistlərin diqqətini cəlb edir. Düşünürəm ki, bu il Naxçıvana daha çox turist gələcək. Çünki bunun üçün çox böyük əsaslar var. Birincisi, Naxçıvan İslam mədəniyyətinin paytaxtıdır, ikincisi, buranın çox gözəl təbiəti var, üçüncüsü, bu ərazi qədim abidələr məskənidir, dördüncüsü, Azərbaycanın hər yerində olduğu kimi, burada təhlükəsizlik, əminamanlıq, sabitlik var. Turist üçün lazım olan hər bir şərait, imkan bu diyarda mövcuddur. Turistlərin Naxçıvanda ziyarət edəcəyi məkanlar saysız-hesabsızdır. Burada Əshabi-Kəhf mağarası var, eləcə də digər abidələr mövcuddur. Bəzən alimlər Naxçıvan sözünün etimiologiyasını  Nuxçıxan kimi qeyd edirlər. Onun adını Nuh Peyğəmbərlə bağlayırlar. İslam coğrafiyası ilə bağlı burada mövcud olan Gəmiqaya abidəsi də diqqət çəkir. Naxçıvan ərazisində islam mədəniyyəti, islam dünyagörüşü, Qurani-Kərimin hədisləri ilə bağlı çoxlu abidə, tarixi yerlər var. Turistlər hər zaman bu tarixi yerləri görməkdə maraqlı olublar. Bu il Naxçıvanın İslam mədəniyyətinin paytaxtı élan olunması İslam dünyasının diqqətinin bu diyara yönəlməsinə bir daha imkan verəcək”.

Naxçıvanın İslam mədəniyyətinin paytaxtı missiyasını layiqincə yerinə yetirməsi üçün çox zəngin tədbirlər planının hazırlandığını deyən F.Xəlilli qeyd etdi ki, bir il müddətində Naxçıvanda çox maraqlı, əhatəli tədbirlər keçiriləcək və bütün İslam dünyası o tədbirlərdə təmsil olunacaq: “Bu tədbirlər Azərbaycanın bir parçası olan Naxçıvanın islam mədəniyyətinə verdiyi töhfələri təqdim etmək baxımından çox əhəmiyyətlidir. Deyim ki, tədbirlər çərçivəsində müxtəlif elmi konfransların, turizm simpoziumlarının, festivalların, ekoturların və s. keçirilməsi olduqca maraqlı olardı. Naxçıvan artıq il boyu o tədbirləri keçirməyə hazırdır və bu tədbirlərin bölgəyə turist axınının güclənməsinə böyük təsiri olacaq.  “Miras – Mədəni İrsin  Öyrənilməsinə Kömək” İctimai Birliyi olaraq istəyirik ki, elmi konfranslarımızdan birini ilin ikinci yarısında Naxçıvanda keçirək. Bu bizim arzumuzdur. Ora müxtəlif turlar təşkil etməyi də düşünürük. Hesab edirəm ki, bu il həm yerli, həm də islam dövlətlərinin turizm şirkətləri tərəfindən Naxçıvana təşkil edilən turların sayı bir neçə qat artacaq. Hesab edirəm ki, bu turlara daha çox ərəb ölkələrini, Orta Asiya respublikalarını, İran və Türkiyəni, Balkan ölkələrini cəlb etmək lazımdır. Onsuz da onlar bu turlara qatılmaqda maraqlıdırlar. Yerli turizm şirkətləri turist cəlb etmək üçün internet üzərindən və başqa vasitələrlə fəaliyyət göstərməlidirlər. Naxçıvan hava limanına çarter reyslərin təşkili də maraqlı olardı. Düşünürəm ki, müxtəlif şirkətlər bunu həyata keçirsə, daha çox turist axınına nail olarıq. Burada təkcə dövlətin deyil, həm də ictimai təşkilatların, turizm qurumlarının üzərinə düşən işlər var”.

Yerli turizim təşkilatlarından birində çalışan Fərid Mehdiyev bizimlə söhbətində qeyd etdi ki, Naxçıvan tarixən əcnəbilərin maraq göstərdiyi diyarlarımızdan biri olub. Onun sözlərinə görə, Naxçıvan İslam mədəniyyətinin paytaxtı kimi bu il daha çox turistə qucaq açacaq: “Naxçıvan həmişə turistlərin maraq göstərdiyi məkan olub. Qədim və orta əsrlərdə də, XIX yüzillikdə də, Sovet dövründə də Naxçıvan turistlərin axın etdiyi ərazimiz olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra bura müsəlman və qeyri-müsəlman ölkələrdən turistlər gəlib. Son illər həm yerli, həm də xarici turizm şirkətləri Naxçıvana turist aparmaqda maraqlıdırlar. Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı  olması bura turist axınını daha da gücləndirəcək. Əminəm ki, bura islam ölkələrinin hər birindən kütləvi turist axını olacaq. Hətta Avropa dövlətlərindən də gələnlər az olmayacaq. Məlumdur ki, burada islam mədəniyyətilə bağlı çoxlu abidə mövcuddur. Bu abidələr turistlərin marağını özünə çəkir. Naxçıvan özünəməxsus bir bölgəmizdir və öz adətləri, mətbəxi var. Hesab edirəm ki, Naxçıvanın təbii, tarixi gözəlliyi ilə yanaşı mətbəxi də turistlər üçün maraq doğuracaq”.

O qeyd etdi ki, Azərbaycanın tarixində xüsusi yeri olan Naxçıvanın qədim abidələri Azərbaycan xalqının zəngin keçmişini, mədəniyyətini, adət-ənənələrini özündə yaşadır. Onun sözlərinə görə, məmləkətimizin ayrılmaz bir parçası olan bu diyarda ilk insanların yaşadıqları mağaralara, qədim yaşayış yerlərinə, möhtəşəm qala divarlarına, qayaüstü rəsmlərə, ən mükəmməl memarlıq incilərinə rast gəlmək olur: “Bütün bunlar da turistlər üçün xüsusilə dəyərlidir. Naxçıvan abidələrinin analoqu bütün dünyada yoxdur. Məlumatıma görə, Naxçıvanda 1162 tarixi-mədəniyyət abidəsi mövcuddur ki, onların da 58-i dünya əhəmiyyətli sayılır”.

Tarixçi Həyat Məhərrəmova da hesab edir ki, Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı missiyasını yerinə yetirməsi Naxçıvana güclü turist cəlb edəcək: “Naxçıvan qüdrətli, zəngin bir diyarımızdır. İslam aləmi üçün böyük əhəmiyyət kəsb edən bu diyarımız turistlərə hər zaman qapı açıb. Bu il nəinki islam dövlətlərindən, eləcə də dünyanın bir sıra ölkələrindən bura saysız turist gələcək. Naxçıvan bir il müddətində islam aləminin diqqətində olacaq. Naxçıvan Muxtar Respublikası çox gözəl bir diyardır. İnsanları mehriban və qonaqpərvərdirlər. Burada turistlərin gəzməsi, əylənməsi, ziyarət etməsi, qalması üçün gözəl şərait var. Mən bu şəraiti özüm görmüşəm. Naxçıvan turistlər üçün çox böyük maraq kəsb edir. Bu torpaqda zəngin bir dünya yaşayır. Deyim ki, buradakı abidələrin bir çoxu islamla və ondan əvvəlki və sonrakı dövrlərlə bağlıdır. Qədim yaşı olan Qazma, Əshabi-Kəhf, Kilid mağaralarında daş dövrü mədəniyyətinin izləri yaşayır. Eramızdan əvvəl IV minilliyin sonu və II minilliyin əvvəllərində Naxçıvan ərazisində Oğlanqala, Qarabağlar, Çalxanqala, Govurqala kimi qala-şəhər yaşayış məntəqələri salınıb. Gəmiqaya rəsmləri tipli təsviri sənət abidələri Naxçıvanın qədim tayfalarının həyat tərzini, dini-ideoloji dünyagörüşünü əks etdirir. Əshabi-Kəhf mağarasının Qurani-Kərimin Kəhf surəsindəki mağara olduğu ehtimal edilir. Adlarını çəkdiyim abidələr turistlər üçün böyük maraq kəsb edir. İslam dövlətlərindən gələn və avropalı turistlər də bu abidələrə maraqla tamaşa edəcəklər. Memar Əcəminin şah əsəri olan Mömünə Xatun türbəsi də turistlər üçün maraq doğuracaq. Bu türbəni Naxçıvanın Tac-Mahalı da adlandırırlar. Türbə təkcə Azərbaycanda deyil, İslam dünyasında ən uca və incə kompozisiyalı abidələrdən sayılır. O, 1186-cı ildə Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin xanımı Mömünə Xatunun qəbirüstü məqbərəsi kimi ucaldılıb. El arasında bu türbəyə “Atabəy günbəzi” də deyilir.

Memar Əcəmiyə aid daha bir tarixi memarlıq abidəsi Yusif ibn Küseyr türbəsidir. 1162-ci ildə inşa edilən türbə xalq arasında ata-baba türbəsi adlanır. Abidənin gövdəsində kufi xətlə Qurandan ayələr yazılıb”.

Ekspert vurğuladı ki, orta əsr Naxçıvan memarlığının ən qiymətli yadigarlarından biri də Qarabağlar türbəsidir. İslam mədəniyyətinin Naxçıvanda tam oturuşduğu dövrdə inşa edilən Qarabağlar abidələri kompleksinin də islam ölkələrindən gələn turistlər üçün əhəmiyyət kəsb edəcəyini deyən tarixçi bildirdi ki, türbənin qoşa minarələrinin XII əsrin axırlarında və ya XIII əsrin əvvəllərində tikildiyi güman edilir və türbənin fasad bəzəyi təkrarlanan “Allah” sözlərindən yığılıb: “Naxçıvanın diqqətçəkən memarlıq abidələrindən biri də Ordubad şəhərinin mərkəzində XIV əsrə aid Buzxana abidəsidir. Bina böyük otaqdan, 36 pillədən və buz saxlanan zirzəmidən ibarətdir. Binanın hündürlüyü 11 metr, divarlarının qalınlığı isə 80 santimetrdir. Qış aylarında zirzəmiyə su vurularaq buz halına salınır, yay aylarında isə yerli əhalinin ərzaq məhsulları və azuqələrini saxlamaq üçün istifadə edilirdi.

XVIII əsrə aid tarixi abidələrdən biri sayılan və Naxçıvanın əzəmətli tikililərindən hesab edilən Xan sarayı şəhərin qonaqlarının maraqla ziyarət etdikləri məkanlardan biridir. Sarayı XVIII əsrin sonunda axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kəlbəli xan Kəngərlinin tikdirdiyi ehtimal edilir. Abidə XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olub. Hazırda bu sarayda Naxçıvan Xalça Muzeyi yerləşir.

XVIII əsrə aid Şərq hamamı Naxçıvanın dövlət  tərəfindən qorunan tarixi-memarlıq abidələrindən biridir. Bu memarlıq kompleksi vaxtilə Naxçıvan şəhərinin mərkəzindən keçən Bazar çayının yaxınlığında inşa edilib. Mən bu abidələrin adlarını qısaca qeyd etdim. Bildiyim qədər, Naxçıvanın gəzməli, görməli, ziyarət etməli yerlərilə bağlı yol xəritələri, yaddaş, məlumat broşurları çap edilib. Bu, turistlər üçün mayak rolunu oynayacaq”.(naxcivantv.az)

İradə SARIYEVA

” Bakı Xəbər ” qəzeti

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here