Ev Mədəniyyət Gilan türbəsi

Gilan türbəsi

579
0
PAYLAŞ

Gilan türbəsi Ordubad rayonunda orta əsrlərə aid memarlıq abidəsidir. 1979-cu ildə Xaraba Gilan şəhəri yerində aşkar edilmişdir. Şərti olaraq “Gilan türbəsi” adlandırılan bu abidə iri təpənin yamacında yerləşir. Türbənin üst qülləsi dağılmış, sərdabəsi isə yaxşı qalmışdır. Sərdabənin planı daxildə səkkizbucaqlı, xaricdə isə düzbucaqlıdır. İçərisində sonradan tikildiyi aydın görünən və iç quruluşu ilə uyuşmayan alçaq səki var. Gilan türbəsinin sərdabəsi Azərbaycan və qonşu ölkələrin orta əsr memarlığında geniş yayılmış səkkizüzlü sərdabələrdən giriş qapısı ilə üzbəüz dərin taxçasına və örtük konstruksiyasına görə fərqlənir. Gilan sərdabəsində örtüyün ortası iç məkanın mərkəzində ucalan göbələkvarı -yuxarıya doğru genişlənən sütuna dayanır. Sütun da planda səkkizbucaqlıdır. Buna bənzər mərkəzi dayaq sütunu Azərbaycan ərazisində indiyədək yalnız iki abidədən-Marağadakı Qırmızı günbəz (1148) və Naxçıvandakı Möminə xatın (1186) türbələrinin sərdabələrindən bəllidir. Gilan türbəsi Marağa-Naxçıvan memarlıq məkanında olmasına baxmayaraq, memarlıq quruluşu, konstruksiya baxımından Şərqi Anadolunun (Türkiyə), Kemah qəsəbəsindəki Menqucuq Qazi türbəsinin (XII əsrin əvvəlləri) alt qatı ilə, demək olar ki, eynidir. Hər iki sərdabənin həcmi və hündürlüyü də bir-birinə çox yaxındır. Kemahdakı türbənin də Marağa-Naxçıvan memarlıq məktəbi nümayəndəsi tərəfindən tikilməsi ehtimalı güclüdür. Çünki həmin illərdə Menqucuqların əsas tikililərini iki azərbaycanlı memar yerinə yetirirdi. Onlardan birinin – memar Əhməd Əbubəkr oğlu Mərəndinin Sivasda ucaltdığı Keykavus türbəsi görünüşcə Gilan və Kemah türbələrinə bənzərdir. Gilan sərdabəsi ətraf qayalardan qopardılmış lay daş parçalarından tikilmişdir. İçərisinə nisbətən bayır üzlərində daşlar daha diqqətlə yonulmuş, hörgü işi səliqəli aparılmışdır. İnteryerdə tavan və döşəmə büsbütün, eləcə də divarların və mərkəzi dayağın hörgü daşlarının arası ağ məhlulla suvanmışdır. Tünd boz daşlar təbii biçimləri və codluğu ilə ağ yerlikdə orijinal dekorativ düzüm əmələ gətirir. Bütövlükdə, sərdabə interyerinin ifadəliliyi biçimlərin təmiz həcm quruluşuna əsaslanır, estetik tələblərə uğurla cavab verməklə fəzalı plastik arxitektonikası ilə gözəl təsir bağışlayır. Bayırda sərdabə qatının üstündə kubvarı tutumlu gövdə ucaldılmışdır. Uçub dağılmış və indiyədək kiçicik fraqmentləri qalmış üst qüllə tamamilə kərpicdən tikilmiş, üzləri kərpicdən hörülmüş, mürəkkəb həndəsi naxışlarla bəzədilmişdir. Gövdənin künclərini silindrik kərpic sütunlar qapayırmış. Sütunlardan birinin alt bölümü qalmışdır. Bəzək işlərində göy rəngli kaşı lövhələr də işlədilmişdir. Gilan türbəsinin tikilmə tarixini bildirən kitabə qalmasa da, abidənin XII əsrin son rübündə inşa edildiyi ehtimal olunur.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here