SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kərkililər doğma yurd yerlərinə qayıdacaqlarına əmindirlər

Kərkililər doğma yurd yerlərinə qayıdacaqlarına əmindirlər
11-01-2019, 19:57 214 dəfə baxılıb

Tarixi mənbələrdə verilən məlumatlara görə hazırda işğal altında olan Kərki kəndi Naxçıvanın qədim tarixə malik yurd yerlərindəndir. Kəndin cənubunda bizim eradan əvvəl II minilliyə aid iri qaya parçalarından tikilmiş (palçıqdan istifadə etmədən) müdafiə istehkamı, qərbində qədim nekropol var. Burada daş qutu qəbirlərdən monoxrom boyalı gil qab qırıqları əldə edilmişdir. Tapıntılar Naxçıvanın qədim mədəniyyətinin ilk mərhələsi üçün səciyyəvi olub, eradan əvvəl 19-18-ci əsrlərə aiddir.
Kərki kəndi bir zamanlar çox böyük ərazilərə malik olmuşdur. Onun əraziləri şimaldan Zincirli, şərqdən Birəli, cənubdan Maxta və Sədərək kəndləri ilə sərhəd olmuş və sərhədləri qərbdən Araz çayına qədər uzanmışdır. Kərki kəndi əvvəllər Maxta, sonra isə 1990-cı ilə qədər Sədərək kəndi ilə eyni inzibati ərazi vahidində olmuşdur. Sovetlər birliyi dövründə kəndin əraziləri müxtəlif bəhanələrlə Ermənistana verilmişdir. Nəticədə ötən əsrin 60-cı illərinə qədər Kərki kəndi 960 hektara yaxın ərazisi ilə ada şəklində Naxçıvan Muxtar Respublikasından təcrid olunmuş vəziyyətə salınmışdır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə Azərbaycanın bütün bölgələrində olduğu kimi, muxtar respublikadan ayrı düşmüş Kərki kəndi də yeni inkişaf mərhələsinə qədəm qomuşdur. Ötən əsrin 70-ci illərindən sonra kənddə məktəb, tibb məntəqəsi, mağaza, kitabxana, mədəniyyət evi, iaşə obyekti tikilərək sakinlərin istifadəsinə verilmişdir. O zaman kənddə 80-ə yaxın ev var idi və 103 təsərrüfatda 333 nəfər yaşayırdı. Kənd camaatının əsas məşğuliyyəti bağçılıq, əkinçilik, maldarlıq və heyvandarlıqdan ibarət idi. Bağlarda yaxşı alma, armud və digər meyvələr yetişdirilirdi. Kənddə arıçılıq və gülçülük də inkişaf etdirilmişdi.
Hazırda Kəngərli rayonunun Yeni Kərki kəndində yaşayan kənd sakinlərinin dediyinə görə, 1988-ci ilin yazından başlayaraq, Dağlıq Qarabağ və onun ətrafında baş verən məlum hadisələrdən sonra Kərki kəndində yaşamaq da yavaş-yavaş çətinləşməyə başlamışdı. Kəndə gedən yeganə avtomobil yolunun 15 kilometrə yaxın hissəsi Ermənistan ərazisindən keçirdi. Hansı ki, həmin ərazilər vaxtilə Azərbaycan torpaqları idi. Artıq kəndə gələn və ya əks istiqamətdə hərəkət edən minik avtomobillərinin hərəkətində süni çətinliklər yaradılırdı. Son günlərdə isə erməni quldurlarının kəndi atəşə tutması daha intensiv xarakter almışdı. Bu vəziyyəti görən kənd sakinləri kənddə özünümüdafiə dəstələri yaratmış və növbə ilə kəndi qorumağa başlamışdılar. 1988-ci ilin ortalarından başlayaraq kəndə gedən yol erməni quldurları tərəfindən bağlanılmış və kənd sakinlərinə məxsus minik avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulmuşdu. O vaxtdan kənddə hərbçilərin və Şərur rayon milis şöbəsinin postları yaradılmış, rayon mərkəzindən kəndə gələn avtobus marşrutunun hərəkəti bərpa edilmişdir. Marşrut avtobusu gündə bir dəfə olmaqla səhərlər hərbçilərin müşayiəti ilə rayon mərkəzinə gedir, axşam isə yenə eyni qayda ilə kəndə qayıdırdı. Xəstələrin daşınmasında və kəndə ərzaq mallarının gətirilməsində də bu marşrutdan istifadə edilirdi.
1989-cu ilin payızında isə avtobus marşrutunun da hərəkəti ermənilərin təzyiqləri nəticəsində dayandırılmışdı. Ümid yalnız sıldırımlı dağ yollarına qalmışdı. Vəziyyətin gərginləşdiyini görən kənd ağsaqqallarının təkidi ilə qadınlar, uşaqlar, qocalar dağ yolları vasitəsilə gecələr kənddən çıxarılmışdı. Ona görə ki, gündüzlər həmin yollarda erməni silahlıları əhalinin hərəkətində problemlər yarada bilərdi. Kənddə yalnız əli silah tuta bilən adamlar və bir neçə qadın qalmışdı. Ərzaq məhsulları da həmin yol vasitəsilə kəndə çatdırılırdı. Bu həmin vaxt idi ki artıq, Qərbi Azərbaycanda bir nəfər də olsun azərbaycanlı qalmamışdı. Onların hamısı öz doğma yurd-yuvalarından didərgin salınmış, ev-eşikləri ermənilər tərəfindən viran qoyularaq talan edilmişdi. Belə bir vaxtda, sözsüz ki, növbəti hədəf Kərki kəndi olmalı idi. Ona görə ki, Kərki kəndinin mühüm strateji əhəmiyyətə malik coğrafi mövqeyi var idi. İrəvanı Dağlıq Qarabağla birləşdirən və Qərbi Azərbaycanın Zəngəzur əyalətinə bağlı rayonlara gedən yeganə yol Kərki kəndindən keçirdi.
Nəhayət, həmin gözlənilən təhlükəli an gəlib çatmışdı. 1990-cı il yanvar ayının 14-dən 15-ə keçən gecə, səhər saatlarında, müxtəlif silahlarla silahlanmış 3000-ə yaxın erməni qulduru, əvvəlcədən hazırlanmış plan əsasında kəndi müxtəlif istiqamətlərdən atəşə tutmuş, sonra aşağı tərəfdən kəndə daxil olmuşdular. Onlar əvvəlcə kənddə yerləşən yeməkxananı, kənd mağazasını, evləri, ot tayalarını yandıra-yandıra irəliləmişlər. Kənd sakinləri müqavimət göstərmək üçün əvvəlcədən razılaşdırılmış yerə toplaşa bilmiş və onlardan bir neçəsi gizli yollarla kənddə olan qadınları çıxarmaq üçün ayrılmışdı. Qalan 17 kənd sakini və postda olan iki nəfər milis işçisi isə düşmənlə üz-üzə dayanmışdı. Bu zaman kənd sakini Oruc Orucovun primitiv yolla düzəltdiyi topdan atılan atəş müdafiəçilərin köməyinə gəlmişdi. Həmin topdan üç dəfə atəş açıldıqdan sonra, düşmən tərəfdən havaya göy rəngli fişəng atılmış və geri çağırış şüarları səsləndirilmişdi. Beləliklə erməni quldurları itki verərək geri çəkilmişdilər. Hazırda Yeni Kərkidə yaşayan kənd sakinlərindən Elşad Məmmədov, Mahir İsmayılov, Paşa Əhmədovun dediklərinə görə, həmin gün daşnaklar 27 nəfər itki vermiş, xeyli sayda quldur isə yaralanmışdı. Beləliklə, ermənilərin bir neçə dəfə hücuma keçmələrinə baxmayaraq, Kərki kəndinin qəhrəman müdafiəçiləri, heç bir yerdən kömək almadan, üç gün doğma kəndlərini qorumuşdular.1990-cı ilin yanvarın 18-i səhərə kimi Kərki kəndi inadla müdafiə olunmuşdu. Lakin qüvvələr nisbətinin qeyri-bərabər olması, silah çatışmazlığı və kəndin dörd bir tərəfdən mühasirəyə salınması, əlavə olaraq rus hərbçilərinin sakinlərə kənddən təcili surətdə çıxmaları üçün xəbərdarlığı vəziyyəti daha da gərginləşdirmişdi. Kərkinin müdafiəçiləri son damla qanlarına qədər vuruşmaq niyyətində olsalar da, pulla ələ alınmış rus hərbçilərinin: “daha sizin təhlükəsizliyinizi qorumağa bizim gücümüz çatmır, təcili kəndi tərk etməsəniz hamınızı girov götürəcəklər”,- xəbərdarlığından sonra onlar axşam qaranlıq düşənə yaxın, bütün cığırları qarla örtülmüş, Cəhənnəmdərə-Qaraağac yolu ilə piyada, çox çətin vəziyyətdə özlərini Sədərəyə çatdıra bilmişdilər.
1990-cı il yanvarın 12-də Şərur-Bakı sərnişin qatarının Mehri yaxınlığında partladılması, yanvarın 15-də Kərki kəndinə,18-də Sədərək kəndinə olan hücumlar, 19-dan 20-nə keçən gecə Bakı şəhərinə ordu yeridilməsi həmin ssenarinin tərkib hissəsi idi.
Kərki kəndi işğal və talan edildikdən sonra kənd camaatı yaxın qohumlarının evində məskunlaşmaq məcburiyyətində qaldı. Sonralar onlardan bir hissəsi Şərur rayonunda, bir hissəsi yuxarıda da adını çəkdiyimiz indiki Yeni Kərki kəndində məskunlaşmış, digərləri isə respublikamızın müxtəlif yerlərinə getməli olmuşlar.
“Yaman günün ömrü az olar” - demişlər. Öz ata-baba torpaqlarından zorla çıxarılmış bu kəndin sakinlərinin üzləşdikləri problemlərin aradan qaldırılması istiqamətində ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi hesabına kərkililərin problemləri qısa müddətdə öz həllini tapmış, onlar üçün ayrılmış torpaq sahəsində yeni mənzillər tikilmişdir. Kənd sakinlərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müxtəlif tədbirlər görülmüşdür. Kənddə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, feldşer-mama məntəqəsi, məktəb yaradılmış, kənd qazlaşdırılmış, abunəçilərə yeni telefon xətti çəkilmişdir. 2010-cu ildə isə kənddə kompleks quruculuq işləri aparılmış, yeni məktəb binası, kənd mərkəzi və məişət evi tikilərək istifadəyə verilmişdir.
Bu gün dövlətimizin hərtərəfli diqqət və qayğısı sayəsində 457 sakini olan Yeni Kərki kəndində kənd təsərrüfatına yararlı torpaqların sahəsi 129 hektar təşkil edir. Kənd sakinləri onlara verilmiş pay torpaqlarını əkib-biçir, heyvandarlıqla məşğul olur, öz dolanışıqlarını təmin edirlər. Məsələn, ötən il kənddə 9 hektar buğda sahəsindən 26 ton, 16 hektar arpa sahəsindən 44 ton, 4 hektar qargıdalı sahəsindən isə 17 ton məhsul əldə olunub. Kənddə heyvandarlıqla məşğul olanlar da az deyil. Hazırda bu yurd yerində 65 baş iribuynuzlu, 1022 baş xırdabuynuzlu saxlanılır. Bir sözlə, kənddə yaradılmış şərait sakinlərin təsərrüfatın müxtəlif sahələri ilə məşğul olmasına imkan verir. Ancaq bununla yanaşı yurd sevgisi onları bir an belə tərk etmir. Hər kəs yenidən o torpaqlara qayıtmaq ümidi ilə yaşayır. Əminik ki, o gün uzaqda deyil.

Səbuhi HƏSƏNOV

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031