SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dərs yükü ağırdır, yoxsa şagirdlər tənbəldir? -Nicat Həşimzadə yazır...

Dərs yükü ağırdır, yoxsa şagirdlər tənbəldir? -Nicat Həşimzadə yazır...
11-01-2019, 12:08 777 dəfə baxılıb


Dərs yükü ağırdır, yoxsa şagirdlər tənbəldir? Bəlkə problem həm də valideynlərdədir? Son zamanlar bu mövzu ətrafında müzakirələr gedir. Şagirdlərin dərs yükünün ağırlığına bir çox valideynlər və müəllimlər etiraz edirlər. Xüsusən də ibtidai sinif şagirdlərinin dərs yükünün ağırlığı ciddi narazılığa səbəb olub. İstəsək də, istəməsək də təhsil sistemində yeniliklərin edilməsini müsbət qarşılamalıyıq. Problem odur ki, biz cəmiyyət olaraq yeni ideyaya, novator düşüncəyə hazır deyilik. Yeni fikri həzm edə bilmirik. İbtidai sinif şagirdlərinə məşhur “Hörümçək adam” mövzusu haqqında inşa yazmağı tələb edən müəllimi az qala daşqalaq elədilər. Axı nə zamana qədər uşaqlar standart mövzulardan yazacaqlar? Niyə uşaqların Hörümçək adam, Tom və Cerri, Şrek haqqında inşa yazmaları bizə çox qeyri-adi görünür. İbtidai sinif şagirdlərinə “yay tətilimi necə keçirim” tipində standart mövzular verməkdənsə, alternativ mövzular təklif edilsə daha gözəl olar.
Qloballaşan, robotlaşan dünyada uşaqlar robotlar haqqında da öz fikirlərini yaza bilər. Düşünürəm ki, Təhsil Nazirliyinin qəbul etdiyi yeni qərarlar müəllimlər tərəfindən yüksək səviyyədə icra olunsa qısa zamanda bu qərarların müsbət nəticələrini görəcəyik. Xüsusən də 1-ci sinif şagirdlərinin qiymətləndirilməsi məsələsindəki yeniliyi alqışlamaq lazımdır. Ötən il dərslərini açıq havada, uşaqlarla gəzinti halında keçirən müəllimi cəmiyyətimiz qınadı, tənqid elədi, həmin məktəbin valideynləri direktora şikayət elədilər. Çünki, bu valideynlərin təəssüflər olsun ki, öz dünyagörüşləri azdır. Onlar ənənəvi düşüncə tərzindən xilas ola bilmirlər. Səbəbsə kitab oxumamaqlarıdır. Ən azından Sokrat haqqında oxusaydılar bilərdilər ki, dahi filosof dərslərini açıq havada, tələbələriylə birlikdə gəzərək keçirirdi. Valideynlərin dərs yükünün ağırlığı mövzusunda etirazını başa düşürəm. Təhsil sistemindəki ciddi yeniliklər onları çaşdırır, həm də proqramlar dəyişildiyinə, yeniləndiyinə görə onlar öz övladlarına tapşırıqların həll olunmasında kömək edə bilmirlər və bu da təbii olaraq, valideynlərdə narahatlıq yaradır. Ancaq ən böyük bəla ondadır ki, şagirdlər tənbəldir, oxumaq istəmirlər, zəhmətdən qorxurlar. Səmimi olmaq, etiraf etmək lazımdır. Axı bu uşaqlar ən son texnoloji yeniliyi çox asanlıqla həzm edə bilirlər. Yaranan ən son, ən yeni oyunlar haqqında hər şeyi tez zamanda öyrənirlər. Qonşumuzun 4 yaşlı uşağı telefondan sərbəst istifadə edə bilir, youtube-a daxil olur, istədiyi cizgi filmi asanlıqla tapa bilir. Belə qənaətə gəlmək olar ki, özlərinə maraqlı gələn hər şeyi qısa zamanda mənimsəyən uşaqlar mövzu təhsilə gələndə tənbəllik edirlər. Axı, ən yeni texnoloji uğurları qısa zamanda öyrənən, həzm edən 7-8 yaşlı uşaq üçün dərs yükü ağır hesab edilməməlidir. Bir çox valideyn istəyir ki, çağdaş təhsilimiz 15-10 il əvvəlki formada olsun. Bunu etmək mümkünsüzdür.
Dünya çox sürətli dövrünü yaşayır, bir dəqiqə ərzində milyonlarla informasiya dövr edir. Biz özümüzdən aslı olmadan milyonlarla informasiya ilə əhatə olunmuşuq və bu informasiyaların dövriyyəsi çox sürətlidir. Bu şərtlər təhsilimizin yenilənməsini, dərs yükünün nisbətən ağırlaşmasını tələb edir. Mən dərs yükünün ağırlığından daha çox şagirdlərin çantalarının ağırlığı mövzusu haqqında danışmaq istəyirəm. İbtidai sinif şagirdlərinin çantası daşıya bilməyəcəkləri qədər ağırdır. Nisbətən yuxarı siniflərin də məktəbli çantaları ağırdır. Bütün uşaqları məktəbə valideynləri aparmır. Bütün validenylərin də maşını yoxdur. Məsələnin əsası dərs yükünün və məktəb çantasının ağırlığında deyil. Valideynlərin öv övladlarını teatr tamaşalarına, muzeylərə, kitabxanalara aparmamasıdır. Məsələnin kökünü valideyn laqeydliyində axtarmaq lazımdır. Valideyn olmaq uşağı paltarla, qidayla təmin etmək deyil. Valideyn olmaq insandan böyük məsuliyyət tələb edir. Telefonlar, seriallar, sosial şəbəkələr valideynlərlə övladlar arasında böyük sərhədlər yaradıb. Dünən bir gənc ana uşaq arabası ilə işıqforda dayanmışdı. Dəhşətli külək arabanı maşın yoluna tərəf yönəltdi. Özümü çatdırıb arabanı geri qaytara bilsəm də, qadının sarsıldığını, ciddi həyəcan yaşadığını gördüm. Ani bir diqqətsizlik böyük faciələrə səbəb olur. Mən çox istərdim ki, valideynlər laqeyd olmasınlar. Uşaq bir gündə 100-150 sual verə bilər. Çünki həyat onun üçün çox maraqlıdır, o, haqlı olaraq öz suallarına cavab axtarır və öz suallarını məhz inandığı insana ünvanlayır, özünə doğma olan adamdan cavab gözləyir. Suallarına cavab tapmadıqda isə telefonla, internete sığınır, nəticədə valideynlə övlad arasında dəmir sərhədlər yaranır. Problemlərə görə mühakimə etməyə adam axtarmayaq, özümüzü mühakimə edək, öz nöqsanlarımızı görək. Çətinliklərə qarşı həmrəy olaq.

Nicat HƏŞİMZADƏ

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031