SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib
11-01-2019, 09:17 278 dəfə baxılıb

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2018-ci ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, iclasda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirmişdir ki, 2018-ci ildə Komitə tərəfindən muxtar respublikada ailə, qadın və uşaqların hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılmış, beynəlxalq günlər, yubileylər, iclas və tədbirlər, konfranslar, müsabiqələr, monitorinqlər, ekskursiyalar, sərgi-satışlar təşkil olunmuş, ailə, qadın və uşaqlar haqqında statistik məlumatlar toplanılmış, müqayisəli təhlili aparılmış, məlumat bazası yenilənmişdir. Belə ki, “İslam dini və ailə dəyərləri”, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi münasibətilə “Yüz il öncə və bu gün: Naxçıvan qadını” mövzusunda konfranslar, “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti”, “İnformasiya cəmiyyətində ailə, qadın və uşaq məsələləri: reallıqlar və perspektivlər”, muxtar respublikanın 6 kənd mərkəzində 359 qadının iştirakı ilə “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbirlər, “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik”, “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda müsabiqələr keçirilmiş, 10 adda 1290 ədəd maarifləndirici broşürlər keçirilən tədbirlərdə iştirakçılara paylanılmış, Komitə əməkdaşlarının 5 muzeyə kollektiv gedişi təmin olunmuşdur. Muxtar respublikada yaşayan aztəminatlı və əlil ailənin üzvü olan 72 qadının peşə kurslarına, 38-nin işlə təmin olunması üçün müvafiq məlumatları aidiyyatı təşkilatlara göndərilmişdir. Komitə tərəfindən 9 aztəminatlı ailəyə baş çəkilmiş, ailə üzvləri tibbi müayinədən keçirilmiş, ehtiyaclarına uyğun köməklik göstərilmişdir. 15 may Beynəlxalq Ailə Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilmiş, o cümlədən 1 nümunəvi uzunömürlü ailə ilə gənclərin görüşü, 15 uzunömürlü və nümunəvi ailənin evlilik yubileyi qeyd olunmuş, 37 ailəyə hədiyyələr verilmişdir. Həmçinin “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda V muxtar respublika müsabiqəsi keçirilmiş, qaliblərə diplom və hədiyyələr verilmiş, rəsm və əl işlərindən ibarət sərgi təşkil olunmuşdur. Komitə tərəfindən qadınlarla bağlı bir çox işlər görülmüş, muxtar respublikanın ictimai-mədəni və sosial həyatında fəal iştirak edən 1 qadının yubileyi qeyd edilmiş, hesabat dövründə keçirilən müsabiqələrdə 32 nəfərə, o cümlədən 21 qadına diplom, hədiyyə və pul mükafatı verilmişdir. 2018-ci ilin 28 sentyabr - 07 oktyabr tarixlərində Heydər Əliyev Sarayının foyesində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun 2018-ci il üçün İş Planının müvafiq bəndinə uyğun olaraq məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışı keçirilmişdir. Milli və xalq tətbiqi sənəti növləri üzrə qadınlar arasında özünüməşğulluğun inkişaf etdirilməsi, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində fəaliyyət göstərən qadınların əl işləri mağazasında 55 qadının 795.50 manat dəyərində 128 əl işi, “Milli geyimlər” festivalında 23 qadının 591 manat dəyərində 72 əl işi, məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışda 158 şəxsin 8626 manat dəyərində 681 rəsm və əl işi satılmış, həmçinin istedadlı qadınların toxuduqları 1238 manat dəyərində 146 yun geyimlər 63 aztəminatlı ailələrdən olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara hədiyyə olunmuşdur. Keçirilən festival və sərgi-satışlarda 236 istedadlı şəxsin 11250.50 manat dəyərində 881 əl işi satılaraq dəyərləri iş sahiblərinə ödənilmişdir. Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının qorunması ilə əlaqədər 20 uşaq müəssisəsində, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 13 uşağın yaşadığı evlərdə monitorinq keçirilmişdir. Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçrilməsinə dair elektron məlumat bankına 5194 uşaq haqqında fərdi məlumatlar daxil edilərək uşaqların sayı 16956 nəfərə çatdırılmışdır. Komitə sədri bildirmişdir ki, hesabat dövründə övladlığa götürülmüş 18, qəyyumluğa və himayəyə verilmiş 12 uşağın uçotu aparılmışdır. Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı işlər görülmüş, 74 uşaq müəssisəsində monitorinq, 3 tam orta məktəbdə müvafiq uşaqlarla bağlı görüş keçirilmiş, 85 uşaq məktəbəqədər, məktəb, məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə göndərilmiş, əlamətdar günlərdə muxtar respublikanın istirahət guşələrinə, muzeylərə və tarixi abidələrə ekskursiyası təşkil edilmiş, həmin uşaqlara hədiyyələr təqdim olunmuş, onlar üçün qanvermə aksiyası keçirilmiş, həmçinin asudə vaxtlarının səmərəli təşkili ilə əlaqədar tamaşa göstərilmişdir. Aztəminatlı ailələrdən olan 45 uşağın Ağbulaq İstirahət Mərkəzində istirahəti təmin edilmiş, 70 uşağa məktəbli paltarları və dərs ləvazimatları, mövsümlə əlaqədar olaraq qış geyimi verilmişdir. Ümumilikdə, müsabiqə və bayram günlərində uşaqlara 145 diplom, 865 hədiyyə verilmişdir. “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar muxtar respublikanın rayonlarında və Naxçıvan şəhərində bayram tədbirləri keçirilmiş, 1 uşaq Bakı şəhərində keçirilən “İstedadlı uşaqlar festivalı”nda muxtar respublikanı rəsm sərgisində təmsil etmişdir. Bildirilmişdir ki, kütləvi informasiya vasitələrində ailə, qadın və uşaqlarla bağlı maarifləndirmə işi diqqətdə saxlanılmış, Naxçıvan Dövlət Televiziyasında 82, Naxçıvan Dövlət Radiosunda və “Naxçıvanın səsi” radiosunda 38, Lider və İctimai televiziyada 2 material efirə verilmiş, “Şərq qapısı” qəzetində 37, rayon qəzetlərində 12 material dərc edilmişdir. May ayından etibarən 123 material müxtəlif internet saytlarında və Komitənin rəsmi internet saytında yerləşdirilmişdir. 2018-ci ilin müvafiq dövrü ərzində vətəndaşlar tərəfindən Komitəyə 260 şifahi və 27 yazılı, Komitənin elektron ünvanına isə 6 müraciət daxil olmuş, müraciətlərə qanunamüvafiq qaydada baxılmışdır. Sonra şöbə müdiri Gülər Əhmədova, şöbə müdiri Vüsalə Vəliyeva və baş məsləhətçi Zərnigar Orucəliyeva məruzə ətrafında çıxışlar etmişlər, kollegiya iclasının qərarı qəbul olunmuş və Komitənin 2019-cu il üçün İş planı təsdiq edilmişdir. Kollegiyaya Komitə sədri yekun vuraraq bildirmişdir ki, Komitə 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış doqquzuncu sessiyasında qarşıya qoyulan vəzifələri icra edəcək, muxtar respublikanın davamlı inkişafına nail olmaq üçün komitənin səlahiyyətləri daxilində səmərəli və faydalı fəaliyyət göstərəcəkdir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031