Ev Siyasət Cavadxan QASIMOV: NAXÇIVAN MUXTAR RESPUBLİKASI VƏ MİLLİ İQTİSADİYYAT

Cavadxan QASIMOV: NAXÇIVAN MUXTAR RESPUBLİKASI VƏ MİLLİ İQTİSADİYYAT

524
0
PAYLAŞ

Azərbaycan Respublikasının müasir sosial-iqtisadi inkişaf tarixində mühüm yeri olan Naxçıvan Muxtar Respublikası artıq güclü perspektivlərə istiqamətlənən potensial formalaşdırmışdır. Ölkənin milli-iqtisadi maraqlarını ifadə etməyi bacaran bu potensial eyni zamanda yüksək təminat qabiliyyətinə malik olmağı ilə daha da önəm qazanmaqdadır. Ötən dövrlərin ardıcıl inkişaf xronikasının təhlili göstərir ki, muxtar respublikada iqtisadiyyatın sahə strukturunun dəstəklənməsi milli iqtisadiyyatın perspektivlərinə hesablanıb və dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Təbii ki, bu isə makroiqtisadi göstəricilərin şərti olaraq baza, cari və perspektiv dövrlər üzrə ayıracağımız üç mərhələli mahiyyətini ortaya qoymaqdadır. Bunlar:
– əsasları ümummilli lider böyük Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan Muxtar Respublikası dövründə müəyyən edilən müasir sosial-iqtisadi inkişafın başlanğıc mərhələsidir. Bunu, ölkənin hazırda da çox aktual məsələsi kimi qəbul edilmiş qeyri-neft sektorunun inkişafı hədəflərindən irəli gəlməsi və yüksək sosial tərəfləri ilə önəm qazanması ilə ifadə edə bilərik. Şübhəsiz ki, bu da mövcud sosial-iqtisadi inkşafın təməl prinsipləri olmaqla, güclü bazanı təşkil edir;
– böyük Heydər Əliyevin Özünün müdrik rəhbərliyi, siyasətinin layiqlə davam etdirilməsi və ideyalarının sevilərək yaşadılmasının dövlətimizə bəxş etdiyi nailiyyətlərin nəticəsidir ki, hazırda muxtar respublika milli iqtisadi inkişafın təmin edilməsindəki tarixi əhəmiyyətliliyini daha da yüksəltməkdədir. Yenilikçiliyin, məhsuldar idarəetmənin, stimullaşdırıcı tənzimləmənin və yaradıcı ideyaların ən bariz ifadəsinə çevrilən bu mərhələ davam edən islahatların ən səmərəli təminatına yol açdı;
– dəyişən dünyanın etdiyi çağırışlar möcvud inkişaf potensialının artırılması və əhatəsinin genişlənməsini tələb etməkdədir. Bu mənada nəinki, dövlətlər, hətta materiklər və qitələr üzrə hərəkətlənmənin, eləcə də tərəfdaşlıq mövqelərindəki dəyişmələrin zaman-zaman şahidləri də oluruq. Belə bir mərhələdə ölkələrin sosial-iqtisadi inkişafı, böhranlar üzrə müqavimətliliyi və dayanıqlılığı, istehsal münasibətlərinin inkişafında yeni mərhələlərin başladılması zərurəti ortaya çıxır ki, burada da Azərbaycan Respublikasının nümunəvi model olacaq mövqeyini və bu proseslərdə ona çox ciddi dəstək olacaq Naxçıvan Muxtar Respublikasını görməkdədyik.
Göstərilən potensialla ölkənin makroiqtisadi nailiyyətlərinə təkan verən muxtar respublika iqtisadi və coğrafi əhəmiyyətliliyindən səmərəli istifadə edən bölgəyə çevrilməkdədir. Bu isə təbii ki, onun milli iqtisadi göstəricilərində öz gerçək ifadəsini tapmaqdadır. Həyata keçirilən tədbirlərin mahiyyətini və mqsədyönlülüyünü 2017-ci ilin yanvar-oktyabr aylarında istehsal edilən Ümum Daxili Məhsulun həcmi daha real təqdim etməkdədir. Müvafiq göstəricilərə diqqət edəndə aydın olur ki, cari ilin on ayında da Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı dinamikliyi ilə seçilmiş və 2 milyard 112 milyon 48 min 200 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur.
Təbii ki, əsas makroiqtisadi göstəricinin belə səmərəli təminatı iqtisadiyyatın sahə strukturunun mükəmməl təşkilatlanması və məcmu halda yüksək təminat qabiliyyətinə malik olması ilə ifadə oluna bilər. Bu mənada qeyd edə bilərik ki, ÜDM-nin hər bir nəfərə düşən həcmi 4686,2 manata çatmışdır ki, bu da əhalinin sosial firəvanlığının və alıcılıq qabiliyyətinin daha da yaxşılaşmasına hesablanıb.
İqtisadiyyat öz dayaqlarını möhkəmləndirdikcə, aparıcı sahələrin inkişafında da nəhsuldarlıq təmin edilir. Bu isə, özünü ÜDM-nin strukturundakı təşkilatlanma ilə daha aydın şəkildə göstərir. Qeyri-neft sektorunun inkişafından ibarət hədəflərin əsas götürülməsi, istehsala xidmət edəcək infrastruktur potensialının təşəkkülü, böyük sosial maraqların və mənafelərin ifadə edilə biləcəyi iqtisadiyyatın quruculuğu proseslərini də sürətləndirmişdir. Bunun da nəticəsində muxtar respublikada cari ilin ötən dövründə çevik sənaye potensialı formalaşmış və bu, əhalinin artmaqda olan təlabatının ödənilməsində ciddi mahiyyətə malik olmuşdur. ÜDM-nin tərkibində ilk yeri tutan sənaye məhsulunun istehsal həcmindəki artım göstəricilərinə diqqət edərkən qeyd edə bilərik ki, təkcə 2001-2016-cı illərdə muxtar respublikada sənaye məhsulunun həcmi 66 dəfə artmışdır. 2017-ci ilin on ayı ərzində isə istehsal edilmiş sənaye məhsulunun həcmi 808 milyon 516 min 800 manat dəyərində olmuşdur. Göründüyü kimi, sənaye istehsalının yüksək dinamika ilə artmasında həyata keçirilən dövlət siyasətinin çox yüksək effektiv nəticələri mövcud olmuşdur və bu, stimullaşdırıcı amillərin səfərbərliyini təmin edə bilmişdir.
Ölkəmizdə qəbul edilən hüquqi aktlar, qərarlar, Dövlət Proqramarı, Strategiyalar və digər tənzimləyici vasitələr həm də onun regionlarında olduğu kimi Naxçıvan Muxtar Respublikasında da öz qətiyyətli nəticələri ilə görünməkdədir. Sosial-iqtisadi inkişaf istiqamətində dövlət tədbirlərinin tərkib hissəsi olaraq muxtar respublikanın hər bir bölgəsində ən müasir infrstruktur təminatının yaradılması, istehsalın stimullaşdırılması, bazar tarazlığının və istehlak münasibətlərinin inkişaf etdirilməsi artıq gündəlik nailiyyətlərin tərkib hissəsinə çevrilmişdir.  Bununla da ərazidə strateji məqsədlərə xidmət edən dayanıqlı infrastruktur quruculuğu həyata keçirilmişdir. Qeyd edək ki, infrastruktur tədbirləri çərçivəsində ötən on ayda muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 829 milyon446 min manat vəsait yönəldilmişdir. Xüsusən, qeyd edə bilərik ki, həm sosial-iqtisadi, həm də hüquqi-mədəni amillərin güclü mexanizm kimi təşkilatlanmasının nəticəsində infrastruktur quruculuğunun böyük hissəsi, tikinti-quraşdırma işlərinin payına düşməkdədir. Bu göstərici isə 759 milyon 629 min 900 manat təşkil etmişdir. Bununla da muxtar respublikada güclü infrastruktur potensialı formalaşmış və makroiqtisadi zəmində yüksək təminat qabiliyyətinə malik olmuşdur. Naxçıvan Muxtar Respublkası bu xüsusiyyətlərə görə Azərbaycan milli dövlətçilik tarixində qürurverici səhifələr yazmaqdadır. Dünya miqyaslı problemlərin həllində, inkişaf etmiş ölkələrin, beynəlxalq iqtisadi təşkilatların strateji gərginlik və böhranların aradan qaldırılmasında çox ciddi məqsədlər kimi qarşıya qoyduğu ərzaq təhlükəsizliyinin təmin edilməsində Azərbaycan Respublikasının qətiyyətli regional siyasətinin inkişafında Naxçıvan Muxtar Respublikasının zəruri və önəmli rolu vardır. 1995-ci ildən güclü ideyalar əsasında reallaşdırılan bu hədəflər artıq məhsuldar nəticələrlə müşayiət edilməkdədir. Bunlar iqtisadiyyatın aparıcı sahələrindən birini təşkil edən kənd təsərrüfatının dinamik və ardıcıl tərəqqisini də təmin etməkdədir. Aqrar sektorun hüquqi və iqtisadi tənzimlənməsi, sosial mahiyyətinin yüksəldilməsi məqsədilə 2005, 2008, 2012, 2016-cı illərdə çoxistiqamətli fəaliyyət planlarından ibarət normativ aktlar qəbul edildi ki, bunlar da muxtar respublikanın kənd təsərrüfatında ərzaq təhlükəsizliyinin təminatı, məhsul istehsalının stimullaşdırılması, qida təminatının təşəkkülü və bu sahələrdə maddi-texniki təchizat sahəsində operativ və çevik mexanizmlərə şərait yaratmış oldu. Və təbii ki, muxtar respublika bu potensialla təkcə özünün və ölkəmizin deyil, həm də mahiyyət etibarı ilə dünyanın sözügedən istiqamətdəki problemlərinin həllində həlledici mərhələni təmin etmiş olur. Bütün bunların yaratdığı əlverişli zəmin nəticəsində Naxçıvan Muxtar Respublikası 2017-ci ilin yanvar-oktyabr aylarında 366 milyon 927 min 400 manatlıq kənd təsərrüfatı məhsulunun istehsalını təmin etmişdir. Bazar infrastruturunun tənzimlənməsi, mexanizmlərinin təşkilatlanması və tarazlığının qorunması məqsədləri çərçivəsində həyata keçirilən tədbirlər əhalinin ərzaq məhsullarına əlçatımlılığını asanlaşdırmış və bu, insanların gündəlik yaşam tərzinin daha da yaxşılaşmasına imkanlar açmışdır. Bəhs edilən dövrlər ərzində istinad etdiyimiz potensialın gerçək ifadəsi olaraq, muxtar respublika üzrə diri çəkidə 18945 ton ət, 76227 ton süd istehsal olunmuşdur.
Böyük Heydər Əliyev ideyaları ilə çiçəklənən Naxçıvan Muxtar Respublikası güclü istehsal potensialını formalaşdırmaqdadır. Bu potensial onun kəndlərinin, qəsəbələrinin, rayon və şəhərlərinin ayrı-ayrılıqda hər birinin sosial-iqtisadi inkişafında ən mükəmməl tərəqqi dövrünü başlatmışdır. Bu gün muxtar respublikanın ən ucqar kəndlərində istehsal prosesi üçün səmərəli şərait mövcuddur. Hər bir kənddə istehsala xidmət edən infrastruktur təmin edilmişdir. Ümumilikdə, muxtar respublikanın kəndləri bütövlükdə ölkəmizin makoriqtisadi prioritetlərinin təmin edilməsində ən etibarlı dayağa çevrilmişdir. Dövlət başçısının təsdiq etdiyi milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə 12 əsas strateji Yol Xəritələrinin tərkib hissələrindən biri olan Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair məqsədlərin reallaşdırılmasında muxtar respublikamız qətiyyətli mövqeyini ortaya qoymaqdadır. Artıq muxtar respublikamız bu sahədəki təcrübəsilə stimullaşdırıcı amilləri səfərbər etmiş və nəticədə istehsal və istehlak mədəniyyətinin, istehsalçı və istehlakçı davranışının ən təkmil səviyyəsini təmin etmişdir. Bu isə, strateji Yol Xəritələrinin növbəti mərhələsi olan Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalında təşkil və idarəedici mexanizmlərin səmərəliliyinə imkanlar açmışdır. Muxtar Respublikada istehsalın davamlılığının, təminat qabiliyyətliliyinin, təlabata uyğunluğunun gücləndirilməsi məqsədilə kredit resurslarından faydalı yararlanma üçün zəruri tədbirlər həyata keçirilməkdədir. Təbii ki, bunların nəticəsində də 2017-ci ilin yanvar-oktyabr aylarında bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 25 milyon 881 min 900 manat məbləğində kreditlər verilmişdir. İstehsalçıların stimullaşdırılması muxtar respublikanın dövlət siyasətində intensiv hal almış və nəticədə verilmiş kreditlərin 22 milyon 90 min 900 manatı və yaxud 85,4 faizi uzunmüddətli olmuşdur.
Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin icrasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının çoxməqsədli turizm sektorunun təşəkkülü, cəlbediciliyinin artırılması, potensialının yaradılması tədbirləri həyata keçirilməkdədir. Bununla yanaşı, həmin mexanizmlər yeni turizm zonalarının təşkili məsələlərinin həllində iqtisadi və hüquqi tənzimləmələrin önəmini yüksəltməkdədir. Bu sahədəki proseslərin gedişi muxtar respublikada turizm sahəsində brendləşmənin səmərəliliyini də artırmaqdadır. Ölkələrarası iqtisadi tərəfdaşlıqların inkişafında, mədəni dayanışmanın etibarlılığının artırılmasında, iqtisadi səmərəliliyin əhatə dairəsinin genişlənməsində, xalqların dostluq münasibətlərin daha da gücləndirilməsində güclü potensial vəd edən turizm sektoru muxtar respublikanın sosial-iqtisadi inkişafına hərəkətverici təsir etməkdədir. Elə təsadüfi deyildir ki, burada turizmin inkişafı makroiqtisadi prioritetlərə hesablanmış zəruri tədbirlərin tərkib hissələrindən biri kimi aktuallıq qazanmışdır. Cari ilin yanvar-oktyabr aylarında bu prioritetlərə təkan olmaqla, muxtar respublikaya 338 min 715 nəfər turist gəlmişdir ki, bu da ərazinin təbii, coğrafi və iqtisadi potensialından səmərəli istifadə edildiyini göstərməkdədir.
Əldə olunan nailiyyətlər iqtisadiyyatın sahə strukturunda bir-birilə əlaqəli olan inkişaf mərhələlərini də təmin etməkdədir. Sosial siyasətin də dayanıqlığına zəmanət verən bu tədbirlər Azərbaycan

Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsinin səmərəli icrası üçün əlverişli zəmin yaratmaqdadır. Artıq muxtar respublikada istehsal imkanlarının genişləndirilməsi daxili təlabatın yerli istehsal hesabına təminatına stimul vermişdir. Dünyanın 60-a yaxın ölkəsi ilə iqtisadi-ticarət əlaqələrində təmsil olunan muxtar respublika, bütövlükdə Azərbaycan Respublikasının beynəlxalq

iqtisadi münasibətlərinin və diplomatik əlaqələrinin səmərəliliyini həm tənzimləməkdə, həm də ifadə etməkdədir. Burada yaradılmış zəruri infrastruktur potensialı məhsulun (əmtənin) istehsalçıdan istehlakçıya fasiləsiz və kəsintisiz çatdırılmasını təmin etməkdədir və bu, özünün beynəlxalq mahiyyəti ilə daha da aktuallaşmaqdadır. Naxçıvan Muxtar Respublikasında qeyd olunan amillərin yaratdığı əlverişli ticarət mühiti gələcək perspektivlərin çevikliyinə istiqamətlənmiş və iqtisadi-ticarət əlaqələrinin inkişafında mühüm əhəmiyyətə malik olmuşdur. Qeyd olunanlar iqtisadiyyatın dinamik və məhsuldar inkişafını təmin edə bilmişdir. İstinad etdiyimiz dövrdə muxtar respublikada 360 milyon 203 min 800ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. Makroiqtisadi proseslərin meqaiqtisadi əhəmiyyətini artırmaqla, onlara hərəkətverici təsir edən ixracın dəyəri son bir il ərzində 1,2 faiz artaraq 329 milyon 709 min 800 ABŞ dolları təşkil etmişdir. İqtisadiyyatın müqavimətliliyinin, risklərə qarşı qorunma gücünün, dayanıqlığının etibarlı ifadəsi olan idxalın məhdudlaşdırılma göstərisi təmin edilmiş və bu göstərici 8,1 faiz azalaraq 30 milyon 494 min ABŞ dolları həcmində təşəkkül tapmışdır. Şaxələndirmə və daxili təlabatın ödənilməsindəki məqsədlər gerçək təsirini göstərmiş və bu, ixracyönlü məhsulların istehsalının stimullaşdırılmasında özünü ifadə etmişdir. Nəticədə isə 299 milyon 215 min 800 ABŞ dolları dəyərində müsbət saldonun yaranmasına nail olunmuşdur.
Təbii ki, bütün bunlar muxtar respublikanın sosiallaşma hədəflərinə doğru qətiyyətli addımlarının ifadəsidir. Əhallinin firavanlığının yaxşılaşdırılması, onun alıcılıq qabiliyyətinin gücləndirilməsi, dövlətin sosial siyasətindən yetərincə bəhrələnməsi ciddi nailiyyətlər olaraq dəyərləndirilməlidir. Məhz bu amillər muxtar respublikanın sosial-iqtisadi inkşafında bir-birini əvəz edən illərin nailiyyətlərlə dolu xronikasını təşkil etməkdədir. Eyni zamanda bunlar qəbul və icra edilən hüquqi normativ tənzimləmələrin məhsuldar nəticələrini ortaya qoymaqdadır. Artıq muxtar respublikada hər bir sakin dövlətin yaxından diqqət və qayğısını hiss edir və bunu gündəlik həyatında görməkdədir. Buna müvafiq olaraq, əhali gəlirlərinin artmasındakı dinamika davamlılığı ilə ifadə edilə bilər. 2017-ci ilin yanvar-oktyabr aylarının sosial-iqtisadi inkişaf göstəricilərinə diqqət edərkən aydın olur ki, muxtar respublikada əhalinin gəlirləri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artaraq 1 milyard 444 milyon 127 min 700 manat olmuş, onun hər bir nəfərə düşən məbləği isə artaraq 3204,2 manat təşkil etmişdir.


Beləliklə, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmaq etibarı ilə onun qanunları, müvafiq tənzimləmə tədbirləri və digər işlək mexanizmləri əsasında durmadan inkişaf etməkdədir. Qazanılan uğurlar dünənin güclü bazaya, bu günün müvəffəqiyyətlərə, sabahın və gələcəyin isə məhsuldar təşəbbüs və parlaqlığına təminat verməkdədir.

Cavadxan QASIMOV

İqtisad üzrə fəlsəfə doktoru, dosent

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here