Ev İdman Bu gün Qurban Qurbanovun ad günüdür

Bu gün Qurban Qurbanovun ad günüdür

109
0
PAYLAŞ

Bu gün millimizin və “Qarabağ”ın baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanovun ad günüdür. O, bu gün 46 yaşını qeyd edir.

Azərbaycan futbolunda uğurlu simalardan sayılan Qurban Qurbanov 1972-ci ilin aprelin 13-də dünyaya gəlib. Məhz buna görə çoxlarının “nəhs” adlandırdığı 13 rəqəmini özünə ideal rəqəm hesab edib.

Belə ki, Qurban Qurbanovun ev telefonu 13-13-lə tamamlanır. Elə mobil nömrəsində də həmin bu qoşa “13”ləri görmək olar. Onun avtomobilinin dövlət qeydiyyat nömrəsi 013-dür. Millimizin şərəfini qoruduğu illərdə hücumçu olduğu üçün əsasən “9” nömrəli formadan istifadə etsə də, qısa müddət onun “13” nömrə ilə çıxış etdiyi oyunlar da olub.

Qeyd edək ki, Zaqatalanın Aşağı Tala kəndində doğulmuş Qurban Qurbanov peşəkar karyerasına 1990-cı ildə öz rayonunu təmsil edən “Daşqın” klubunda başlayıb və SSRİ II liqasında çıxış edib.

O, burada ilk ilindəcə 24 qol vurub. Müstəqillik vaxtında isə qısa müddət Gürcüstanın “Alazani” klubunda çıxış edib.

Qurbanov Gürcüstandan qayıtdıqdan sonra “Daşqın” (Zaqatala), “Turan” (Tovuz), “Kür-Nur” (Mingəçevir), “Neftçi” (Bakı), “Dinamo” (Stavropol), “Fakel” (Voronej), “Baltika” (Kalininqrad), “Volqar” (Astraxan) və “İnter”də (Bakı) oynayıb.

Son klubu “İnter”də cəmi üç oyun keçirib və 2005-ci ilin payızında, 33 yaşında futbolçu karyerasını bitirmək qərarına gəlib.

Klublarda keçirdiyi 402 oyuna 181 qol vurmuş (çıxış etdiyi komandalardan yeganə qol vurmadığı klub “Volqar” olub – S.T.) Qurban Qurbanov dörd dəfə Azərbaycan çempionu olub, bir dəfə isə ölkə kubokunu başı üzərinə qaldırıb.

1996/1997 mövsümündə “Neftçi”nin heyətində 34 qol vuraraq Azərbaycan çempionatının bombardiri olub. 2003-cü ildə isə ilin futbolçusu seçilib.

17 iyul 1992-ci ildə Azərbaycan millisində ilk oyununa çıxıb. Gürcüstan millisi ilə qarşılaşmada 46-cı dəqiqədə böyük qardaşı Musa Qurbanovu əvəz edərək meydana daxil olub. O, yığmada 67 oyuna 14 qol vurub. Qurban Qurbanov hələ də millimizdə ən çox qol vurmuş futbolçu ünvanını özündə saxlayır.

2006-cı ildə Ağasəlim Mircavadovu “Neftçi”də əvəzləyən Qurban Qurbanov ilk baş məşqçilik fəaliyyətinə start verib. Daha sonra o, 2007-2008-ci illərdə klubun idman direktoru vəzifəsində çalışıb.

2008-ci ildə “Qarabağ”a keçən Qurbanovun uğurları məhz burda görünüb. Üç dəfə Azərbaycan kubokunu, dörd dəfə isə ölkə çempionluğunu qazanmış Qurban Qurbanov ardıcıl dörd mövsümdür ki, komandasını avrokubokların qrup mərhələsinə daşıyır.

Avropa Liqasında ilk qələbəmiz və Çempionlar Liqasında ilk çıxışımız məhz Qurban Qurbanovlu “Qarabağ”ın adı ilə bağlıdır.

Qurban Qurbanov 2011-ci ildən əməkdar məşqçidir. Ötən ilin noyabrın 3-dən millimizin baş məşqçisidir.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here