Ev Mədəniyyət Bu gün görkəmli rəssam Bəhruz Kəngərlinin xatirə günüdür

Bu gün görkəmli rəssam Bəhruz Kəngərlinin xatirə günüdür

116
0
PAYLAŞ

Azərbaycan təsviri sənətində realist dəsgah boyakarlığının təşəkkülü, portret və mənzərə janrlarının formalaşması Bəhruz Kəngərlinin adı ilə bağlıdır.

Cəmi 7 il yaradıcılıqla məşğul olan Bəhruz Kəngərli 2000-ə qədər rəsm əsəri yaradıb.

Naxçıvan şəhərindəki Bəhruz Kəngərli muzeyində sərgilənən əsərlər də göstərir ki, rəssamın yaradıcılığında mənzərə, portret, məişət səhnələrini əks etdirən rəsmlər mühüm  yer tutub.

“Qaçqınlar” silsiləsinə daxil olan portretlər isə mövzu aktuallığı və ideya məzmunu ilə diqqəti cəlb edir. Rəssamın “Qaçqın qadın”, “Qaçqınlar arabada”, “Torba ilə oğlan. Qaçqın İmran” kimi əsərlərində qaçqınların taleyi, onların keçirdiyi hiss və həyəcanlar ustalıqla rəsmə köçürülüb. Bu əsərlərdə 1918-20-ci illərdə erməni daşnaklarının azərbaycanlıların başına gətirdikləri müsibətlər öz əksini tapıb.

Görkəmli rəssamın 3 əsəri elə bu günlərdə Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən Bəhruz Kəngərli Muzeyinə təqdim edilib. Rəsmlər sulu boya, tuşla çəkilib. Bunlardan 2-si uşaq portretləri, digəri isə “Bağda qovaq ağacı” adlı mənzərə janrında olan rəsm əsərləridir. Rəssamın həyatının son illərində çəkilmiş bu əsərlər sənətsevərlər üçün dəyərli sənət nümunəsidir.

Muzeydə rəssamın həyat və fəaliyyəti ilə bağlı sənədlər, əsərlərinin orijinalı, foto-sürətləri, habelə məişət əşyaları və digər materiallar da qorunub saxlanılaraq nümayiş olunur. Görkəmli rəssamın zəngin bədii irsi gənc nəslə həvəslə öyrədilir. Bir sözlə, görkəmli rəssamın irsi doğma diyarı Naxçıvanda böyük diqqətlə qorunur və təbliğ edilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” 2001-ci il 15 fevral tarixli Sərəncamına əsasən, rəssamın Naxçıvan şəhərindəki məzarüstü abidəsi bərpa edilib, Naxçıvan Muxtar  Respublikası Rəssamlar Birliyinin 1972-ci ildən fəaliyyət göstərən sərgi salonuna rəssamın adı verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə Bəhruz Kəngərli Muzeyi, 2015-ci il 14 noyabr tarixli Sərəncamı ilə isə “Bəhruz Kəngərli adına Rəssamlar Parkı” yaradılıb və burada rəssamın abidəsi ucaldılıb.(Naxcivantv.az )

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here