Ev Köşə yazarları Azadlıq eşqinin 100 illiyi

Azadlıq eşqinin 100 illiyi

595
0
PAYLAŞ

     Hər bir xalq öz tarixində müxtəlif mərhələlərdən keçir. Millətin özünü təsdiqi keçdiyi yolda qazandığı hürriyyətdir. Bu tarixə hörmət həmin xalqın bütövlüyünün ən parlaq təzahürüdür. Birinci dünya müharibəsi ərəfəsində Rusiyada baş verən burjua inqilabı nəticəsində imperiyanın süqutu Azərbaycanın Xalq Cümhuriyyətinin yaranmasına münbit tarixi zəmin meydana gətirdi. 1918-ci il fevralın 23-də yaradılmış Zaqafqaziya Seymində Azərbaycanı təmsil edən deputatlar mayın 27-də Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətini yaratdıqlarını elan etdilər. Cümhuriyyətin yaradılması təkcə Azərbaycan üçün yox bütün Şərq üçün vacib və önəmli bir hadisə idi.

“Azadlıq, cahanşumul bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət qaldıqca, dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz!” – deyən Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadə əsl azadlıq, demokratiya ideyaları üzərində Azərbaycan Respublikasının təməlini inşa etdi. Hürr yaşamaq eşq tələb edir. Eşqə çatmaq isə aşiq olmaqdan keçir. Həqiqi azadlıq aşiqləri: “Ahh, Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq!” – deyərək özlərinə qarşı zülmlərə, töhmətlərə zərrəcə fikir vermədən öz xalqının hər bir fərdinə azadlığı daddıranlar idilər. Bütün varlığı ilə Azərbaycan uğruna çalışan və Şərqdə ilk demokratik cümhuriyyətin ən parlaq örnəyini yaradan insanlar əsl aşiq və var olma örnəyidir.

Azərbaycan xalqının azadlığa olan məhəbbəti müqəddəsdir. Elə bu məhəbbətlə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də azadlıq yanğısı xalqımızın qəlbində sönmədi. Qəlbində közərən ocaq tək müstəqillik ideyalarını nəsildən nəsilə ötürdü. Gəncliyin qulağında daim Məhəmməd Əmin Rəsulzadənin: “Ey Gənclik! Sənin öhdəndə böyük bir vəzifə var! Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı və onu min müşkülatla yüksəldərək dedi ki, BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ! Əlbəttə sən onun bu ümidini qırmayacaq, Azəri türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan!” – bu xitabəsi əks səda verdi.

Xalq mirası olduğu azadlıq ideyalarına sahib çıxaraq, öz xilaskarı ümummilli lider Heydər Əliyevin  ətrafında sıx birləşdi və ulu öndərin təşəbbüsü ilə “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarına sadiqliklə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclas zalında qaldırdılar.

Bəli, bu gun Azərbaycan müstəqil dövlətdir və şanlı üç rəngli bayraq əzəmətlə Azərbaycanın səmasında dalğalanır. Biz hər daim çiçəklənən Azərbaycan gəncliyi xoşbəxtik. Xoşbəxtik, ona görə ki, bizə miras qalan azadlıq ideallarına sadiqik, xoşbəxtik, ona görə ki, bugün Azərbaycan əmin əllərdədir, xoşbəxtik, ona görə ki, biz Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü il dönümünə şahidlik edə bilirik!

Biz – Azərbaycan gəncliyi öz azadlıq mirasımıza sahib çıxaraq vətənimizə, millətimizə, bayrağımıza, dövlətimizə təmiz eşqlə bağlıyıq. Bağlı olduğumuz idealarda vətən, millət, bayraq, dövlət və Cümhuriyyət eşqin ən şərəfli və ən ülvi təcəssümüdür.

Ps: Ruhunuz şad olsun xalqımın azadlıq aşiqləri…..

«Sən bizimsən, bizimsən durduqca bədəndə Can, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!».

Pərviz Hacılı

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here