Ev İqtisadiyyat “Azəristiliktəchizat” zərərlə işləyir: Tarif qalxacaqmı?

“Azəristiliktəchizat” zərərlə işləyir: Tarif qalxacaqmı?

146
0
PAYLAŞ

Qış gəlir, istilik sistemləri yenə də gündəmdə olan məsələyə çevriləcək. Fərdi istilik sistemlərinin quraşdırılması işləri çoxalıb, lakin hamıya məlumdur ki, mərkəzləşdirilmiş sistem şəklində işləyən “Azəristiliktəchizat”dan istilik xidmətləri almaq daha sərfəlidir.

Naxcivanxeberleri.com xəbər verir ki, istilik sistemlərinin quraşdırılması, xüsusən də yeni tikilən binalarda problem olaraq qalır.

Kim nə qədər ödəyir? 

Yeni binalardan yalnız bir qismi mərkəzləşmiş özəl qazanxana sisteminə malikdir. Bəzi binalarda isə ümumiyyətlə, daxili istilik sistemi quraşdırılmayıb. Buna görə də payızda fərdi şəkildə kombi sistemi quraşdıran sakinlərin sayı sürətlə artır. Orta seqment kombinin qiyməti kənar qurğu və avadanlıqlarla birlikdə 1100 manatı ötür, çəkilən aylıq xərc isə 60-80 manat arasında dəyişir.

Mərkəzləşmiş sistemdən istilik alanlar isə yalnız mənzildaxili istilik borularını çəkməklə sistemə qoşulmağa hazır olurlar. Aylıq xərcləri isə fərdi kombi sahiblərindən 10-12 dəfə azdır. Müqayisə üçün deyək ki, 80 kvadrat metrlik mənzilin isidilməsi üçün “Azəristiliktəchizat”a ödənilən vəsait aylıq 6 man 30 qəpik təşkil edir.

Bəs, yeni binaların hamısı niyə “Azəristiliktəchizat”ın xidmətindən istifadə edə bilmir? Qarşıdakı mövsümə sistemin hazırlıq vəziyyəti necədir?

“Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, istilik təchizatı obyektlərinin mövcud qazanxana, istilik şəbəkələri, magistral və məhəllədaxili istilik kəmərləri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları, eləcə də digər istehsal təyinatlı avadanlıqların mövsümə hazırlanması ilə bağlı işlər davam edir.

Hava xoşdur, 15 gün dözün 

İstilik mövsümü dağ və dağətəyi rayonlarında 1 noyabr tarixindən, digər ərazilərdə, o cümlədən Bakıda 15 noyabrdan başlayacaq. Mövsüm ərzində Cəmiyyətə məxsus 550 qazanxana istismar edilməklə  3800 yaşayış binası, o cümlədən 180 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1300-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Bununla əlaqədar bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları təmizlənib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib.

Tədbirlər planına əsasən, 550 qazanxana və 90 istilik məntəqəsi yoxlanılıb, 564 odluq təmir olunub, 700 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, qazanların 27 425 m ekran boruları və konvektiv hissələri dəyişdirilib.

İstilik təchizatı sistemində ən vacib  sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2018-2019-cu illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində 974 km istilik xətləri yuyulub və hidravlik  təzyiqlə yoxlanılıb, 30.5 km məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunub.

Ancaq iş bununla bitmir, çünki hər bir istehlakçı da öz mənzilindəki qurğuları istifadəyə yararlı vəziyyətə gətirməlidir. Qapı və  pəncərələrdən istilik itkilərin qarşısının alınması üçün müəyyən işlər görülməli, binadaxili və mənzildaxili istilik sistemləri təkrar yoxlanılmalıdır.

Hamı ala bilmir: Niyə? 

Amma hamı bu xidmətdən istifadə edə bilmir. Birincisi ona görə ki, Bakı şəhərində salınan yeni binaların sayı həddən artıq çoxdur və bunu yüz faiz əhatə etmək dövlət qurumunun hazırki imkanları xaricindədir. İkincisi, yeni binaların heç də hamısında daxili istilik sistemləri qurulmayıb. Bina tikən şirkətlərin bəziləri bu sistemi quraşdırmağın baha olduğundan evləri istilik xətləri olmadan istismara veriblər.

“Azəristiliktəchizat” rəsmisinin sözlərinə görə, evlərin layihələndirilmə sənədləri baxılmaq üçün onlara təqdim edilir. Bu zaman səhmdar cəmiyyətin qazanxanasına yaxın olan ərazidirsə və texniki şərtlər uyğundursa, həmin binaya istilik verilir. Uyğun deyilsə, istilik sistemləri ilə bağlı qərarları binanı inşa edən şirkət və sakinlər özləri verirlər.

İstilik xidmətinin qiyməti qalxmayıb  

Qazın, suyun qiymətinin qalxdığını nəzərə alsaq, hazırda hamının həssaslıqla yanaşdığı məsələ istilik xidmətlərinin tarifidir. Xatırladaq ki, bu xidmətin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda “Azəristiliktəchizat”dan istilik alan əhali qrupu mənzilin hər kvadrat metri üçün 15 qəpik, qeyri-əhali qrupu üzrə 1 kub isidilən həcmə 25 qəpik, 1 Qkala görə isə 30 manat ödəyir.

Tarifin bahalaşması ehtimalına gəlincə, R.Əliyev vurğulayıb ki, qiymətləri Tarif Şurası tənzimləyir.

“Düzdür, qazın, suyun qiymətinin qalxması istiliyin maya dəyərini artırıb. Bununla bağlı hesabatımızı müvafiq orqanlara vermişik. Ancaq qiymətlə bağlı Səhmdar Cəmiyyət hər hansı qərar verə bilməz.

R.Əliyev onu da etiraf edib ki, son artımlardan sonra müəssisə ziyanla işləyir. Ancaq “Azəristiliktəchizat” sosial məsuliyyətli bir müəssisədir və qiymət faktoru məhz hökumətin səlahiyyətindədir.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here