Ev Mədəniyyət “Arşın mal alan” tamaşası nümayiş etdirilib

“Arşın mal alan” tamaşası nümayiş etdirilib

518
0
PAYLAŞ

Mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrlarının işinin səmərəli təşkili, özfəaliyyət teatr kollektivlərinə istedadlı gənc nəslin cəlb edilməsi, onların fəaliyyətlərinin düzgün təşkili, əhalinin teatr sənətinə marağını artırmaq məqsədilə bir neçə ildir ki, Naxçıvan Muxtar Respulikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xalq teatrlarının festivalları keçirilir. Bu gün muxtar respublikamızda 5 xalq teatrı fəaliyyət göstərir ki, onlardan 2-si son illərdə yaradılıb. Bununla bərabər, xalq teatrları olmayan rayonlarda ilkin olaraq dram dərnəklərinin yaradılması üçün də tədbirlər görülür. 2017-ci ilin sonlarında Culfa rayonunda yaradılan dram dərnəyi də məhz belə kollektivlərdəndir. Qeyd edək ki, bu dram dərnəyinin yaradılmasının əsas təşəbbüskarı rayonun mədəniyyət müəssisələrində çalışan gənclərdir.

Aprelin 17-də Culfa Rayon Mədəniyyət Evində dram dərnəyi ilk tamaşasını – böyük bəstəkarımız Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasını rayon sakinlərinə təqdim edib. Nəzərə alsaq ki, “Arşın mal alan” operettası böyük bəstəkarın yalnız Azərbaycanda deyil, bütün dünyada ən çox yayılmış və tanınmış əsəridir, o zaman kollektivin bu tamaşanı təqdim etməsi cəsarətili addım kimi maraq doğurur.

Əsərin mövzusu və süjeti ilə tanış olmayan azərbaycanlı tapmaq çətindir. Böyük sənətkarımız Üzeyir Hacıbəyov diqqət cəlb edən, çoxşaxəli, lakin maraqlı kompozisiya, forma içərisində intizara səbəb olan komik səhnələr yaratmışdır. Əsgərin (aktyor Sahib Əliyev) başladığı iş şaxələnərək finalda canlı, gözəl və real bir həyat səhnəsi kimi bir neçə adamın evlənməsi ilə tamamlanır. Hələ ilk səhnədə Əsgərin, Süleymanın (aktyor Nazir Qulusoy), Vəlinin (aktyor Xəzər Sadıqlı) ailə qurmaq arzuları ilə tanış oluruq. Süleymanın qurduğu kələk hamının ürəyincə olur və hər kəs görüb sevdiyi, seçdiyi ilə vüsala yetir.

Hər bir azərbaycanlının dəfələrlə sevə-sevə tamaşa etdiyi “Arşın malalan” tamaşasınınfinal səhnəsində Əsgər Gülçöhrə ilə (aktyor Surə Məmmədova), Süleyman Asya ilə (aktyor Zeynəb Məmmədova), Sultan bəy (aktyor Aqil Adilzadə) Cahan xala ilə (aktyor Rəsmiyyə Məmmədova), Vəli (aktyor Xəzər Sadıqlı), Telli ilə (aktyor Ayşən Muradova) ilə evlənir. İlk səhnələrdə həlledilməz bir problem kimi gəncləri düşünsürən bir iş, nəhayət, xoş, nikbin bir sonluqla bitir.

Tamaşanın diqqəti cəlb edən cəhəti bütün rolları gənclərin təbii və canlı şəkildə təqdim etməsidir. Əsərdəki bütün musiqilərin canlı ifası da gənclərin uğurlu tamaşa yaratmaq səyindən xəbər verir. Tamaşadakı obrazları, əsasən, rayonun Əbrəqunus, Kırna, Bənəniyar və Gülüstan kəndlərindəki mədəniyyət müəssisələrində çalışan mədəniyyət işçiləri canlandırırlar. Qeyd edək ki, dahi sənətkarımızın bu əsəri nə qədər sadə, xalqa yaxın olsa da, “Arşın mal alan” əsərini səhnələşdirməko qədər də asan deyil. Komik hadisələr, gözəl müsiqi, maraqlı dialoqlar, hadisələrin yüksələn xətlə inkişafı, sürətlərin kaloriti və başqa sənətkarlıq xüsusiyyətləri ifaçılardan həmişə istedad və sənətkarlıq tələb edir. Buna baxmayaraq, dram dərnəyinin gənc ifaçılarıəsərin səhnələşdirilməsinə nail ola biliblər. Bu mənda tamaşanı gənc kollektivin uğuru hesab etmək olar.

Tamaşadakı yumor və gülüş doğuran dialoqlar, canlı musiqini ifaçılar təbii canlandırırlar. Gənclərin klassik əsərdəki ilk ifaları yaddaqalan olmaqla diqqəti cəlb edir. Hiss olunur ki, ifaçılar böyük bəstəkarın musiqisini duyub şən yumorla vəhdət yarada bilirlər. Bu ifaçıların bir neçəsinin musiqi məktəbinin müəllimi olmasından irəli gəlir.

“Arşın mal alan” tamaşasının rejissoru Sahib Əliyev,rəssamıCulfa Şəhər Klubunun müdiri Aidə İbrahimovadır. Tamaşadakı musiqilərin ifaçıları isə Tahir Səmədov və Yaşar Hümbətovdur.

Tamaşadan sonra Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Natəvan Qədimova və Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev dram dərnəyinin kollektivi ilə görüşüb, onları ilk tamaşa münasibəti ilə təbrik edib, kollektivə  yaradıcılıq uğurları arzulayıblar.

 

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here