Ev Rəsmi Xronika Ali Məclis Sədrinin Məruzəsi

Ali Məclis Sədrinin Məruzəsi

115
0
PAYLAŞ
????????????????????????????????????

Dekabrın 30-da beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilib.

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun

                                                          M Ə R U Z Ə S İ

Hörmətli deputatlar və sessiya iştirakçıları!

Əvvəlki dövrlərdə olduğu kimi, başa çatmaqda olan 2017-ci ildə də muxtar respublikanın sosial-iqtisadi həyatında inkişaf təmin olunmuş, sosial infrastruktur və əhalinin həyat səviyyəsi daha da yaxşılaşdırılmışdır. Tərəqqi və inkişafın davamlı xarakter alması ümummilli lider Heydər Əliyevin siyasi xəttinə sadiqliyin və ölkə Prezidentinin blokada şəraitində yaşayan muxtar respublikaya göstərdiyi diqqət və qayğının nəticəsidir.

2017-ci ilin nəticələri bundan əvvəlki dövrlərin göstəriciləri ilə müqayisədə xeyli artmışdır. Daxili imkanlardan səmərəli istifadə hesabına yeni istehsal müəssisələrinin işə salınması iqtisadiyyatın çoxsahəli inkişafına, məşğulluq səviyyəsinin yüksəldilməsinə, yeni sosial layihələrin həyata keçirilməsinə imkan yaratmışdır. Qeyd olunanlar inkişafın əsas göstəricisi olan ümumi daxili məhsulda öz əksini tapmışdır. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin ötən dövrü ərzində ümumi daxili məhsulun həcmi 1,6 faiz artaraq 2 milyard  357 milyon manatdan çox olmuşdur. Onun bir nəfərə düşən həcmi 5 min 228 manat təşkil etmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 3,7 faiz çoxdur. Ümumi daxili məhsul istehsalının 57 faizdən çoxu real sektorun payına düşmüşdür ki, bu da davamlı və tarazlı inkişafın əsas göstəricisidir.

Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, əlverişli biznes mühitinin yaradılması sahəsində həyata keçirilən tədbirlər də muxtar respublikanın istehsal potensialının güclənməsinə səbəb olmuşdur. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarının icrası da infrastrukturun yenilənməsinə, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsinə, meliorativ tədbirlərin əhatə dairəsinin genişlənməsinə müsbət təsir göstərmişdir. Nəticədə biznes mühiti üçün imkanlar yaxşılaşmış, sahibkarlıq subyektlərinin sayı artmışdır.

Aydın məsələdir ki, düzgün kreditləşmə siyasəti olmadan sahibkarlıqda dayanıqlı fəaliyyəti təmin etmək mümkün deyil. Hazırda muxtar respublikada kreditlər üzrə tətbiq edilən faiz dərəcələrinin ən aşağı səviyyədə olması muxtar respublikanın kredit bazarında canlanma yaratmışdır. Cari ilin ötən dövründə sahibkarlara 8 milyon 664 min manatdan çox kreditlər verilmişdir. Göstərilən maliyyə dəstəyi sayəsində hesabat dövründə 60 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlamış, daha 36 hüquqi və 2015 fiziki şəxs dövlət qeydiyyatına alınmışdır. Sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şəraitin nəticəsidir ki, bu gün muxtar respublikada 368 növdə məhsul istehsal olunur, 344 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir.

Həyata keçirilən tədbirlər, yeni emal müəssisələrinin fəaliyyətə başlaması sənaye sahəsində inkişafa əhəmiyyətli təsir göstərmişdir. Əvvəllər aqrar münasibətlərin üstünlük təşkil etdiyi muxtar respublikada artıq bir neçə ildir ki, ümumi daxili məhsulda istehsal həcminə görə sənaye ilk yeri tutur. Cari ildə də bu tendensiya qorunmuş, istehsal edilən sənaye məhsulunun həcmi kənd təsərrüfatı məhsulunun həcmini 2,3 dəfə üstələyərək 880 milyon  manata yaxın olmuşdur.

Bununla yanaşı muxtar respublikada kənd təsərrüfatı əsas məşğulluq sahəsi kimi öz aktuallığını qoruyub saxlamışdır. Kənd təsərrüfatının inkişafı bir tərəfdən ərzaq təhlükəsizliyinin təmin edilməsini, emal müəssisələrinin fəaliyyətini şərtləndirirsə, digər tərəfdən kənd əhalisinin məşğulluğunun yüksəldilməsi, gəlirlərinin artması, rifah halının yaxşılaşması üçün yeni imkanlar yaradır. Ona görə də əvvəlki illərdə olduğu kimi, cari ildə də aqrar sahədə çalışanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Kənddə şəhər rahatlığının yaradılması, məhsul istehsalçılarına maliyyə dəstəyinin gücləndirilməsi, texnika və gübrə ilə təminatın yaxşılaşdırılması, suvarma sistemlərinin yenilənməsi, hazır məhsulun satışı və saxlanılması üçün əlverişli şəraitin yaradılması kənd təsərrüfatı məhsullarının istehsal həcmini artırmışdır. 2017-ci ilin məhsulu üçün 61 min 531 hektar sahədə kənd təsərrüfatı məhsulları əkilmişdir. Strateji əhəmiyyəti nəzərə alınaraq əkilmiş sahələrin 51 faizində, yaxud 31 min 632 hektarında taxıl səpini aparılmış, zəmilərdən 93 min 419 ton məhsul götürülmüşdür.

Taxılla yanaşı, qarğıdalı əkininə də diqqət artırılmış, məhsulun vaxtında toplanması üçün yeni texnikalar alınmışdır. 2017-ci ildə 1667 hektar qarğıdalı sahəsindən 12 min 573 ton məhsul tədarük olunmuş, məhsuldarlıq hər hektardan 75 sentner təşkil etmişdir. 2016-cı illə müqayisədə məhsul istehsalı 20 faiz, məhsuldarlıq isə 27 faiz artmışdır.

Tələbata uyğun olaraq kartofçuluğun da inkişafında müsbət dinamika saxlanılmış, 3 min 183 hektar əkin sahəsindən 48 min 982 ton kartof yığılmışdır.

Tütünçülüyün inkişafı məqsədilə Kəngərli rayonu ərazisində tütünyetişdirmə təsərrüfatı yaradılmış, uzun müddətli fasilədən sonra ilk dəfə olaraq 9 hektar sahədə tütün əkini aparılaraq 11 tondan çox quru tütün istehsal olunmuşdur.

Meyvəçilik və tərəvəzçilik ənənəvi təsərrüfatçılıq sahələrindəndir. Təmiz havası və saf suyu muxtar respublikada yetişdirilən meyvə-tərəvəzin keyfiyyətinə öz təsirini göstərir. Meyvə və tərəvəzçiliyin inkişafını nəzərdə tutan 1-ci və 2-ci dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin icrası bu sahəyə olan marağı daha da artırmış, unudulmuş bəzi yerli sortların bərpasına, yeni sortların əldə edilməsinə səbəb olmuş, məhsuldarlıq yüksəlmiş, ixracat üçün yeni imkanlar yaranmışdır. 2017-ci ildə 6 min 170 hektar sahədə tərəvəz, 2 min 772 hektar sahədə bostan əkinləri həyata keçirilmiş, yeni meyvə bağlarının salınması davam etdirilmişdir. Üzümçülüyün inkişafını təmin etmək məqsədilə yeni üzüm bağlarının salınmasına və üzüm tinglərinin becərilməsinə başlanılmışdır.

Ərzaq təhlükəsizliyinin təmin olunmasının vacib şərtlərindən biri də kənd təsərrüfatı məhsullarının istehsalı zamanı insanlar üçün daha faydalı və keyfiyyətli toxum növlərindən istifadəyə üstünlük verilməsidir. 2017-ci ildə qəbul olunmuş “Toxumçuluq haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu yüksək məhsuldarlığa malik, ziyanvericilərə və iqlim şəraitinə dözümlü bitki sortlarının yetişdirilməsi sahəsində imkanları artırmışdır. Məhsuldar və keyfiyyətli toxum növlərinin istehsalını stimullaşdırmaq məqsədilə Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün kompleks inşa edilmiş, müəssisə yeni kənd təsərrüfatı texnikaları və toxumçuluq laboratoriyası ilə təmin olunmuşdur.

Muxtar respublikada əkinəyararlı torpaqların məhdud həcmdə olması səbəbindən kənd təsərrüfatının inkişafında intensiv amillərin roluna diqqət artırılmış, əl əməyini yüngülləşdirən, az vaxt ərzində daha çox iş görməyə imkan verən texnika və avadanlıqların gətirilməsi 2017-ci ildə də davam etdirilmişdir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə daha 273 ədəd müxtəlif adda texnika gətirilmiş, məhsul istehsalçılarına 5 min 338 tondan çox gübrə verilmişdir.

Şoranlaşma və eroziyaya qarşı mübarizə tədbirləri gücləndirilmiş, mütərəqqi metodların tətbiqi məqsədilə yeni suvarma xətləri çəkilmişdir. Belə tədbirlərin davamı olaraq Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 407 hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil olmasına imkan yaradan qapalı suvarma  şəbəkəsi tikilərək istismara verilmişdir.

Ərzaq təminatında xüsusi çəkiyə malik olan heyvandarlığın inkişafı da diqqətdən kənar qalmamışdır. Cari ilin ötən dövründə bu sahəyə dəstək məqsədilə fermerlərə 1 milyon 488 min manat həcmində kredit verilmiş, 11 yeni heyvandarlıq təsərrüfatı yaradılmışdır. Məhsuldarlığı yüksəltmək, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq üçün süni mayalanma tədbirlərinin əhatə dairəsi genişləndirilmiş, Dövlət Baytarlıq Xidmətinə 3 ədəd yeni süni mayalandırma avadanlığı və xidməti minik avtomobili verilmişdir.

Əhalinin müxtəlif növ quş əti və yumurta məhsullarına olan tələbatının ödənilməsi məqsədilə 7 yeni quşçuluq təsərrüfatı yaradılmışdır.

Kənd təsərrüfatının inkişafında arıçılıq da mühüm əhəmiyyətə malikdir. 2016-cı il noyabrın 18-də qəbul olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” iqtisadi cəhətdən gəlirli, qida və müalicəvi baxımdan faydalı olan arıçılığın inkişafı üçün geniş imkanlar açıb. Arıçılara 37 min manat həcmində kreditlər verilmiş, 3 arıçılıq təsərrüfatı və mum vərəqi istehsalı sahəsi yaradılmışdır. 2016-cı ildən etibarən muxtar respublikada “Arıçılıq məhsulları-bal” festivalının keçirilməsi bu sahəyə marağın artmasına və istehsal olunan məhsulların satışına müsbət təsir göstərmişdir.

Həyata keçirilmiş tədbirlər kənd təsərrüfatı məhsullarının istehsal həcmini artırmış, daxili bazarda məhsul bolluğu yaradılmışdır. Aqrar sektorun inkişafında ailə təsərrüfatlarının mühüm rolu nəzərə alınaraq 2017-ci ilin noyabr ayında ilk dəfə olaraq muxtar respublikada “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilmişdir. Festival çərçivəsində qablaşdırılmış müxtəlif növ məhsulların satışının təşkili məhsul istehsalçılarının fəaliyyətinə mühüm stimul yaratmışdır.

Bütövlükdə hesabat dövründə muxtar respublikada 388 milyon 627 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur.

Münbit torpaq sahələrinin azlığı, kəskin iqlim şəraiti muxtar respublikada yeni yaşıllıq zolaqlarının salınmasının və qorunmasının əhəmiyyətini artırır. Cari ildə keçirilən yaşıllaşdırma aylıqları çərçivəsində 550 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 455 mindən çox ağac və gül kolu əkilmişdir.

Əsas kapitala investisiya qoyuluşlarının həcmi tikinti-quruculuq işlərinin genişlənməsinə, kəndlə şəhər arasındakı fərqin aradan qalxmasına, rayonların tarazlı inkişafına mühüm təsir göstərir. Cari ilin ötən dövründə bütün maliyyə mənbələri hesabına kapital qoyuluşlarının həcmi artaraq 916 milyon 390 min manat təşkil etmişdir. İnvestisiya qoyuluşlarının 92 faizi bilavasitə tikinti-quraşdırma işlərinə sərf olunmuşdur.

Şəhər və rayon mərkəzlərində, kəndlərdə istifadəyə verilən sosial obyektlər, tikilən inzibati binalar, yaradılan istehsal sahələri insanların məskunlaşmasını və rahatlığını təmin etmişdir. Babək Rayon İcra Hakimiyyətinin inzibati binasında yenidənqurma işləri başa çatdırılmış, 9 kənd və 10 xidmət mərkəzi istifadəyə verilmişdir.

Həyata keçirilən sosial siyasətin mərkəzində insan amili dayanır. Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri çərçivəsində 2017-ci ildə Naxçıvan şəhərində iki yaşayış binası tikilərək istifadəyə verilmişdir. Sədərək, Babək və Kəngərli rayonlarının hər birində bir yaşayış binasının tikintisi davam etdirilir. Muxtar respublikanın Culfa və Şahbuz rayonlarının mərkəzi və ətraf kəndlərində, Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərində içməli su və kanalizasiya sistemləri istismara verilmişdir. Şərur şəhəri və ona bitişik kəndlərdə içməli su və kanalizasiya şəbəkəsinin birinci mərhələsinin tikintisi başa çatdırılmışdır.

İqtisadi və sosial sahədə inkişafı şərtləndirən amillərdən biri kimi müasir yol-nəqliyyat sisteminin qurulması diqqət mərkəzində saxlanılır. Muxtar respublikanın blokada şəraitində olmasına baxmayaraq mövcud olan bütün nəqliyyat sahələrində infrastrukturun yenilənməsi tədbirləri davam etdirilir. Quruculuq işləri aparılan hər bir yaşayış məntəqəsində abad və rahat yolların salınması təmin edilir. 2017-ci ildə muxtar  respublika üzrə 70 kilometr uzunluğunda yeni asfalt yol salınmış, 12 körpü tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Naxçıvan     şəhərində yerüstü piyada keçidi istifadəyə verilmiş, Naxçıvan Beynəlxalq Hava Limanında karqo teminalının yenidənqurulması başa çatdırılmışdır.

İnformasiya və rabitə sahəsində yeni texnologiyaların tətbiqi göstərilən xidmətlərin həcmini artırmaqla yanaşı, keyfiyyətini də  yaxşılaşdırmış, ucqar dağ kəndlərinin də fiber-optik bağlantılarla təmin edilməsinə və genişzolaqlı internetin əhatə dairəsinin artırılmasına səbəb olmuşdur. Bu istiqamətdə tədbirlərin davamı olaraq Ordubad rayonunda telekommunikasiya şəbəkəsinin yeni nəsil telefon stansiyaları ilə əvəz edilməsinə başlanmışdır.

Bu gün istehlakçıların elektrik enerjisi ilə fasiləsiz təmin olunmasında heç bir problem yoxdur. Lakin enerji təchizatında alternativ və bərpa olunan enerji mənbələrinin rolunun artırılması da diqqət mərkəzində saxlanılır. 2017-ci ildə Günəş Elektrik Stansiyasının gücü 2 meqavat artırılaraq 22 meqavata çatdırılmış, Şahbuz Rayon Elektrik Şəbəkəsi üçün yeni inzibati bina və yarımstansiya istifadəyə verilmişdir. Hazırda Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi muxtar respublikanın enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə hesablanıb.

Sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi hesabına məşğulluq səviyyəsi artmış, yeni iş yerləri açılmışdır. Cari ilin ötən dövrü ərzində muxtar respublika üzrə 1919 yeni iş yeri yaradılmışdır ki, bunun da 98 faizi daimi iş yerləridir. Səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsində, işaxtaranların sosial müdafiəsinin gücləndirilməsində 2016-cı il yanvarın 11-də qəbul olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası da mühüm rol oynamışdır.

Ümumi iqtisadi inkişafda diqqəti cəlb edən mühüm amillərdən biri də xarici ticarət əlaqələrinin genişləndirilməsi, ixrac potensialının gücləndirilməsidir. Sahibkarlığa göstərilən sistemli dövlət dəstəyi, ixracın stimullaşdırılması ilə bağlı qəbul edilmiş qərarlar muxtar respublikada istehsal olunan məhsulların ixrac imkanlarının artmasına və xarici bazarlarda tanınmasına şərait yaratmışdır. 2017-ci ilin ötən dövründə muxtar respublikanın xarici ticarət dövriyyəsi 415 milyon 628 min ABŞ dolları təşkil etmişdir. Ticarət əməliyyatlarının 92 faizi, yaxud 382 milyon 549 min ABŞ dolları ixracın payına düşmüşdür ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən çoxdur.

2017-ci ilin oktyabrında Türkiyə Respublikası hökumətinin qəbul etdiyi qərara əsasən Türkiyəyə ixracatda Naxçıvan Muxtar Respublikasında istehsal edilən sənaye və kənd təsərrüfatı məhsullarına sərbəst ticarət imkanının verilməsi iki ölkə arasında iqtisadi əməkdaşlığı genişləndirməklə yanaşı, ticarət dövriyyəsini də artıracaq və yerli istehsalın inkişafına dəstək olacaqdır.

2017-ci ildə muxtar respublikanın maliyyə sektorunda da tədbirlər diqqətdə saxlanmış, dövriyyədə olan nağd pul kütləsinin azaldılması, nağdsız əməliyyatların həcminin artırılması, elektron ödəniş sistemlərinin geniş tətbiqi üçün tədbirlər görülmüşdür. 2017-ci ilin dekabr ayının əvvəlinə fiziki və hüquqi şəxslər üçün 63 min 568 bank hesabı açılmışdır ki, bunun da 54 min 890-ı, yaxud 86 faizi işlək hesablardır. Ticarət və xidmət müəssisələrində olan 1260 POS-terminal vasitəsilə nağdsız ödənişlərin aparılması təmin edilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində məxaricdə emissiyanın xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə azalaraq 34,8 faizə düşmüşdür.

Hazırda iqtisadi inkişafdan əldə edilən gəlirlərin ilk növbədə insan kapitalının formalaşdırılmasına yönəldilməsi diqqətdə saxlanılan əsas məsələdir. Muxtar respublikada təhsilin bütün mərhələləri üzrə infrastrukturun yenilənməsinə, müasir informasiya texnologiyaları və tədris vasitələri ilə təchiz olunmuş məktəb binalarının istifadəyə verilməsinə xüsusi diqqət yetirilir. Bu tədbirlərin davamı olaraq cari ildə Naxçıvan şəhərində 640 şagird yerlik 3 nömrəli, 376 şagird yelik 13 nömrəli, Şərur şəhərində 1020 şagird yerlik 2 nömrəli, Şərur rayonunun Çəmənli kəndində 380, Ələkli və Qarahəsənli kəndlərinin hər birində 234, Babək rayonunun Payız kəndində 240, Gərməçataq kəndində 66, Ordubad rayonunun Üstüpü kəndində 340, Şahbuz rayonunun Kolanı kəndində 360 şagird yerlik tam orta məktəb binaları istifadəyə verilmiş, 480 şagird yerlik Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin tikintisi başa çatdırılmışdır. Bu il məktəbəqədər tədris müəssisələrinin sırasına daha biri – Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki 224 yerlik yeni  uşaq bağçası da əlavə olunmuşdur. Şərur rayonunun Ələkli kəndində uşaq musiqi məktəbi istifadəyə verilmişdir.

Naxçıvanda ali təhsilli kadrların hazırlanmasında xüsusi çəkiyə malik olan Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi qeyd olunmuş, universitetin İqtisad fakültəsi üçün yeni korpus istifadəyə verilmişdir. Naxçıvan Müəllimlər İnstitutu üçün yeni tədris kompleksi yaradılmışdır.

Gənc nəslin təhsil alması üçün yaradılan şərait nəticəsiz qalmamış, 2017-ci ilin qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 1735-i ali, 629-u orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. Qəbul imtahanlarının nəticələrinə əsasən 289 nəfər 500-dən yuxarı bal toplamışdır. Yüksək nəticə əldə edərək tələbə adını qazananlardan 3-ü Prezident təqaüdünə layiq görülmüşdür.

Tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı bu gün dövlətin üzərinə götürdüyü öhdəliklər sırasında mühüm yer tutur. Bu prinsip əsas götürülərək ən son yenilikləri özündə əks etdirən avadanlıqlarla təchiz olunmuş tibb ocaqlarının istifadəyə verilməsi muxtar respublikanın səhiyyə sistemində reallaşdırılan mühüm islahatlardandır. Cari ilin ötən dövründə Şərur Rayon Mərkəzi Xəstəxanasında əsaslı təmir işləri aparılaraq yeni avadanlıqlar quraşdırılmış, Ordubad rayonunun Üstüpü kəndində həkim ambulatoriyası, Naxçıvan şəhərinin Tumbul, Qaraxanbəyli, Şərur rayonunun Çəmənli, Arpaçay, Qarahəsənli, Ələkli, Babək rayonunun Payız, Gərməçataq kəndlərində feldşer-mama məntəqələri tikilərək və yenidən qurularaq istifadəyə verilmişdir. Hazırda Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasının yenidən qurulması, Şərur rayonunun Ərəbyengicə kəndində həkim ambulatoriyasının tikintisi davam etdirilir.

Səhiyyə xidmətlərinin səviyyəsini müasir tələblərə çatdırmaq, keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə cari ildən etibarən Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanmışdır. Gələcəkdə icbari tibbi sığortanın digər rayonlarda da tətbiqi səhiyyəni yeni inkişaf mərhələsinə çıxaracaqdır.

Aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılması istiqamətində ilk addımlar atılıb. Muxtar respublikanın müxtəlif rayonları üzrə uzun müddət ünvanlı dövlət sosial yardımı alan 54 ailə müəyyən edilmiş, səmərəli məşğulluğu təmin etmək, rifah halını yaxşılaşdırmaq məqsədilə onlara dövlət tərəfindən iri və xırda buynuzlu mal-qara verilmişdir.

Milli dəyərlərimizin yaşadılması, tarixi-dini obyektlərin bərpası, qorunması və gələcək nəsillərə çatdırılması sahəsində də tədbirlər görülür. 2017-ci ilin ötən dövründə Naxçıvan şəhərində yeni istirahət parkı, 2 nömrəli təqaüdçülər klubu, Babək rayonunun Nehrəm kəndində Heydər Parkı, Sədərək rayonunda Mədəniyyət Evi istifadəyə verilmişdir. Naxçıvan şəhərində yeni məscidin, Şahbuz rayonunda Mədəniyyət Evinin tikintisi, Naxçıvan şəhərində İmamzadə Kompleksinin, Şərur rayonunun Yengicə kəndində Şərq hamamının, Babək rayonunun Nehrəm kəndində İmamzadə tarixi abidəsinin, Kəngərli rayonunda Qarabağlar Türbə Kompleksinin bərpası davam etdirilir. Cari ilin iyul ayında “Naxçıvan türk-islam mədəniyyəti abidələri: tariximizdə və günümüzdə” mövzusunda keçirilən beynəlxalq konfrans tariximizin və abidələrimizin daha geniş miqyasda öyrənilməsi və təbliği baxımından mühüm  əhəmiyyətə malik olmuşdur.

Muzeylər keçmişi yaşadan, mədəni irsi qoruyan, tədqiq və təbliğ edən mədəniyyət ocaqlarıdır. Bu baxımdan qədim tarixə malik diyarımızda muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması istiqamətində işlər ardıcıl xarakter alır. Bu mədəniyyət ocaqları üçün yeni binalar inşa edilir, onların eksponatlarla zənginləşdirilməsi istiqamətində tədbirlər görülür. Bununla yanaşı yeni muzeylərin yaradılması da diqqət mərkəzindədir. 2017-ci ildə Naxçıvan duzunun tarixdə oynadığı mühüm rol nəzərə alınaraq aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, elmi araşdırmalar zamanı əldə olunmuş mədəniyyət nümunələrinin qorunub saxlanılmasını təmin etmək məqsədilə “Naxçıvan Duz Muzeyi” yaradılmış, Şahtaxtinskilər Muzeyi yenidən qurulmuş, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikintisinə başlanmışdır.

Turizmin kompleks şəkildə inkişafını nəzərdə tutan tədbirlərin həyata keçirilməsi buraya gələn turistlərin sayını ildən-ilə artırmış, 2017-ci ildə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən 380 mindən çox turist gəlmişdir.

Müasir dövrdə mənəvi dəyərlərin bərpası getdikcə daha çox aktuallıq qazanır. Belə bir şəraitdə cəmiyyətin əsas hərəkətverici qüvvəsi kimi gənc nəslin sağlam, bilikli və vətənpərvər ruhda böyüməsi daim diqqət mərkəzində saxlanılır, onların cəmiyyətin bütün sahələrində fəal iştirakı təmin olunur.

İdman və bədən tərbiyəsi gənclərin fiziki inkişafında və asudə vaxtının səmərəli təşkilində mühüm rol oynayır. Muxtar respublikada yaradılmış idman infrastrukturu onun kütləviliyini təmin etməklə bərabər, burada bir çox yerli və beynəlxalq səviyyəli yarışların keçirilməsinə də imkan verir. Cari ildə də idmanın müxtəlif növləri üzrə turnirlərin təşkili gənc və yeniyetmələrin idmana cəlbini, bədii gimnastika idman klubunun filiallarının yaradılması isə muxtar respublikada idmanla məşğul olan qızların sayını artırmışdır.

2017-ci ildə kütləvi informasiya vasitələrinin inkişafı da diqqətdə saxlanmış, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə yeni çəkiliş avtomobili verilmiş, rayonlarda dövlət televiziyasının xüsusi müxbir postları yaradılmış, teleradionun efir vaxtı bir saat artırılmış, dövlət radiosunun internet üzərindən yayımı təmin olunmuş, dövlət televiziyasında xəbərlərin ingilis dilində buraxılışına başlanılmışdır.

İqtisadi və sosial sahədə qazanılmış nailiyyətlər ordu quruculuğunda da uğurların qazanılmasına şərait yaradıb. Bu gün muxtar respublika ərazisində yerləşən hərbi hissələrin maddi-texniki təminatı davamlı olaraq möhkəmləndirilir, ordumuz ən müasir silahlarla təchiz olunur, şəxsi heyətin döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı artırılır. Müstəqillik günündə Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən hərbi parad Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublikada yerləşən birləşmə və hissələrinin qüdrətinin daha bir nümayişi oldu. Əlahiddə Ümumqoşun Ordusunun Yeni Təlim-Tədris Mərkəzinin istifadəyə verilməsi isə şəxsi heyətin hərbi biliklərinin artırılmasına, müasir texnologiyaların imkanlarından faydalanmaqla təlim hazırlıqlarının yüksək səviyyədə təşkilinə şərait yaradıb.

İl ərzində torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə, həmçinin xidməti vəzifəsini icra edərkən sağlamlıqlarını itirmiş hərbiçilərin sosial müdafiəsi də diqqətdə saxlanılmış, 4 nəfərə minik avtomobili verilmişdir.

Ordumuzun günü-gündən artan qüdrəti gənclərdə hərb sənətinə marağı artırmışdır. 2017-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə 176 şagird qəbul olunmuş, lisey məzunlarından 211-i müxtəlif ali hərbi məktəblərin, ümumtəhsil məktəblərinin məzunlarından isə 28-i xüsusi təyinatlı ali məktəblərin tələbəsi adını qazanmışdır.

Hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının və bu sahədə çalışanların sosial müdafiəsinin gücləndirilməsi də həyata keçirilən mühüm tədbirlərdən olub. Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi Təyinatlılar Şöbəsinin inzibati binasının və təlim mərkəzinin, Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün  yaşayış binasının tikintisi başa çatdırılmış, Daxili İşlər Nazirliyinin inzibati binasında yenidənqurma işləri aparılmışdır.

Sosial-iqtisadi sahədə əldə edilmiş uğurlar, sabitlik və təhlükəsizliyin təmin edilməsi muxtar respublikada cinayətkarlığın aşağı səviyyəsinin qorunub saxlanılmasına, məskunlaşmaya və əhali rifahının yaxşılaşmasına öz təsirini göstərmiş, 2017-ci ildə muxtar respublika əhalisinin sayı artaraq 452 min nəfərdən çox olmuşdur.

Hər il olduğu kimi 2017-ci ildə də qazanılan nailiyyətlərdə xidməti olanların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Ölkə Prezidentinin sərəncamları ilə 105 nəfər müxtəlif orden, medal və fəxri adlarla təltif olunmuş, 10 nəfər Prezident mükafatına layiq görülmüş, 1 nəfərə ali xüsusi rütbə verilmişdir. 30 nəfər Naxçıvan Muxtar Respublikasının fəxri adları, 21 nəfər “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”, 36 nəfər isə “Rəşadətli əməyə görə” nişanları ilə təltif edilmişdir.

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının xarici ölkələrlə əlaqələri də genişlənmişdir. 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Gürcüstanın Acarıstan Muxtar Respublikasında və İran İslam Respublikasında rəsmi səfərlərdə olmuşdur.

2017-ci il dekabrın 20-də Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım Naxçıvan Muxtar Respublikasına səfər etmişdir.

2017-ci ildə Acarıstan Muxtar Respublikası hökuməti sədrinin və İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayəti valisinin rəhbərlik etdikləri nümayəndə heyətlərinin muxtar respublikaya səfərləri həyata keçirilmişdir.

Ümumilikdə 2017-ci il ərzində muxtar respublikaya Türkiyədən 14, İrandan 8, Amerika Birləşmiş Ştatlarından 1, Gürcüstandan 3, Birləşmiş Ərəb Əmirliklərindən 1, Çindən 2, Avstriyadan 1, Fransadan 1, Niderlanddan 1, İtaliyadan 1, Almaniyadan 1 səfər həyata keçirilmiş, Azərbaycanda akkreditə olunmuş Hindistan, Almaniya, Macarıstan, İsrail, Niderland, Qazaxıstan, Belçika, Koreya, Norveç, Fransa, Rumıniya, İsveçrə, Kuba, Yunanıstan  səfirliklərinin nümayəndə heyətlərinin, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatının, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Avropa Şurasının və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliklərinin muxtar respublikaya səfərləri olmuşdur.

Bundan başqa muxtar respublikadan nümayəndə heyətləri 6 dəfə Türkiyə Respublikasında, 11 dəfə İran İslam Respublikasında, 2 dəfə Gürcüstanda, 1 dəfə Almaniyada, 2 dəfə Rusiya Federasiyasında, 3 dəfə isə Çin Xalq Respublikasında səfərdə olmuşlar.

Xarici ölkələrlə birlikdə muxtar respublikada müvafiq tədbirlər də həyata keçirilmiş, Naxçıvanda Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə əməliyyat taktiki təlimləri olmuş, Türkiyə Respublikasında keçirilən Türkiyə-Azərbaycan Biznes Forumunda muxtar respublikadan nümayəndə heyəti iştirak etmişdir. İran İslam Respublikasının Urmiya şəhərində İran və Azərbaycan gömrük xidməti nümayəndələrinin müştərək görüşünün keçirilməsi, Türkiyə və İran İslam Respublikasında təşkil edilən tədbirlərdə muxtar respublikadan nümayəndə heyətlərinin iştirakı qonşu dövlətlərlə əlaqələrin göstəricisidir.

Naxçıvan Muxtar Respublikasının inkişafı, sosial-iqtisadi vəziyyət, işgüzar mühit və yaradılan infrastruktur beynəlxalq reytinq agentliklərinin də diqqətini cəlb etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club”un ölkəmizin iqtisadi regionları üzrə bu yaxınlarda elan etdiyi illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək bal toplayaraq birinci yerə çıxmışdır.

Xarici ölkələrin diplomatik nümayəndəlik və mütəxəssislərinin də rəylərinin əks olunduğu “Caspian European Club”un nəşrləri dünyanın     70 ölkəsinin dövlət və hökumət başçılarına, dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərlərinə təqdim olunur və geniş beynəlxalq oxucu auditoriyasının diqqətinə çatdırılır.

Bu nüfuzlu təşkilatın 18 parametr və 6 qrup üzrə hazırladığı təhlillər Naxçıvan  Muxtar Respublikasında iqtisadi inkişafın artan dinamika ilə getdiyini bir daha təsdiq edir.

2017-ci ildə muxtar respublikamızın inkişafında, sabitliyin, əmin-amanlığın, sərhədlərimizin qorunmasında əməyi olanların hamısına təşəkkür edirəm!

Hörmətli deputatlar və sessiya iştirakçıları!

İlin yekunları ilə bağlı ilkin nəticələr həyata keçirilən siyasətin doğru olduğunu, nəzərdə tutulan tədbirlərin yerinə yetirildiyini bir daha təsdiq edir. Ölkə rəhbəri cənab İlham Əliyevin də dediyi kimi, “Bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndir­məkdir və dayanıqlı inkişafa nail olmaqdır. Məqsəd ondan ibarətdir ki, vətəndaşımız daha da yaxşı yaşasın.”

Yeni ildə qarşıda duran vəzifələrin icrasında hamınıza uğurlar arzulayır, əlamətdar bayramlar – Dünya Azərbaycanlarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edirəm!

Sağ olun!

naxcivantv/az