Ev Regionlar “Bayraq qürur mənbəyimizdir” adlı şeir müsabiqəsi keçirilib

“Bayraq qürur mənbəyimizdir” adlı şeir müsabiqəsi keçirilib

33
0
PAYLAŞ

Naxcivanxeberleri.com xəbər verir ki, 8 noyabr 2018-ci il tarixdə Babək Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin təşkilatçılığı ilə Babək qəsəbə 2 nömrəli tam orta məktəbində “9 Noyabr-Dövlət Bayrağı Günü” münasibətilə Babək rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Bayraq qürur mənbəyimizdir” adlı şeir müsabiqəsi keçirilmişdir. Müsabiqə başlamadan əvvəl rayon Təhsil Şöbəsinin əməkdaşı Əbdüləli Mirzəyev çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il noyabrın 17-də hər il 9 noyabr tarixinin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilməsi barədə Sərəncam imzalamışdır. Ölkəmizdə dövlət rəmzlərinə hörmət və ehtiramın göstəricisi olaraq hər il noyabrın 9-u möhtəşəm bayram kimi qeyd edilir. Azərbaycanın üçrəngli dövlət bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Bu gün müstəqil Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası bu müstəqillikdən güc alaraq günbəgün inkişaf edir, çiçəklənir, iqtisadi və hərbi qüdrətini artırır. Babək Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Aytəkin Süleymanova isə çıxışında qeyd etmişdir ki, Azərbaycan xalqı XX əsrdə iki dəfə – 1918-ci il mayın 28-də və 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi əldə etmişdir. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşması baxımından mühüm rol oynamış və müstəqil dövlətə xas olan atributlar təsis edilmişdir. Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında qərara əsasən üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli Qərarı ilə həmin bayraq üçrəngli – mavi, qırmızı və yaşıl zolaqdan ibarət olan bayraqla əvəz olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci il aprelin 28-də süqut etməsi və sovet hakimiyyətinin qurulması ilə üçrəngli bayrağımız 70 il səmalarda deyil, xalqın ürəyində dalğalandı.Arzularımız 70 il ötəndən sonra həyatda öz təsdiqini tapdı. Üçrəngli bayrağımız əvvəlcə qədim Naxçıvan torpağında qaldırıldı. 1990 – cı il noyabrın 17-də üçrəngli bayrağımız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə muxtar respublikanın dövlət bayrağı kimi təsdiqləndi. Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Dövlət bayrağı da milli suverenliyin simvolu kimi təsdiq olunmuş, Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında çoxsaylı normativ aktlar qəbul edilmişdir. Bu gün Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram yüksək səviyyədədir. Bu da ulu öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət rəmzlərinə olan münasibətindən qaynaqlanır, milli ideallara bağlılıq özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir. Münsiflər heyətinin qərarı ilə I yerə Yarımca kənd tam orta məktəbin VII sinif şagirdi Nəzrin Məmmədli, II yerə Hacıvar kənd tam orta məktəbin VIII sinif şagirdi Zeynəb Quluzadə, III yerə Babək qəsəbə 2 nömrəli kənd tam orta məktəbin IX sinif şagirdi Vəfa Həsənova layiq görülüb. Sonda qaliblərə və fərqlənən iştirakçılara təşkilatçılar tərəfindən diplomlar və fəxri fərmanlar təqdim edilib. Müsabiqədə 18 tam orta məktəbdən 20 nəfər şagird bədii qiraət etmişdir.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here